fbpx

Kompulsiv qidalanma — qida davranışının pozulması

Zaman keçdikcə insanların gözəllik anlayışı dəyişir. Əksər insanların düşüncəsinə görə, azçəkili olmaq bacarıqlı, gözəl, sağlam olmaq deməkdir. Artıq çəkili olmaq isə, əksinə, tənbəl, zəif, çirkin olmağın göstəricisidir. Buna görə də, dünyada qidalanma davranışının pozulması müşahidə olunan insanların sayı getdikcə artır.

Müəllif: Gülsüm Hüseynova, Həkim-pediatr, Uşaq piylənməsi üzrə mütəxəssis, ANDOP mütəxəssisi

Statistikaya görə, hər gün 23 insan qida davranışı pozğunluğundan dünyasını dəyişir.

Qidalanma davranışının pozulmasının aşağıdakı növləri var:

  • Nevrogen anoreksiya
  • Nevrogen bulimiya
  • Seçici iştaha
  • Kompulsiv qidalanma (Binge Eating Disorder)

Kompulsiv qidalanma nədir?

Kompulsiv – emosional qidalanma uzunmüddətli stresə qarşı reaksiyadır. Emosional, diskomfort hallar — stres, gərginlik, utanma, qorxu, bəzən də xoş hisslər insana kompulsiv — emosional qidalanmaq üçün stimul olur. İnsan rahatlaşmaq məqsədi ilə artıq miqdarda yeməyə başlayır, tıxanırcasına yemək krizisi yaşayır. Bu vəziyyət tədricən vərdişə çevrilir: hər dəfə sakitləşmək üçün müəyyən qidaları aşırı miqdarda, mədədə dolma hissi olana qədər qəbul edirlər. Nəticədə, bu insanlarda artıq çəki formalaşır. Piylənməsi olan insanların 30 – 60%-i kompulsiv-emosional qidalanmadan əziyyət çəkirlər.

Emosional və fiziki aclıq hissi bir-birindən fərqlənir.

  • Emosional aclıq hissi insan stresli ikən, qəfildən inkişaf edir. Fiziki aclıq hissi isə, tədricən inkişaf edir ( enerji tələbatını ödəmək məqsədi ilə).
  • Emosional aclıq zamanı insan özünü sakitləşdirmək üçün hər hansı bir qidanı istəyir: şokolad, tort və s. Orqanizm sakitləşdirici qidanı başqa qida ilə dəyişməyə razı olmur, o qidanı qəbul edənə kimi sakitləşmir.
  • Emosional aclıq zamanı insanın ehtiyacı dərhal ödənilməlidir. Fiziki aclıq zamanı isə, insan istədiyi yeməyi tapmasa belə, istənilən qidanı yeyən kimi sakitləşir, aclıq hissi keçir.

Qidalanma davranışının pozulmasının bəzi səbəbləri var:

  • İrsi meyillilik. Araşdırmalar göstərmişdir ki, qidalanma davranışının pozulması əksər vaxtlarda irsi ötürülür. Qohumlarında kompulsiv  qidalanma olan insanlarda qida davranışının pozulma riski 10 dəfə çoxdur. Diziqotlara nisbətən, monoziqot əkizlərdə qidalanma davranışının pozulmasında 70 – 80% uyğunluq var.
  • Bildiyimiz kimi, əksər patologiyaların təməli uşaqlıq dövründə qoyulur. Valideynlər uşaq ağlayanda, xəstələnəndə onu sakitləşdirmək üçün və ya yaxşı qiymət alanda onu mükafatlandırmaq məqsədi ilə konfet, şirniyyat verirlər. Nəticədə, sakitləşmək üçün qidalanma vərdişləri elə uşaqlıq dövründə yaranır.

Bədən kütləsi və iştahaya nəzarət kompleks prosesdir. Enerji qəbulu və sərfiyyatı mexanizmlərində iştirak edən, bir-biri ilə əlaqəli müxtəlif sistemlər mövcuddur. Piylənmənin nevrologiyasında 3 sistem əsas rol oynayır.

  1. Hipotalamus – homeostatik iştaha mərkəzidir.
  2. Mezolimbik bölgə — emosional, mükafat, ləzzət hissi ilə əlaqəlidir.
  3. Koqnitiv pay.

Kompulsiv – emosional qidalanma mezolimbik sistemlə əlaqəlidir.

Kompulsiv qidalanma narkomoniyanı xatırladan, eyni neyrobioloji dəyişkənliklərlə müşahidə olunan fenotipdir.

Təkamül nəticəsində, şirin dad – qlikoza əsas enerji mənbəyi olduğu üçün bizə xoş təsir bağışlayır. Acı, turş dadı isə — yetişməmiş, zəhərli kimi qəbul edirik- xəstəlik səbəbi kimi düşünürük. Nəticədə, biz şirin dadı sevirik və şirin qəbulu zamanı beyinin mükafatlandırma sistemi olan mezolimbik sistemdə dofamin sintez olunur. Tez-tez şəkər qəbulu bu mərkəzi davamlı surətdə stimulyasiya edir, asılılıq və tolerantlıq yaradır.

Bu qidaların davamlı şəkildə qəbulu dofamin sintezini tədricən azaldır. Əvvəlki miqdarda şəkər qəbulu daha bizdə xoş hisslər yaratmağa kifayət etmir. Yenidən dofamin sintezi üçün şəkərin miqdarını artırmaq lazım olur. Digər tərəfdən, artıq miqdarda şəkər qəbulu — inqibə edən neyronların işini pozur. Həmçinin qamma aminoyağ turşusunun sintezi azalır. Nəticədə, bu insanlar davranışlarına çətinliklə nəzarət edirlər, özlərini idarə edə, düzgün qərar qəbul edə bilmirlər. Deməli, stres fonunda bir tərəfdən artıq miqdarda şəkər qəbul edilir, digər tərəfdən özünənəzarət itir. Nəticədə, bu insanlar tıxanırcasına qidalanırlar və  piylənmə inkşaf edir.

Dofamin – mükafatlandırma, motivasiyanı idarə edən neyromediatordur. Dofamin reseptorlarını insana həzz verən müəyyən qidalar, məşğuliyyətlər stimulyasiya edir.

Hedonik qidalanma mərkəzləri — orta beyindəki kortikal arax, bazal qanglion, hipokampus, amiqdaladan ibarətdir. Emosional qidalanma o deməkdir ki, insan fiziki baxımdan tox olsa belə, həzz almaq üçün qidalanır. Ləzzətli yeməyi gördükdə, düşündükdə, iyini hiss etdikdə beyinə siqnal ötürülür. Arzulanan qida qəbuluna hazırlaşan zaman dofamin sintez olunur.

Emosional qidalanmada insanlar müəyyən qrup qidalara qarşı daha çox həssas olurlar.

Bəs, bunlar hansı qidalardır?

Emosional qida asılılığı uzun müddətdir bəllidir. ABŞ-nın İyel Universitetinin doktoru Eşli Qerhard ziyanlı qidaların şəklinə baxan zaman artıq çəkili insanların beyninin reaksiyasını dəyərləndirib. O, iki vacib nəticəyə gəlib: insanlarda texniki işlənmiş qidalara qarşı asılılıq yaranır. Buna səbəb işlənmiş qidalardakı rafinə olunmuş, sadə şəkərlərdir. Sadə şəkər qana tez sorulur, beyinə təsir edir və nəticədə, həzz yaranır. Bu cür işlənmiş qidalara çox miqdarda yağ əlavə olunur. Buna əsasən, Qerhard asılılıq yaradan qidalar şkalasını tərtib edib.

Qida asılılığının İyel şkalası:

  1. Pizza
  2. Şokolad
  3. Kartof çipsisi
  4. Xəmirdən hazırlanmış şirniyyatlar
  5. Dondurma
  6. Kartof fri
  7. Burqer
  8. Şirin, qazlı içki
  9. Tort

DSM-5-ə ( Diagnostic and Statistical Manual of Mental Disorders- American Psychiatric Association) görə, kompulsiv qidalanmanın diaqnostik kriteriyaları aşağıdakılardır:

Residivləşən, tıxanırcasına yemək krizləri:

  • Qısa müddətdə digər insanların yeyə biləcəyindən daha çox qida qəbulu (sürətli qida qəbulu);
  • Yemək krizləri zamanı qida qəbuluna nəzarətin itməsi.

Tıxanırcasına yemək krizləri zamanı aşağıdakı hallardan ən azı 3-nə rast gəlinir:

  • Həmişəkindən daha sürətli yemək;
  • Diskomfort hiss edənə kimi, mexaniki qidalanma;
  • Fiziki aclıq olmadan, normadan artıq miqdarda yemək;
  • Təklikdə qidalanma – bu qədər yediyini başqalarının görməsindən utanır;
  • Yedikdən sonra özünə nifrət və günahkarlıq hissi;

Tıxanırcasına yemək krizlərinə görə narahat olmaq;

3 ay ərzində minimum həftədə 1 dəfə yemək krizisinin olması;

Bu vəziyyətdən çıxmaq üçün kompensator tədbirlərin görülməməsi;

Çox zaman bu pasientlər çəki azaltmaq məqsədi ilə diyetoloqlara müaciət edirlər. Əslində, onlarda əsas problem qidalanma davranışının pozulmasıdır. Amma onlar bunun fərqində olmurlar. Kompulsiv qidalanma psixosomatik pozğunluqla əlaqəlidir. Buna görə də bu pasientlərdə müalicə yalnız piylənməyə qarşı olduqda, bir nəticə vermir. Paralel şəkildə spesifik, psixoloji dəstək də olduqda müsbət nəticə verir.

Kameron Sepah – “dofamin aclığı diyeti” metodunu hazırlayıb. Burda əsas məqsəd dofamin sintezini stimulyasiya edən qidaları, məşğuliyyətləri azaltmaq və ya dayandırmaqdır. Psixoloq bunu birdən-birə etməyi məsləhət görmür. Bununla da xəstələrdə müsbət nəticə əldə edir. Beyinin neyroplastik xüsusiyyəti yuxarıda danışdığımız dəyişikliklərin bərpasına səbəb olur. Bunun üçün şəkər qəbulunu azaltmaq, fiziki aktivliyi artırmaq, omeqa-3 ilə zəngin qidaları rasiona daxil etmək lazımdır. Bütün bunlar neyronları qoruyur, beyinin fəaliyyətinin bərpasına yardım edir.

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə, gün ərzində şəkər qəbulu sutkalıq enerji qəbulunun 5%-ni təşkil etməlidir. Bu da enerji tələbatı 2000 kkal olan biri üçün 25 qram – 6 çay qaşığı şəkər deməkdir.

Yuxarıda qeyd etdiyim kimi, bu pasientlərdə yemək krizisləri zamanı qida qəbuluna nəzarət itir. Meditasiya, yoqa tormozlayıcı qamma aminoyağ turşusunun səviyyəsini qaldırır.

Unutmayın, vaxtında qoyulmuş diaqnoz, düzgün seçilmiş mütəxəssislər və düzgün istiqamətlənmiş müalicə proqramı patologiyanın müalicəsində əsas rol oynayır.

Maraqlıdır

Qan laxtalanmasını azaldan 16 qida

Artıq hər kəs bilir ki, koronavirus infeksiyasının ağırlaşma səbəblərindən biri olan tromblaşma  xəstələr arasında ölüm hallarının artması ilə nəticələnir. Bunu nəzərə alaraq, bu infeksiyanın bütün müalicə protokollarına qandurulducu preparatlar daxil edilir. Tromblaşma nədir və niyə yaranır? - bu barədə qısa danışmaq istəyirəm. İnsan orqanizminin  xəstəliklərə qarşı mübarizə aparmaq və təhlükəli vəziyyətlərdə yaşamağa kömək edən öz müdafiə sistemləri və reaksiyaları var.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *