Maqnezium çatışmazlığının səbəbləri nədir?

Uzun əsrlər boyu insanlar orqanizmə su və qida ilə daxil olan maqneziumun miqdarını yoxlamağa heç ehtiyac duymayıblar. Amma qida sənayesi nə qədər çox inkişaf edirdisə, Qərb insanlarının rasionunda bu element də bir o qədər azalmağa başlayırdı.

Müəllif: İradə Abdullayeva, həkim-kardioloq, diyetoloq, ANDOP mütəxəssisi

1950-ci illərdə həkimlər və alimlər sivilizasiya dövrünün xəstəliklərindən bəhs etməyə başladılar. Bura maqnezium çatızmazlığı da daxil idi. 1995-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı maqnezium çatışmazlığının patoloji bir hal aldığını rəsmən elan etdi. XX əsrin əvvəllərindən başlayaraq, maqnezium istehlakı iki dəfədən çox azalmağa başlayıb (günlük istehlakı 500 mq-dan 175-225 mq-a düşüb).

Yetişkin insanın orqanizmində cəmi 21-28 qr maqnezium olur (təxminən 1 yemək qaşığı). Qeyd etmək lazımdır ki, maqnezium orqanizm tərəfindən sintez olunmur və orqanizmə mütləq xaricdən daxil olmalıdır. Zülalların əmələ gəlməsində, əzələlərin və sinir sisteminin fəaliyyətində maqneziumun çox böyük rolu var. Maqnezium həm də qan şəkərini və təzyiqi tənzimləyir.

Uşaqların qida vasitəsi ilə yetərli miqdarda maqnezium almaması autizm, disleksiya, davranış pozğunluğu və DƏHP (Diqqət Əskikliyi və Hiperaktiv Pozğunluq) inkişafı üçün bir risk faktorudur.

Maqnezium çatışmazlığını əhatə edən klassik bir sıra simptomlar var: narahatlıq, spazma, qıcolma, kramp, tik, taxikardiya, baş ağrısı, yuxusuzluq, aqressiya, dəyişkən əhval-ruhiyyə və xroniki yorğunluq

Maqnezium çatışmazlığının səbəbləri nədir?

  • Qida vasitəsi ilə yetərli miqdarda maqnezium alınmaması (yanlış qidalanma).
  • Maqneziumun zəif mənimsənilməsi. (İrsi meyillilik və ya müəyyən xəstəliklər səbəbindən, xüsusilə də, həzm sistemi xəstəlikləri, hipotiroid zamanı; həddindən artıq yağlı, rafinə edilməmiş qidaların qəbulu, həmçinin, dəmir, kalsium çatışmazlığı maqneziumun sorulmasını zəiflədir; yaş artdıqca maqneziumun sorulması çətinləşir; pis vərdişlər-siqaret, spirtli içkilərin qəbulu, narkotik istifadəsi və s. maqnezium çatışmazlığına səbəb olur).
  • Sidik yolu ilə yüksək maqnezium atılımı. (şəkərli diabet, tirotoksikoz, böyrək xəstəliyi və bəzi başqa patologiyalar, həmçinin sidikqovucu, oral kontraseptiv həblərdən müntəzəm istifadə)
  • Maqneziuma yüksək tələbat (hamiləlik və südvermə dövrü; idman məşğuliyyəti, ağır fiziki və ya gərgin zehni fəaliyyət; uzun müddət güclü stres keçirmək; böyümə dövrü; həmçinin xroniki xəstəliklərin kəskinləşməsi və kəskin infeksiyalardan sonra orqanizmin bərpası dövründə maqneziuma tələbat artır).

Bir yetişkin insanın maqneziuma gündəlik tələbatı 400 mq-dır. Fastfud və rafinə edilmiş məhsullar nəinki orqanizmin maqneziuma olan ehtiyacını qaşılamır, üstəlik, maqneziumun orqanizmdən atılmasına və bu səbəbdən, maqnezium əskikliyinə səbəb olur.

Qeyri-üzvü gübrələrlə, sənaye üsulu ilə yetişdirilən tərəvəz və meyvələrdə maqnezium miqdarı son 50 ildə çox azalmışdır. Buna görə maqnezium çatışmazlığını qida əlavələri ilə aradan qaldırmalıyıq.

Maqnezium qida əlavələri

Bildiyiniz kimi, maqnezium qida əlavələri çox çeşiddə olur və qiymətinə, bioyararlıq səviyyəsinə, orqanizmə təsir gücünə görə bir-birindən fərqlənir. Sizə uyğun olanı seçə bilməyiniz üçün satışda mövcud olan bütün maqnezium formalarını nəzərdən keçirməliyik.

  • Maqnezium oksid (Magnesium oxide)

Bu, çox miqdarda maqnezium ehtiva edən ən ucuz növlərdən biridir, əmilmə qabiliyyəti isə zəifdir. Bu maqnezium növü daha çox mədə şirəsinin turşuluğu yüksək olan insanlar tərəfindən qəbul edilir (mədə şirəsinin turşuluğu aşağı olan insanlarda ürək bulanması və ishala səbəb ola bilər).

  • Maqnezium sitrat (Magnesium sitrate)

Maqnezium və limon turşusunun qarışımı şəklində, şelatlı maqneziumdur. Maqneziumu “ünvanına” çatdırmağa kömək edən başqa bir molekulla birləşdiyi üçün bu növ maqnezium yaxşı əmilir. Lakin həzm sistemi zəif olan insanlarda yan təsirləri ola bilər (ürək bulanması və ishal). Maqnezium mitoxondridə meydana gələn Krebs dövranında iştirak edir, sitrat da onu məhz mitoxondriyə çatdırır. Buna görə maqneziumun bu forması enerji artırmaqda fəaldır. Maqneziumun ishal təsiri olduğundan, bu növ daha çox xroniki qəbizlikdən əziyyət çəkənlər və ya tez arıqlamaq istəyənlərin seçimidir. Bununla yanaşı, bəzi tədqiqatçılar düşünürlər ki, maqnezium sitrat mis və dəmir mübadiləsinə mane olur.

  • Maqnezium-el-trionat (Magnezium-L-threonate)

Bu, maqneziumun trion turşusu ilə birləşməsindən ibarət, nisbətən, yeni formasıdır, mitoxondriyə və beyinə nüfuz edir, yaşla əlaqədar baş verən koqnitiv pozğunluq zamanı dərketmə və zehni qabiliyyəti yaxşılaşdırır.

  • Maqnezium qlisinat (Magnesium glycinate)

Qlisinə birləşən maqnezium hətta yüksək dozalarda belə, ishala səbəb olmur, dayaq-hərəkət sisteminə iltihabəleyhinə təsir göstərir, həmçinin yuxusuzluğu aradan qaldırır.

  • Maqnezium malat (Magnesium malate)

Maqnezium alma turşusu (malic acid) ilə birləşərək, fibromiyalji xəstələklər zamanı baş verən narahatlığı aradan qaldırır, xroniki yorğunluq sindromunu effektiv şəkildə müalicə edir, stimullaşdırıcı təsir göstərir. Bu səbəbdən, səhər saatlarında qəbul etmək tövsiyə olunur.

  • Maqnezium oratat ( Magnesium oratate)

Hüceyrə membranlarına asanlıqla nüfuz etdiyi üçün bioyararlığı ən yüksən olan maqnezium formasıdır. Əsasən, miokard infarktı, aritmiya, ürək çatışmazlığı, ateroskleroz zamanı istifadə olunur. Qaraciyər sirrozu və böyrək daşı xəstəliyi  (urolitiyaz)  olanlara qəbul etmək tövsiyə edilmir.

  • Maqnezium taurat (Magnesium taurate)

Taurin turşusu ilə maqneziumun birləşməsidir. Ürək-damar sistemini möhkəmləndirir, qanda şəkəri tənzimləyir. Bu forma genində ÇBS (Çarles Bonnet Sindromu) olan insanlara məsləhət görülmür, çünki bədəndə taurin turşusunun toplanmasına səbəb olur.

  • Maqnezium aspartat ( Magnesium aspartate)

Asparagin turşusu ilə birləşmiş maqneziumdur. Bu forma depressiya və miqendən əziyyət çəkənlərə tövsiyə edilmir.

  • İonlaşmış maqnezium ( Magnesium ion)

Həzm sistemində problemi olan insanlara tövsiyə olunur. Maksimum əmilməsi və yan təsirindən qaçmaq üçün damcı formasında olanları seçmək lazımdır.

  • Maqnezium xlorid (Magnesium chloride)

Əsasən, maqnezium yağı şəklindədir, zəif həzm sisteminə və adrenal yorğunluğa əhəmiyyətli təsir edir. Bundan əlavə, əzələ ağrısı və yuxusuzluq zamanı bu yağı dəriyə sürtdükdə müsbət təsiri müşahidə edilir. Ancaq bəzi insanlarda dəri qıcıqlanması və qaşınma ola bilər.

  • Maqnezium sulfat (Magnesium sulfate)

Epsom duzu kimi də tanınır. Bu növ maqneziumu vanna suyuna qatdıqda gərginliyi aradan qaldırır, dəri vasitəsi ilə toksinlərin atılmasını təmin edir.

Məqsədinizdən və həzm sisteminizdən asılı olaraq, sizə gərəkli olan maqneziumu seçsəniz, onu düzgün qaydada qəbul etməlisiniz. Başlanğıcda axşamlar 1 kapsul qəbul edin. Dozanı tədricən — səhər yuxudan ishalla oyandığınız günə  qədər  artırın. Bu o deməkdir ki, sizin günlük maqnezium dozanız ishal olduğunuz gündən bir gün əvvəl qəbul etdiyiniz dozadır. Belə bir problem varsa, gün ərzində az miqdarda maqnezium qəbul etməlisiniz. Ümid edirəm, «öz» maqneziumunuzu seçə biləcəksiniz.

Maraqlıdır

Yaşıl çayın faydaları

Yaşıl çay xərçəngin qarşısını ala bilər. Müşahidələr göstərir ki, tez tez yaşıl çay içən qadınlarda 20-30% döş xərçəngi daha az görülür. Həmçinin yumurtalıq xərçəngi və endometrial xərçəngdən qoruya bilər.

3 комментария

  1. Burda qeyd olunan magneziumlu qida əlavələrinədn hansısa birini həkim məsləhəti olmadan alıb qəbul edə bilərik? Bədəndə magnezium və dəmir çatışmazlığı varsa əyər, bu qeyd olunanlardan birinin orqanizmə mənfi təsiri olma ehtimalı yoxdurmu?

    • Bəli maqnezium gida əlavələrini alıb istifadə edə bilərsiz. Həkim təyinatı olmadan ancaq kiçik dozla başlamaq məsləhət görülür 200 mq ×1 dəfə gündə böyüklərdə, ishal olmasa 400 mq artıra bilərsiz. Defisitlər zamanı əksinə maqneziumun xeyri var, bir tək sovrulması azalmasın deyə başqa qida əlavələri ilə eyni zamanda içməsəz daha yaxşı olar.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *