Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar karantin dövründə, ev şəraitində qalmaqla, əksər uşaqlar passiv həyat tərzi keçirirlər. Bu dövrdə bir tərəfdən hipodinamiya digər tərəfdən alimentar faktorlar uşaqlarda ən az koronavirus qədər ciddi olan, müasir dövrümüzdə epidemiya şəklində yayılmış uşaq piylənməsinə səbəb ola bilər.
Dr. Gülsüm Hüseynova, həkim-pediatr, uşaq piylənməsi üzrə mütəxəssis, diyetoloq
Hipodinamiya – hərəkətsizlikdir. Nəzərə almaq lazımdır ki, uşaqlar gün ərzində azı bir saat orta və yuxarı intensivli fiziki aktivliklə məşğul olmalıdırlar. Ev şəraitində kardioməşqlər, idman avadanlıqları ilə hərəkətlər edə bilərlər. İdman hərəkətlərini gündə azı bir dəfə bir saat və ya iki dəfə yarım saat etmələri məsləhətdir.
Alimentar faktorlara – qidalanmağa gəldikdə Novruz bayramı ilə əlaqədar bütün evlərdə bayram şirniyyatları, çərəzlər vardır. Nəzərə alın ki, şəkər əlavə edilmiş qidalar uşaqların günlük enerji təlabatlarının 5 –10% təşkil etməlidir. Buna görə də əgər uşağınız yüksək kalorili bayram şirniyyatlarını yeyirsə, miqdarına diqqət edirik və günün birinci yarısı rasiona daxil edirik. (Bir paxlava və ya bir şəkərbura). Bu zaman digər sadə şəkərləri (konfet, şokolad, kekslər, şirin içkilər) rasiondan çıxardırıq. Çərəzlər mineral və vitaminlərlə zəngin olsalar da yüksək kalorili olduqları üçün miqdarına diqqət edirik. Virusun belə yayıldığı dövrdə uşaqlarımızın immunitetini artırmaq məqsədilə rasiona bol miqdarda tərəvəz, meyvə, süd məhsulları, paxlalılar daxil edirik.
Unutmayaq ki, ev şəraitində qalmaqla, toplumdan uzaqlaşmaqla xəstə insanlarla kontaktda olmuruq və yoluxmanın qarşısını alırıq. Bu kritik dövrdə stress yaşamadan, təhlükəsizlik tədbirlərini həyata keçirməklə bu pandemiyanın qarşısını ala bilərik.