Ana südü ilə qidalanma

6 ayadək yalnız ana südü ilə qidalanma analar və südəmər körpələr üçün çox böyük üstünlükdür. Əsas üstünlüklərindən biri nəinki inkişaf etməkdə olan ölkələrdə, həm də sənayeləşmiş ölkələrdə də müşahidə edilən mədə-bağırsaq infeksiyalarından qorumaqdır.

Ana südü ilə qidalanmaya erkən başladıqda – doğumdan 1 saat sonra — yenidoğulmuşun infeksiyalardan qorunması təmin olunur və ölüm riski azalır. Az əmizdirilən və ya heç vaxt ana südü ilə qidalanmayan uşaqlarda ishal nəticəsində ölüm riski və digər infeksiyaların olma ehtimalı çox olur.

Ana südü, eyni zamanda, 6-23 aylıq uşaqlar üçün vacib enerji və qida mənbəyidir. O, 6-12 aylıq körpənin enerji ehtiyacının yarısını və ya daha çoxunu, 12-24 aylıq körpənin enerji ehtiyacının isə üçdə birini təmin edə bilir. Ana südü xəstəliklər zamanı da əsas enerji və qida mənbəyi sayılır. O, yetərsiz qidalanan uşaqlar arasında ölüm faizinin azalmasına kömək edir.

Südəmər dövrdə ana südü ilə qidalanan uşaqlar və yeniyetmələrin piylənmədən əziyyət çəkmə və ya artıq çəkiyə sahib olma ehtimalları azdır. Bundan başqa, onlar zəka testlərində daha yüksək nəticə əldə edirlər və məktəbdə davamiyyətləri yaxşı olur. Ana südü ilə qidalanan uşaqlar yetkin yaş dövründə yüksək gəlir səviyyəsinə sahib olurlar. Ana südü ilə qidalanma yolu ilə uşaqların inkişafının yaxşılaşdırılması və səhiyyə xərclərinin azaldılması həm fərdi ailələr üçün, həm də dövlət səviyyəsində iqtisadi üstünlükdür.

Uzun müddət körpəsini əmizdirmək anaya da faydalıdır, onun sağlamlığını möhkəmləndirir: yumurtalıq və süd vəzisi xərçəngi riskini azaldır, hamiləliklər arasında fasilələr verməyə imkan verir. 6 ayadək yalnız ana südü ilə qidalandırma hormonlara da təsir edir. Bu baxımdan, çox zaman menstruasiyanı gecikdirir. Laktasiya amenore üsulu kimi tanınan bu metod hamiləlikdən qorunmanın təbii (həm də etibarsız) yoludur. Körpələri ana südü ilə təmin etməsi üçün analara və ailələrə dəstək olmaq lazımdır.

Əmizdirməni dəstəkləmək, qorumaq və artırmaq yönündə tədbirlərə daxildir:

  • bu yöndə qəbul edilmiş qərarlar: Beynəlxalq Əmək Təşkilatının “Analığın Mühafizəsi haqqında” 183 saylı Konvensiyası və bu Konvensiyaya əlavə edilmiş, daha uzunmüddətli məzuniyyətin və vacib hüqüqların təyin edildiyi 191 saylı Tövsiyə;
  • ana südü əvəzediciləri ilə bağlı Beynəlxalq Marketinq konsepsiyaları və Dünya Səhiyyə Assambleyasının buna müvafiq qərarları;
  • əmizdirmənin uğurlu alınması yönündə 10 prinsipin tətbiqi, əmizdirmək üçün xəstəxanalarda əlverişli şəraitin yaradılması təşəbbüsü, həmçinin:
  • doğumdan dərhal sonra körpə ilə ana arasında dəri təmasını təmin etmək və körpəni həyatının birinci saatından etibarən, ana südü ilə qidalandırmaq;
  • ehtiyac olduğu qədər əmizdirmək (gecə-gündüz, uşağın istədiyi qədər)
  • eyni palatada olmaq (24 saat ərzində ana ilə körpənin bir yerdə olmasına imkan verilməlidir)
  • körpələrə su da daxil olmaqla, heç bir əlavə qida verilməməlidir.
  • səhiyyə dəstək xidmətləri südəmər və erkən yaş dövründə qidalanma ilə bağlı uşağa baxacaq şəxsə tövsiyələr verməli, doğumdan öncə və sonra nəzarət etməli, sağlam və xəstə uşaqları evdə ziyarət etməli və peyvənd etməlidir; və
  • analara dəstək qrupları və ayrı-ayrı cəmiyyətlər tərəfindən sanitariya və sağlamlıq yönündə maarifləndirmənin artırılması ilə bağlı tədbirlər də daxil olmaqla, cəmiyyətin dəstəyi.

Dəstəkləyici tədbirlər ana südü ilə qidalandırma təcrübələrinin yayılmasına əhəmiyyətli dərəcədə kömək edir. Uzunmüddətli, müstəsna olaraq əmizdirmək yaxın bir neçə il ərzində daha geniş vüsət ala bilər.

Əlavə qida

Təxminən altı aylıqda körpənin enerji və qida tələbatı ana südü ilə ödənilə biləcək səviyyəni aşmağa başlayır və əlavə qidalar lazım olur. Bu yaşda uşaq digər qidaları qəbul etməyə və inkişafa hazırdır. 6 ayından sonra əlavə qidaların verilməməsi və ya əlavə qidaların yanlış qəbulu uşağın böyüməyinə mənfi təsir göstərə bilər.

Əlavə qidaların verilməsi ilə bağlı əsas prinsiplər aşağıdakılardır:

  • uşağı 2 yaşadək tez-tez, ehtiyacı olduğu qədər ana südü ilə qidalandırın.
  • körpənizi yedizdirərkən qayğı göstərin (məsələn, südəmər körpəni özünüz yedizdirin, böyük uşaqlara isə yeməyə kömək edin. Uşaqları yavaş-yavaş və təmkinlə yedizdirin, mükafatlandırın, amma məcbur etməyin. Körpə ilə danışın və göz təması qurun);
  • gigiyena qaydalarına əməl edin və qida məhsullarını düzgün şəraitdə saxlayın;
  • 6 aydan etibarən, az miqdarla əlavə qidaya başlayın və uşaq böyüdükcə tədricən artırın;
  • yeməyin konsistensiyasını tədricən artırın və daha da zənginləşdirin;
  • 6-8 aylıq uşaq gündə 2-3 dəfə, 9-23 aylıq uşaq isə istəyindən asılı olaraq, ara qidalanmalarla 3-4 dəfə qidalana bilər.
  • ehtiyac yarandıqda əlavə qida olaraq vitamin və minerallarla zəngin qidalar verin; və
  • ana südü də daxil olmaqla, maye miqdarını artırın, yumşaq, xoşladığı qidalar təklif edin.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *