Piylənmə həm estetik qüsur, həm də ciddi bir xəstəlikdir

Piylənmə xəstəliyi müasir cəmiyyətin və bütün dünyanın epidemiyası halına gəlmiş böyük tibbi-sosial problemlərdən biridir. Günümüzdə qarşısı alına bilən ölümlərin siqaretdən sonra gələn ikinci vacib səbəbi piylənmədir.

Müəllif: Dr. Hidayət Məmmədzadə, həkim-endokrinoloq.

Əhəmiyyətli bir məqam isə son illərdə piylənmə xəstəliyinin uşaq və yeniyetmələr arasında getdikcə daha çox rast gəlinməsidir. Bu problemin aktuallığını düşünərək, həkim olaraq vurğulamaq istədiyimiz məsələ piylənmənin müalicəsindən daha çox profilaktikasının vacibliyini ortaya qoymaqdır. Bu problem metabolik-endokrinoloji xəstəlik olsa da terapevt, kardioloq, nevroloq, psixiatr, qastroenteroloq, qulaq-burun-boğaz, fizioterapevt və reabilitasya, ortoped və bir çox ixtisas həkimlərini də maraqlandırmaqdadır.

Sadə dildə desək, piylənmə orqanizmdə artıq yağ toplanmasıdır. Orta bədən kütləsinə malik kişilərdə piy toxuması normada 15-20%, qadınlarda isə 25-30% arasındadır. Bədən yağ kütləsini hesablamaq xüsusi alətlərlə olduğu üçün piylənmə, artıq yağdan daha çox, artıq çəki olarak qəbul edilir. Bu xəstəlik bir çox, xüsusən inkişaf etmiş ölkələrdə yayılıb və yaşlı əhalinin demək olar ki, böyük bir qismini əhatə edir. Qeyri-düzgün qidalanma, normadan artıq yemək və azhərəkətli həyat tərzi piylənməni yaradan əsas səbəblərdəndir. Bəzən isə piylənmənin səbəbi kimi müxtəlif endokrin pozğunluqlar və dərman preparatlarının qəbulu qeyd olunur.

Piylənmənin səbəbləri əsasən aşağıdakılardır:

  • Normadan artıq yemək
  • Azhərəkətli həyat tərzi
  • Endokrin sistemin pozğunluqları
  • Genetik konstitusiya

ÜST artıq çəki və piylənməni bədən kütlə indeksinə [BKİ = Çəki (kg)/Boy (m2)] əsaslanaraq diaqnoz qoymağı tövsiyə etmişdir. Piylənmələrin diaqnostikası isə səbəbin aşkarlanması ilə bağlıdır.

Bədən kütlə indeksi xəstəliyin diaqnostikasında mühüm əhəmiyyət kəsb edir.

  • BKİ-20,0-24,9 m2/ kq — Norma
  • 25-29,9 m2/ kq Artıq bədən çəkisi
  • 30-34,9 m2/ kq I dərəcəlipiylənmə
  • 35-39,9 m2/ kq II dərəcəli piylənmə
  • >40 m2/ kq III dərəcəli piylənmə, başqa sözlə morbid obezite, yəni çox ağır piylənmə xəstəliyi olaraq qəbul edilir.

Endokrinoloqlar, dünyada  artıq çəkini, adətən, BKİ = 25.0-29.9 kg/m2 və piylənmə xəstəliyini isə (Obezite): BKİ≥30 kg/m2 olaraq qəbul edirlər.

Bunu hər bir kəs özü də hesablayıb tapa bilər.

  • Məsələn,Boyunuz: 162 sm
  • Çəkiniz: 60 kq olarsa,
  • Sizin bədən kütlə indeksiniz: 22.9 kq/m2, yəni normaldır.

İnkişaf etmiş ölkələrdə hazırda 25% əhali piyləmə xəstəsi, 25%artıq çəkili, 25%-i isə normal çəkili, ancaq genetik olaraq piylənməyə meyilli olaraq qəbul edilməkdədir.

Tibbi olaraq adətən ilkin (birincili, essensial) və ikincili (sekundar) piylənmə qeyd olunur. İlkin piylənmə qeyri-düzgün qidalanma və az hərəkətli həyat tərzi nəticəsində meydana çıxır. İkincili piylənmə isə sinir sisteminin və daxili sekresiya vəzilərinin müxtəlif pozğunluqları nəticəsində meydana çıxır.

İkincili piylənmələrdən isə ən çox rastlaşdığımız hipotalamik-hipofizar, bir sözlə endokrin növ piylənmələrdir. Birincili piylənmə demək olar ki, bütün piylənmələrin 75%-ni təşkil edir. Bununla bərabər, birincili piylənmə də yerli və ümumi piylənməyə bölünür. Yerli piylənmə zamanı piy qatı lipoma şəklində müxtəlif yerlərdə dərialtında toplanır.

Narahatlıq doğuran məqam piy toxumasının qarın, sarğı, bud nahiyələrində toplanması (abdominal-android, ginoid, qarışıq tiplərə bölürük) və daxili orqanların içdən, visseral yağlanması metabolik sindrom riskini artıraraq zamanla xəstəni digər problemlərə aparır. Piylənmənin endokrin formalarına əsasən hipofizar və adipozogenital piylənmələr aiddir ki, bu zamanı piy toxması adətən, döş qəfəsi, bud, sağrı və qarnın aşağı hissəsində toplanmış olur. Adipozogenital piylənmələrdə xəstələr fiziki və cinsi inkişafdan geri qalıb, infantilizim müşahidə olunur.

Cinsi orqanların inkişafdan qalması və kişilərdə evnuxoidizm əlamətləri, yəni qasıq və qoltuqaltı nahiyələrdə tüklərin olmaması bu zaman xarakterik əlamətlərdəndir. Bütün növ piylənmə xəstəliyində hipofizar patologiya və sindromlar mütləq araşdırılmalıdır. Xüsusən hipofizin ön payının adenoması — Kuşing sindromu ağıla gəlməli, diqqətli araşdırılmalıdır. Kuşing sindromu zamanı piy üzdə (ayabənzər üz əmələ gəlir), boyunda, ənsə nahiyəsində, qarında, döş qəfəsi nahiyəsi və beldə toplanır, ətraflar isə arıqlayır.Sağrı, boyun və süd vəziləri nahiyəsində bənövşəyi rəngdə striyalar (çatlaq və xətlər) görünür ki, bu da dəridə kollagen sintezinin azalması və s. proseslərlə əlaqədar meydana çıxır. Əlavə olaraq, bu xəstələrdə hipertoniya müşahidə olunur, bəzən isə şəkərli diabet xəstəliyi də meydana çıxa bilər. Bu səbəblərdən hər bir piylənmə xəstəsinə, sadəcə estetik qüsur kimi baxmayıb bir endokrin patologiya olaraq, araşdırılaraq müayinə edilməsi üçün  həkim endokrinoloqun baxışı vacib şərt olur.

Piylənmənin nəticələri xoşagələn deyil, belə ki, aşağıdakı xəstəliklər meydana çixa bilər:

  • 2-ci tipşəkərli diabet
    Ürək-damar sistemi xəstəlikləri, o cümlədən ateroskleroz, ürəyin işemik xəstəliyi, mio­kard infarktı, hipertoniya, hiperlipidemiya
  • Tənəffüs sisteminin xəstəlikləri
  • Oynaqların degenerativ xəstəlikləri
  • Öd daşı xəstəliyi
  • Damar xəstəlikləri (varikozlar)
  • Onkoloji xəstəliklər, düz bağırsaq və yoğun bağırsağın xərçəngi, qadınlarda uşaqlıq, süd və­zi, yumurtalıq xərçəngi, kişilərdə isə prostat vəzin xərçəngi
  • Endokrinopatiyalar
  • Qan xəstəlikləri
  • Dəri xəstəlikləri
  • Yuxu apnesi sindromu
  • Psixoemosional pozğunluqlar
  • Sonsuzluq və s.

Piylənmə xəstəliyinin yaranmasında xətalı yemə davranışları, doğru bilinən yanlışlar böyük rol oynayır.

Xətalı qida qəbulu davranışlarının ən vacibləri bunlardır:

  • Uzun müddət süfrədə qalmaq, uzanmış ziyafət saatları,
  • Normadan çox qida qəbulu,
  • Gecə yuxudan durub yemək yemək,
  • Sıxıntılı, stressli zamanlarda davamlı yemək,
  • Su içməmək və ya az içmək, bunun yerinə yüksək enerjili içkilər istifadə etmək və s.
  • Ziyarət və dəvətlərə tez-tez getmək,
  • Axşam yeməyindən sonra yatıncaya qədar davamlı yemək,
  • Yüksək kalorili çərəz, ləbləbi, şirin meyvə və şirələr, şirin sular və s. meyillilik,
    xüsusən işləyən pasientlərdə təbii qidalar yerinə hazır, şəkərli, fast-food, ismi verilən enerji dəyəri yüksək qidalara meyillik,
  • Aclıq hissi olmadan belə qida qəbulu,
  • Axşam evə gəldikdən sonra yemək zamanına qədər «atışdırmaq» və sonra təkrar yemək,
  • Öyün adlatmaq və ya öyün aralarında davamlı bir şeylər yemək,
  • Yemək yeyərkən başqa işlərlə məşğul olmaq (davamlı söhbət etmək, TV seyr etmək, oxumaq və s., hansı ki, bunlar yemə prosesini uzadacaq və süfrədə çox qalacaqsınız)
  • Yemək saatlarından sonra da davam edən çay dəstgahı və çay süfrələrində fərqinə varmadan qəbul edilən bəsit şəkər və un məmulatları,
  • Sürətli yemək, böyük loxmalar almaq, az çeynəmək və s.

Klinik hal: Xəstə Rauf Əliyev- 22 yaşında pəhriz müalicəsi zamanı 6 ay ərzində 32 kq arıqlamış və bizə təşəkkür məktubu yazmışdır. Hər aya təxminən 5 kq, son altı ayda heç bir dərman qəbul etmədən pəhriz və idman sayəsində 32 kq arıqlayan, özünü daha gümrah, sağlam hiss edən Rauf bəyin öz istəyi ilə yazmış olduğu məktubunu və şəkillərini Sizlərlə paylaşırıq:

“Hörmətli Hidayət həkim, sayənizdə sağlam həyat tərzi keçirmək barədə məsləhətlərinizə qulaq asaraq heç bir dərman qəbul etmədən 6 ay ərzində 94 kq-dan 62 kq-a düşərək indi özümü daha gümrah və daha sağlam hiss edirəm. Nümunə üçün 6 ay əvvəlki və indiki şəklimi facebook səhifənizdə pasientlərinizə göstərmənizi istəyirəm. Sizə çox-çox təşəkkür edirəm”.  Hörmətlə: Rauf Əliyev

Piylənmənin estetik qüsur deyil, ciddi  bir xəstəlik, müalicənin isə dərmanlardan daha çox pasientin özündən asılı olan pəhriz, idman və fikiziki fəallığa bağlı olmasını unutmamaq lazımdır.

Maraqlıdır

Yaşıl çayın faydaları

Yaşıl çay xərçəngin qarşısını ala bilər. Müşahidələr göstərir ki, tez tez yaşıl çay içən qadınlarda 20-30% döş xərçəngi daha az görülür. Həmçinin yumurtalıq xərçəngi və endometrial xərçəngdən qoruya bilər.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *