Metabolik sindromun laborator diaqnostikası

Metabolik, yəni «metabolizmə təsir edən», ürək-damar sistemi xəstəlikləri riskinin artması ilə müşayiət olunan amillər üçün ümumiləşdirilmiş bir termindir.

Müəllif: Könül Kərimova, Tibb üzrə fəlsəfə doktoru, ANDOP mütəxəssisi

Əsasən 4 patoloji vəziyyətin birlikdə inkişafıdır:

  1. Piylənmə, xüsusilə də visseral piylərin yüksək səviyyəsi (qarın piyi) – bel çevrəsinin ölçülməsi yolu ilə müəyyən etmək mümkündür
  2. Karbohidrat mübadiləsinin pozulması – insulinə qarşı rezistentliyin artması, qlükozaya qarşı tolerantlığın pozulması, şəkərli diabet
  3. Yüksəlmiş qan təzyiqi
  4. Lipid mübadiləsinin pozulması və ona aid göstəricilərin xarakterik dəyişikliyi — Aşağı HDL xolesterol, yüksək LDL xolesterol və yüksəlmiş triqliserid səviyyəsi ilə yağ metabolizminin pozulması

Bir çox hallarda sidik turşusunun artması halları da müşahidə olunur.

Metabolik sindromun diaqnozunu qoymaq üçün bu amillərdən ən azı üçü eyni vaxtda təsdiq olunmalıdır. Ümumi qəbul edilmiş təsnifat bu günə kimi yoxdur. Bununla belə, mütəxəssislər piylənmə, metabolik pozuntular və qan təzyiqinin artması birlikdə aşkar olunmasının təhlükəli olduğunu təsdiqləyirlər. Statistik məlumatlara əsasən hər 4 insandan biri bu fenomendən əziyyət çəkir.

Metabolik sindromun inkişafı həm irsi, həm də bir sıra xarici amillərə əsaslanır: fiziki aktivliyin aşağı olması, qidalanma pozuntuları və s. Hesab olunur ki, sindromun inkişafında piy toxumasının fəaliyyətinin pozulması və insulinə qarşı müqavimət aparıcı rolu oynayır.

İnsulin müqavimətinin əmələ gəlməsi piy toxumsıanın disfunksiyası ilə bir baş əlaqəlidir. Daxili piylənmə zamanı piy hüceyrələri böyüyür, makrofaqlar tərəfindən infiltrasiya edilir. Bu da çox miqdarda iltihab törədən sitokinlərin (şiş nekroz faktorunun, interleykinlər və s.) ifraz olunmasına gətirib çıxarır. Nəticədə hüceyrələrin səthində insulinin reseptorlarla qarşılıqlı təsiri pozulmuş olur, sonrakı mərhələdə isə aseptik xroniniki iltihab yaranır.

İnsulinə qarşı müqavimət piy metabolizmasına da təsir  edir: çox aşağı sıxlıqlı lipoproteinlərin (VLDL),  aşağı sıxlıqlı lipoproteinlərin (LDL),  triqliseridlərin səviyyəsi artır, yüksək sıxlıqlı lipoproteinlərin (HDL) konsentrasiyası azalır. Aşağı sıxlıqlı lipoproteinlər hüceyrə membranının və cinsi hormonların sintezində iştirak edən ümumi xolesterolun bir fraksiyasıdır. Lakin,  iltihab fonunda LDL artması qan damarlarının divarında aterosklerotik düyünlərin yaranmasına və ürək-damar sisteminin patologiyasına gətirib çıxara bilər. Yüksək sıxlıqlı lipoproteinlər, əksinə, qaraciyərə geri artıq xolesterolun köçürülməsində iştirak edirlər. Bundan əlavə, aterosklerotik düyünlərin yaranmasının qarşısını alırlar.

Bundan başqa, metabolik sindrom zamanı damar divarı daha da sərtləşir, qanın trombotik aktivliyi artır, iltihab törədən sitokinlərin sintezi artır. Bütün bunlar ürək-damar patologiyasının riskini daha da artırır.

Diaqnostika

Metabolik sindromun diaqnostikası müayinə məlumatları, anamnez, laborator nəticələr və instrumental tədqiqatlara əsasınaraq aparılır. Əsas diaqnostik meyyar qarın piylənməsidir, lakin bu, öz-özlüyündə deyil, analizlərlə təsdiq olunmuş bir sıra əlavə simptomlarla birgə metabolik sindromun mövcudluğunu göstərir.

Piylənmənin səbəbini öyrənməyə çalışmaq lazımdır. Məsələn, bu, endokrin sistemin xəstəlikləri ilə əlaqəli ola bilər.

Laborator müayinə zamanı ölçülməsi tələb oluna biləcək parametrlər aşağıdakılardır:

  • C-reaktiv zülal, kəmiyyətcə. Qaraciyərdə sintez olunan kəskin faza zülalıdır. Onun konsentrasiyası iltihab yönümlü sitokinlərin səviyyəsindən asılıdır. O, həmçinin aterosklerotik düyünlərin əmələ gəlməsində iştirak edir. Metabolik sindrom zamanı səviyyəsi yüksəlir.
  • Plazmada qlükoza. Metabolik sindrom qlükozanın konsentrasiyasının artması ilə xarakterizə olunur.
  • Xolesterol – yüksək sıxlıqlı lipoproteinlər (HDL). Bu, aterosklerotik düyünlərin əmələ gəlməsinin qarşısını alan ümumi xolesterolun bir fraksiyasıdır. Metabolik sindromda HDL-ni azalması müşahidə olunur və aterosklerozun inşkaf riskinin artması deməkdir.
  • Xolesterol – aşağı sıxlıqlı lipoproteinlər (LDL). Aterosklerotik düyünlər əmələ gəlməsində iştirak edirlər. Metabolik sindromda artması müşahidə olunur.
  • Xolesterol ümumi — piy metabolizminin əsas göstəricisi, qanda lipoproteinlərin bütün fraksiyalarının cəmidir. Metabolik sindromda adətən yüksəlir.
  • Triqliseridlər. Bağırsaqdan qida yağlarının həzmi nəticəsində mənimsənilirlər. Piy toxumasında toplanırlar və enerji ehtiyatı kimi lazım gəldikcə hüceyrələr tərəfindən sərf edilirlər. Metabolik sindromda triqliseridlərin səviyyəsi yüksəlir.
  • Sidikdə mikroalbuminuriya – böyrəklərin patologiyası zamanı sidikdə aşkar oluna bilər. Məsələn, diabetik nefropatiyada.
  • İnsulin səviyyəsi də adətən metabolik sindromda yüksəlir. Bu hormona qarşı insulinə həssas olan toxumalarda müqavimətin artması nəticəsində mədəaltı vəz tərəfindən hasilatı artırılır.
  • Homosistein – metionin aminturşusunun metabolizmi zamanı əmələ gələn aminturşudur. Onun səviyyəsinin artması trombozun və ürək-damar patologiyasının inkişafının ilkin əlamətlərindən biridir.

Beləliklə, metabolik sindrom bir-biri ilə sıx əlaqəli olan patoloji vəziyyət kompleksidir və onun patogenetik inkişaf mexanizmi hələ də tam öyrənilməmişdir.

Düzgün və vaxtında diaqnostik müayinə və müvafiq müalicə olmadıqda metabolik sindrom bir neçə il ərzində bir sıra ciddi xəstəliklərə gətirib çıxara bilər: ürək-damar sisteminin patologiyası, xüsusilə koronar ürək xəstəliklərinə, 2-ci tip şəkərli diabetə. Həmçinin, sirrozun, böyrək xəstəliklərinin, xərçəngin sonrakı inkişafı ilə qaraciyərin zədələnmə ehtimalını artırır.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *