Pandemiya zamanı ürək xəstələri nə etməlidir?

Dünyada anidən COVİD-19 virusunun peyda olması hamımızı həyat tərzimizi dəyişməyə və özünütəcrid rejiminə keçməyə məcbur etdi. Risk qrupuna daha çox yaşlılar, həmçinin, müxtəlif xəstəliklərdən, habelə ürək xəstəliklərindən əziyyət çəkən insanlar daxildir. Bu barədə bizə doğru məlumat verməyi ANDOP mütəxəssisi, kardioloq-diyetoloq, həkim İradə Abdullayevadan xahiş etdik.

“Əsas odur ki, qorxmayasan! İbn Sinanın dediyi kimi: təmkin — sağlamlığın yarısıdır, səbr isə sağalmanın başlanğıcı! Təmkinli olsaq və əsas profilaktik tədbirlərə əməl etsək, bu xəstəliyin öhdəsindən tez bir zamanda gələ bilərik. Axı, tibb bu gün çox böyük uğurlar əldə edib və yeni bir bəlanın öhdəsindən gəlmək üçün bir az vaxt və səbr lazımdır”.

Artıq dəqiq məlumdur ki, yeni koronavirusa bütün yaş kateqoriyalarından olan insanlar yoluxa bilər. Ürək-damar xəstələri təkcə COVİD-19 virusuna deyil, həm də digər infeksiyalara qarşı həssasdırlar. Əslində, ürək-damar xəstəliklərinə yaşlı insanların çoxunda rast gəlinir. Bu baxımdan, onlar xüsusi risk qrupundadırlar. Bu qrupa başqa xəstəliyi (astma, diabet, ağciyər xəstəlikləri, onkoloji və s.) olanlar da daxildir. Xüsusi risk qrupunda olmaq o deməkdir ki, bu xəstələr  koronavirus infeksiyasını daha ağır formada keçirə bilərlər.

Statistikaya görə, koronavirusa daha çox məruz qalır: ürək-damar xəstəlikləri olan yaşlılar (ölüm halı 10,5%-dir); ikinci yerdə xroniki respirator xəstəlikləri olanlar (ölüm halı 6,3%); üçüncü yerdə isə onkoloji xəstəlikdən əziyyət çəkənlər ( ölüm halı 5,6%). Əgər siz də risk qrupundasınızsa və bu virusa yoluxmusunuzsa, təlaşlanıb ümidsizliyə qapılmayın. Həkim İradə Abdullayeva bildirir ki, koronavirus infeksiyasına yoluxmuş ürək-damar xəstələrinin 90% -nin tamamilə sağalmasına dair məlumatlar var.

Bəzi ürək dərmanlarının koronavirusun orqanizmə daxil olmasını asanlaşdıra biləcəyi barədə internetdə məlumatlara da rast gələ bilərsiniz”. Belə ehtimal olunur ki, xüsusilə, ACE (angiotensin çevirən ferment inhibitorları) və ARA (angiotensin reseptor antaqonistləri) tipli preparatlar qəbul edən xəstələrdə koronavirus infeksiyası riski arta bilər.

Ancaq İ.Abdullayeva bildirir ki, bu məlumatlar elmi olaraq təsdiqlənməyib. Mütəxəssisin sözlərinə görə, Amerika Kardiologiya Kolleci, Amerika Ürək Assosiasiyası və Amerika Ürək Çatışmazlığı Cəmiyyəti 17 Mart 2020-ci il tarixində birgə məlumat yayıb. Məlumatda qeyd edilir ki, COVID-19-ə yoluxmuş ürək-damar xəstələrində ACE və ARA-nin qəbulunun xüsusi təsiri barədə tutarlı dəlil yoxdur. Beləliklə, əgər bu tipli preparatlar xəstələrə virus infeksiyasına yoluxduqdan öncə təyin olubsa, dayandırılmamalıdır.

“Koronavirus infeksiyasının əsas əlamətləri yüksək temperatur və öskürəkdir. Nəfəs darlığı, əzələ ağrısı və nadir hallarda ( xəstələrin 10% -dən azında) sayıqlama ola bilər. Həmçinin boğazda qıcıqlanma və ya ağrı, burun axıntısı, sinədə ağrı, ishal, ürəkbulanması və qusma da ola bilər. Koronavirus infeksiyasının ilkin əlamətləri göründüyü zaman təcili tibbi yardıma müraciət etmək vacibdir. Bu, mənfi nəticələrin olma ehtimalını azaltmağa kömək edəcək. Ən əsası, özbaşına dərman qəbul etmək olmaz, xüsusilə də, antibiotik. Bu cür dərmanlar xəstəliyin ilkin mərhələsində təsirli deyil, ancaq virus-bakteriya xassəli pnevmaniya zamanı xəstəxana həkimləri tərəfindən təyin oluna bilər. Onu da deyim ki, isti hamam və saunalar COVID-19-dan qorumur. Əksinə, ürək-damar xəstələri üçün xüsusilə təhlükəli ola bilər ”- İ.Abdullayeva dedi.

Maraqlıdır

Yaşıl çayın faydaları

Yaşıl çay xərçəngin qarşısını ala bilər. Müşahidələr göstərir ki, tez tez yaşıl çay içən qadınlarda 20-30% döş xərçəngi daha az görülür. Həmçinin yumurtalıq xərçəngi və endometrial xərçəngdən qoruya bilər.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *