Boz piy toxuması haqqında

İnsan orqanizmində 2 əsas tip piy toxuması mövcuddur. Ağ piy toxuması və boz piy toxuması. Ağ piy toxuması triqliseridlər şəklində yağ depolayır. Boz piy toxuması isə toplanmış yağ turşularını parçalayır.

Müəllif: Dr. Gülsüm Hüseynova, həkim-pediatr, uşaq piylənməsi üzrə mütəxəssis, ANDOP təlimçisi.

Ağ adipositlərdə yağ turşuları bütov, böyük damla şəklində yerləşir. Az miqdarda olan mitoxondriləri və nüvəni kənara sıxışdırır. Bu hüceyrələr öz həcminin 80-95%-i qədər yağ depolaya bilir. Bu, piy toxumasında sintez olunan lipoprotein lipaz  fermenti sayəsində baş verir. Bu ferment triqliseridlərlə zəngin olan çox aşağı sıxlıqlı lipoproteidləri parçalayır, əmələ gələn sərbəst yağ turşuları ağ adipositlərə daxil olur və triqliseridlər şəklində depolanır.  Ağ adipositlər arasında preadipositlər, fibroblastlar, makrofaqlar, tosqun hüceyrələr və az sayda kiçik kapilyarlar olur. Ağ piy toxumasının visseral və dərialtı növləri vardır. Burada metabolizm və insulin dirəncinə təsir edən çox sayda adipokinlər sintez olunur. Ağ piy toxuması  orqanizmin enerji deposu hesab olunur.

Boz piy toxumasında yağ turşuları kiçik yağ damcıları şəklində hüceyrə daxilində səpələnib. Sinir və kapilyar sistemi ilə sıx əlaqəlidir. Bu da boz piy toxumasının aktiv toxuma olduğunun göstəricisidir. Boz adipositlər mitoxondrilərlə zəngindir. Boz piy toxuması əzələ yığılması olmadan termogenezi həyata keçirir. Bu zaman yağ turşuları və qlükoza kimi enerji qaynaqlarını oksidələşdirərək enerji homeostazında  və mübadilə prosesində önəmli rol oynayır, ATF əmələ gətirmədən istilik enerjisi şəklində enerjini ayırır. Boz adipositlərin daxili  membranında  — UCP1( uncopuling protein-1) vardır. UCP1  oksigen qəbulunda, kalori xərclənməsində, bədən temperaturunun tənzimlənməsində önəmli rol oynayır. Bu, adaptiv termogenez adlanır.

Boz piy toxumasına yenidoğulmuşun piy toxuması da deyilir. Yenidoğulmuşların bədən kütləsinin təxminən 5%-ini boz piy toxuması təşkil edir. Boz piy toxuması orqanizmin supraklavikulyar, servikal, aksillar, mediastinal, perivaskulyar bölgələrində olur. Yenidoğulmuşlarda ilk 6 ayda mərkəzi termorequlyasiya zəif inkşaf edir. Boz piy termogenezi həyata keçirməklə yenidoğulmuşu hipotermiyadan qoruyur. Boz piy toxuması qış yuxusuna gedən heyvanlarda da yaxşı inkşaf etmişdir. Boz piy hüceyrəsi sayəsində, bu heyvanlarda yuxu zamanı skelet əzələsi yığılmadan istilik əmələ gəlir və bədən temperaturunu sabit saxlayır.

Uzun müddət əvvəl yetişkinlərdə boz piy toxumasının olmadığı düşünülürdü. Lakin 80-ci illərdə Huttunen açıq havada işləyən ustaların meyidini yaran zaman onların boyun və körpücüküstü nahiyyəsində  boz piy toxuması aşkar etmişdi. Müasir dövrümüzdə müxtəlif ölkələrin mütəxəssisləri boz piy toxumasının termogen aktivliyindən çəki vermədə və müxtəlif metabolik xəstəliklərin müalicəsində istifadə olunması ilə bağlı geniş araşdırmalar aparırlarlar. 25-26 fevral 2014-cü ildə  “Boz piy toxumasının insan orqanizmində rolunun araşdırılması” adlı seminar təşkil olunmuşdu. Bu seminar “National İnstitute of Health(NİH)”, “The National İnstitute of Diabetes and Digestive and Kidney Diseasses (NIDDK)”in birgə dəstəyi ilə keçirilmiş və 180 məhşur elm adamı müzakirə üçün iştirak etmişdir.

Boz piy toxuması termogenezi həyata keçirməklə, əsas mübadiləni sürətləndirməklə hipoqlikemik və hipolipidemik təsir göstərir. Müayinə nəticəsində (fused PET-CT)  məlum olub ki, sağlam yetişkinlərdə boz piy toxuması 20 – 30 qramdır. Çalışmalara əsasən, belə düşünülür ki, boz piy toxuması 50 qrama qədər artırıldıqda günlük enerji qəbulunun 20%-ni istilik kimi sərf edir və bazal metabolizmanın sürətini 30%-ə qədər artırır.

Müxtəlif tədbirlərdən istifadə etməklə yetişkin insanlarda boz piy toxumasının səviyyəsini artırmaq mümkündür. Əslində, termogenezi həyata keçirən və tərkibində termogen UCP-1 olan 2 tip piy hüceyrəsi mövcuddur. Biz bətndaxili dövrdə əmələ gələn həqiqi boz adipositlərin sayını deyil, ağ piy toxumasının tündləşməsi nəticəsində əmələ gələn bej piy toxumasının sayını artırırıq. Boz və bej adipositlərin morfoloji xüsusiyyətləri və funksiyaları oxşar olsa da, fərqli gen ekspressiyasına malikdirlər və 2 fərqli mezenximal kök hüceyrələrdən əmələ gəlirlər. Həqiqi boz piy toxuması öz başlanğıcını Myf5+, ağ və bej piy toxuması isə Myf5- dən götürür. Hər iki tip piy hüceyrəsi simpatik sinir sisteminin təsiri ilə termogenezi həyata keçirir. Göründüyü kimi, bej adipositlərlə ağ adipositlərin  təməli birdir, yəni, eyni kök hüceyrələrdən əmələ gəlirlər. Ehtimal olunur ki, ağ piy toxumasının mitoxondrial aktivliyinin artması ilə, ağ adipositlərin tündləşməsi nəticəsində, bej adipositlər əmələ gəlir. Bej piy toxuması da boz piy toxumasının  yerləşdiyi zonalarda və ağ adipositlərin arasında yerləşir.

Deməli, adaptogen termogenezi aktivləşdirmək üçün bir tərəfdən bətndaxili yaranan həqiqi boz piy toxumasının mitoxondrial aktivliyini artırmalıyıq, digər tərəfdən isə ağ piy toxumasını tündləşdirməklə bej piy toxumasını əmələ gətirməliyik.

Həqiqi boz piy toxumasını aktivləşdirən və ağ piy toxumasını tündləşdirərək bej piy toxumasını əmələ gətirən tədbirlər aşağıdakılardır:

Xroniki şəkildə soyuğa məruza qalma adaptogen termogenezini artırır. Boz piyin səviyyəsini krioterapiya ilə artırmaq olur. Soyuq enerji tükətimini 10 – 27 % artırır. Soyuqda simpatik sinir sistemi aktivləşir. Noradrenergik neyronlarda norepinefrin sintez olunur. Beta 3 adrenergik reseptorlarla adenil siklaz aktivasiyasını təmin edir. Hormondan asılı lipaz aktivləşir, lipoliz stimulyasiya olunur və adipositlərin tərkibindəki triqliseridlər parçalanaraq sərbəst yağ turşularına çevrilir. Yaranan sərbəst yağ turşuları UCP-1 (termogenin zülalını) aktivləşdirir, enerji istilik şəklində ayrılır.

Müxtəlif çalışmaların nəticələrinə görə:

Gecə yataq otağının temperaturunu 25 dərəcədən 19 dərəcəyə salınması boz piy toxumasının səviyyəsini 30 – 40% artırır.

Yaponların apardığı bir araşdırmada boz piyi az olan 12 insanı 6 həftə boyunca hər gün 2 saat 17 dərəcə temperaturda saxlayıblar. Həmin insanlar ilk həftələrdə gün ərzində 108 kkal, sona doğru isə 289 kkal əlavə enerji sərf ediblər. Digər bir çalışmada isə, insanları 4 həftə boyunca gündə 10 dəqiqə olmaqla, mənfi 4 dərəcə temperaturda saxlamaqla, qidalanmasını və fiziki aktivliyini dəyişmədən 3-4 kq çəki verilməsinə nail olublar.

Fizioterapiya mərkəzlərində soyuq su, soyuq hava, açıq havada idman prosedurlarını məsləhət görürlər. Soyuq su soyuq havaya nisbətən, istiliyi 32 dəfə çox alır, nəticədə, suda hərəkətsiz dayandıqda belə, çəki itirilir.

Adaptogen termogenezi aktivləşdirən digər bir faktor aralıqlı aclıq  — intermittent fasting – pəhrizləridir. Bu zaman PGC-1 ekspressiyası artır, mitoxondrial biogenez sürətlənir, ağ adipositlərdə mitoxondrilərin sayı artır. Nəticədə, ağ piy toxumasının tündləşməsi təmin olunur. İnsulinə həssaslıq artır, qaraciyər steatozunun qarşısı alınır.

Araşdırmalar daha çox fiziki aktivliklə boz piyin səviyyəsi arasındakı əlaqə üzərində aparılıb. Bu sahədə edilən çalışmaların nəticəsi birmənalı deyil.

Əslində, fiziki aktivlik zamanı simpatik sinir sistemi aktivləşir. Bu da boz piy toxumasında mitoxondrial aktivliyi təmin edir. Digər tərəfdən, fiziki aktivlik zamanı sintez olunan – interleykin 6(İL-6), fibroblast böyümə faktoru 21(FGF21), beta aminoizoyağ turşusu, irizin hormonu –  ağ piy toxumasının mitoxondrial aktivliyini artırır, ağ piy toxumasının tündləşməsini təmin edir, ağ adipositlərin həcmini azaldır.

Bəzi araşdımalara görə, fiziki aktivlik zamanı həm həqiqi boz piy toxuması aktivləşir, həm də ağ piy toxuması tündləşərək bej piy hüceyrələrini əmələ gətirir və bununla adaptogen termogenez işə düşür.

Lakin digər bir çalışmaya görə, fiziki aktivlik zamanı boz piy toxumasında mitoxondrial aktivlik artmır, dərialtı ağ piy toxumasında mitoxondrial aktivlik artır və ehtimal olunur ki, bej piy toxumasına çevrilir.

Fiziki aktivlik daha çox passiv həyat tərzi keçirənlərdə müsbət nəticə verir. Belə ki,  çalışmalara əsasən, 4 həftə müddətində həftədə 3 dəfə olmaqla, gündə 1 saat aerob fiziki fəaliyyətlə məşğul olmaq oturaq həyat tərzi keçirən insanlarda PGC-1alfa səviyyəsini artırır.

Müxtəlif araşdırmalarda adaptogen termogenezin aktivləşməsi fiziki aktivliyin intensivliyi, tipi və davamiyyətindən asılı olaraq, fərqli olub. Bütün bunları nəzərə alsaq, fiziki aktivliklə boz piy toxuması arasındakı əlaqənin necə olduğunu dəqiqləşdirmək üçün gələcəkdə çox araşdırmalara ehtiyac var.

Boz piy toxumasının səviyyəsinə təsir göstərən çox önəmli bir hormon – irizindir. İrizin  112 amin turşusundan ibarət olan termogen adipomiokindir. İrizin əzələlərdə və ağ piy toxumasında sintez olunur. Beyin, mədəaltı vəz, ürək, mədə-bağırsaq və bir sıra digər toxumalarda da irizin sintez olunduğu məlum olmuşdur. İrizin soyuğa və fiziki aktivliyə cavab olaraq, ağ adipositlərin tündləşməsini həyata keçirir. İntensiv fiziki aktivlikdə skelet əzələlərində PGC-1alfa (peroxisome proliferator-acivated receptor gamma coactivator 1-alpha) transkripsiya faktoru artır. Bu zaman membran zülalı olan FNDC 5 (Üçüncü tip fibronektin domeni 5) parçalanır, irizin hormonu sintez olunaraq qan dövranına daxil olur.

İrizinin metabolik proseslərə təsiri müzakirə mövzusudur. Orqanizmdə irizin səviyyəsi əzələ kütləsi ilə düz mütənasibdir. Araşdırmalardan məlum olub ki, siçanlarda irizinin 28%-i piy toxumasında sintez olunur. Müxtəlif araşdırmalara əsasən, bir neçə həftəlik fiziki aktivlikdən sonra insanlarda FNDC5/irizin 2 dəfə,  bəzilərində 1,3-1,4 dəfə artıb. Nəticəsində heç bir dəyişiklik olmayan başqa  araşdırmalar da var.

Bir sıra araşdırmalar göstərmişdir ki, FNDC5/irizin əsas ağ piy toxuması deposuna təsir etmir. O, daha çox boz piy toxumasının yerləşdiyi zonalarda olan ağ adipositləri tündləşdirir.

Son araşdırmalara əsasən, irizin səviyyəsi ilə BKİ-i arasında düz mütənasiblik var. Bədən çəkisi azalanda irizin səviyyəsi azalır. Bir sıra araşdırmalara görə, diyabet xəstələrində irizin səviyyəsi aşağı olur.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *