fbpx

«Piylənməyə qarşı beynəlxalq mübarizə günü” Azərbaycanda qeyd olundu

Nutrisiologiya, Dietologiya və Piylənmənin Profilaktikası Akademiyasında (ANDOP) artıq çəki ilə  mübarizə üzrə Avropa Gününə həsr olunmuş tədbir keçirildi.

Problemin aktuallığına baxmayaraq, proqnozlara görə, 2030-cu ildə hər ikinci avropalı piylənmədən və piylənmənin doğurduğu  xəstəliklərdən əziyyət çəkəcək. Dünyada  yayılma templərinə görə isə söhbət hətta piylənmə epidemiyasından gedir.

Artıq çəkili insanlara cəmiyyətin neqativ münasibəti, təhqiramiz təpkisi vəziyyəti daha da ağırlaşdırır.  Məhz buna görə, ANDOPda keçirilən tədbirin bütün iştirakçıları sinələrinə “Biz ilk növbədə insanıq” şüarlı lentini sancmışdılar.

ANDOP təşkilatının rəhbəri Sevinc Zamanın qeyd etdiyi kimi, tədbirin məqsədi – qlobal problemlə bağlı Azərbaycanda da təcili fəaliyyətə keçməyin əhəmiyyətini vurğulamaq, ələlxüsus artıq çəkisi olanlara sağlam həyat tərzinin vacibliyini aşılamaqdır.

Sevinc Zaman

«Sağlam qidalanma rasionuna keçmək, müntəzəm fiziki fəallıq  — hər kəsin öz seçimidir. İnsanların bu mövzuda maariflənməsi üçün kompleks tədbirlərin həyata keçirilməsinə ehtiyac var. ANDOP-un bütün fəaliyyəti buna istiqamətləndirilmişdir».

ANDOP diyetologiya və piylənmənin idarə olunması üzrə təlimlər keçirir, 2019-cu ilin aprelində isə təşkilat azərbaycanlı və beynəlxalq ekspertlərin iştirakı ilə “Piylənmənin idarəsi üzrə müasir tendensiyalar” mövzusunda Beynəlxalq elmi konfrans təşkil etmişdir.

Dünyada elə bir ölkə yoxdur ki, orada piylənmə ilə mübarizə sabit davam etməsin. ANDOP-un həmsədri doktor Emil Hidayətli təəssüf hissi ilə bildirdi ki, Azərbaycanda bu problemə yetərincə ciddi yanaşılmır.

Emil Hidayətli

«Cəmiyyətin şüurunda piylənmə bir xəstəlik kimi qavranılmır, artıq çəki “var-dövlət əlamətidir” deyə düşünənlər var. Bir çoxları həkimə yalnız xəstəlik ağırlaşanda – endokrinoloji, kardioloji və digər problemlər yarananda müraciət edirlər».

Və əksər hallarda piylənmə əleyhinə kompleks müalicə əvəzinə, yalnız simptomatik müalicə təklif olunur. Bu üzdən, əhali arasında geniş maarifləndirmə işinə böyük ehtiyac duyulur.  Çünki bütün cari proqnozlar dünyada piylənmə xəstəliyinin inkişafından, vəziyyətin daha da pisləşməsindən xəbər verir.  Artıq çəkili insanlara qarşı qərəzli münasibət isə xəstəliyin gizlədilməsinə gətirib çıxardır ki, bu zaman xəstə həkimə müraciət etməyə belə utanır.

ANDOP-un mühazirəçisinin, doktor Əsmər Kərimlinin fikrinə görə, “stiqmatizasiya” adlanan bu alçaldıcı münasibət həm açıq, həm də dolayısı ilə özünü göstərir.

Əsmər Kərimli

«Cəmiyyətin neqativ münasibəti xəstələrin psixoloji durumuna güclü təsir edir, özgüvən hissini zədələyir. Piylənmə ilə əlaqəli basqılar həmyaşıdları tərəfindən istehzalara məruz qalan uşaqlarda ağır psixoloji travma yaradır».

Bu fikri təsdiqləyərək, artıq çəkili insanlara həsr edilən layihənin aparıcısı, məşhur bloqer Xatirə Yüzbəyova öz təcrübəsini paylaşdı.

Xatirə Yuzbəyova

Mən iki uşaq anasıyam, bədən ölçülərim 90–60–90 göstəricilərindən çox uzaqdır. Bloqumu apararkən, məni artıq çəkimə görə tənqid edən insanlar tərəfindən neqativ yanaşma ilə üzləşirəm. Belə çıxır ki, kiminsə yaratdığı stereotiplərə uyğun gəlmirəmsə, gözəl geyinə, şənlənə, şelfi çəkə bilmərəm – yəni xoşbəxt insan həyatını yaşamağım mümkünsüzdür.

Bloğerin sözlərinə görə, tənqid çox vaxt şəxsi təhqirlərə keçir və artıq çəkili xanımlar bu və ya başqa formada belə hallarla tez-tez rastlaşırlar.

Buna rəğmən, Xatirə Yüzbəyova sosial şəbəkələrdəki fəaliyyətini olduqca vacib sayır. Öz şəxsi nümunəsi ilə o, qadın gözəlliyi ilə bağlı stereotipləri, artıq çəkili insanların davranış standartları haqqında yanlış təsəvvürləri aradan qaldırmağa çalışır. Aydındır ki, artıq kilolar – sağlamlıqdakı problemdən xəbər verir. Lakin bu bir qüsur deyil, insanları olduqları kimi qəbul etmək lazımdır, onları şəxsi keyfiyyətlərinə görə tanımaq və buna görə nəticələr çıxarmaq, dəyər vermək  lazımdır.

Qeyd etmək lazımdır ki, tədbirin iştirakçıları arasında həkimlərlə yanaşı, artıq çəkili insanlar da vardı. Onlar üçün xüsusi, motivasiyalı “Yeni həyata 12 addım” adlı təlim keçirildi. Təlimin müəllifi və aparıcısı doktor Nərmin Novruzova məqsədlərin dəqiq müəyyən edilməsi və onlara motivasiya ilə çatmaq yolları haqqında danışdı.

Nərmin Novruzova

«Artıq çəki ilə mübarizə, sağlam həyat tərzinə və düzgün qidalanmaya riayət etmək göründüyü kimi asan iş deyil. Bu, birinci növbədə iradə, comfort zonasından çıxış və sevimli adətlərdən imtina kimi mühüm qərarlar qəbul etməyi tələb edir».

Tədbirin yekununda artıq çəki ilə mübarizə aparan insanlara dəstək rəmzi kimi günəşli Bakı səmasına al-əlvan hava balonları buraxıldı – yüngülləşmək, uğurlara doğru qanad açıb uçmaq – insanın öz əlindədir…

Qeyd edək ki, ANDOP Azərbaycanda həkimlərin elmi cəmiyyəti olaraq düzgün qidalanma sahəsində maarifləndirmə proqramlarını həyata keçirir. Təşkilat Ümumdünya Piylənmə Federasiyasının (WOF – World Obesity Federation) rəsmi üzvüdür.

Maraqlıdır

Uşaqlarda artıq çəkinin korreksiyası və profilaktikası məktəbi

Bizim məktəbin  əsas məqsədi  artıq çəkili uşaqların düzgün qidalanma vərdişlərinə yiyələnməsi,fiziki aktivliyin artması, psixoemosional vəziyyətinin yaxşılaşması, uşağın özünü kontrol etmə qabiliyyətinin yaranması, dayanıqlı motivasiya, ailənin həyat tərzinin sağlam istiqamətə dəyişməsidir.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *