Qan laxtalanmasını azaldan 16 qida

Artıq hər kəs bilir ki, koronavirus infeksiyasının ağırlaşma səbəblərindən biri olan tromblaşma  xəstələr arasında ölüm hallarının artması ilə nəticələnir. Bunu nəzərə alaraq, bu infeksiyanın bütün müalicə protokollarına qandurulducu preparatlar daxil edilir. Tromblaşma nədir və niyə yaranır? — bu barədə qısa danışmaq istəyirəm. İnsan orqanizminin  xəstəliklərə qarşı mübarizə aparmaq və təhlükəli vəziyyətlərdə yaşamağa kömək edən öz müdafiə sistemləri və reaksiyaları var.

Müəllif: İradə Abdullayeva, həkim-kardioloq, dietoloq, ANDOP mütəxəssisi

Bu müdafiə reaksiyalardan biri — qan sisteminin reaksiyasıdır. Bu reaksiya adheziya  (yapışma) və trombositlərin qan damarlarının divarlarına aqreqasiyası (toplanma) yolu ilə, qan itkisinin qarşısını almaqdan və daha sonra tromblaşma (laxta) ilə nəticələnən koaqulyasiyadan (laxtalanma) prosesindən ibarətdir. Yəni, tromblaşma prosesində əsas iştirakçı hüceyrələr  trombositlərdir. Ancaq qanın bu müdafiə funksiyası bəzən təhlükəyə çevrilə bilər. Əgər hər hansı bir səbəbdən qanın laxtalanma qabiliyyəti artırsa, tromblaşma riski ola bilər. Tromb  qan dövranının qarşısını kəsərək toxumaların qanla təchiz olunmasına əngəl ola bilər. Bəzən qan laxtaları damar divarından qoparaq, qan dövranına daxil olur, həyati vacib orqanlara — ürək və ağciyərlərə ölümcül təhlükə yaradır. Buna emboliya deyilir.

Buna görə tibbdə həddindən artıq tromb meydana gəlməsinin qarşısını alan müxtəlif fəaliyyət mexanizmli xüsusi preparatlardan istifadə olunur. Bunlar antiaqreqant və antikoaqulyantlardır.  Amma bu preparatlar tromblaşmanın həddindən çox artmasının qarşısını almaq və müalicəsi məqsədi ilə ancaq xüsusi göstəriş olduqda istifadə edilə bilər. Yəni, həkim tövsiyəsi olmadan Covid-19 infeksiyasının qarşısını almaq məqsədi ilə — profilaktik vasitə kimi istifadə edilə bilməz. Amma elə qidalar var ki, qandurulducu xüsusiyyətə malikdir və tromboz təhlükəsi yaradan qan laxtasının miqdarını azaldır. Bu qidalardan istifadə etmək profilaktik olaraq, qan laxtasının və insultun yaranmasının qarşısını alır. Əlbəttə ki, bu məhsullar lazımi miqdarda istifadə olunmalı və fərdi xüsusiyyətlər, əks göstərişlər nəzərə alınmalıdır. Bu məhsullardan əsasları sadalamaq istərdim.

Zəncəfil — qan viskozitesini azaltma qabiliyyəti var.  Zəncəfildəki  xüsusi bir maddə  — gingerol omega-3  və omega-6 yağ turşuları ilə birlikdə, trombositlərin bir-birinə yapışmasına mane olan xüsusi fermentlər istehsal edir. Gingerol  əvvəldən mövcud olan xolesterini qandan uzaqlaşdırır  və yenidən meydana gəlməsinin qarşısını alır, qanı daha duru hala gətirir. Zəncəfil yemək damarlardakı «pis» xolesterin  səviyyəsini aşağı salır və qan axınını artıraraq, onun bütün orqanlara daxil olmasına kömək edir.

Kayen bibəri – təbii, ən güclü qandurulducu qidalardan biridir. Gündəlik rasionunuza kayen  bibəri əlavə etmək  təzyiqin aşağı düşməsinə və qan dövranının yaxşılaşmasına  kömək edə bilər. Bibərin bu təsiri tərkibində çox miqdarda olan salisilatın hesabına baş verir.

Omega-3 ilə zəngin qidalar. Omega-3 yağ turşuları qan axınını yaxşılaşdırır və qan təzyiqini normallaşdırır, «yaxşı» (HDL-yüksək sıxlıqlı lipoprotein) xolesterin səviyyəsini artırır, qan damarlarının divarlarını gücləndirir və elastikləşdirir. Bundan əlavə, omega-3  homosistein konsentrasiyasını  aşağı salır. Homosisteinin – bu aminturşusunun orqanizmdə toplanması  arteriyaların daxili divarlarına zərər verir, trombların artmasına səbəb olur. Bu səbəbdən, rasiona yağlı balıq, qoz, bitki yağları və kətan  toxumu daxil etmək lazımdır.

Sarımsaq -güclü antioksidandır, iltihab əleyhinə təsir göstərir. Bir qandurulducu kimi, sarımsağın əhəmiyyəti  o qədər  çoxdur ki, dərman preparatları — antikoaqulyantlarla birgə çox miqdarda qəbuluna icazə verilmir.

Darçın. Bu ədviyyat güclü bir antikoaqulyantdır: gündəlik qəbul etdikdə qan təzyiqini aşağı salır, iltihabı azaldır, insultdan qoruyur. Amma darçını həddindən çox qəbul etməyin, çünki ifrat dərəcədə istifadəsi qaraciyərə zərər verə bilər.

Qırmızı kələm. Əslində, kələm turşusu da daxil olmaqla, bütün növ kələmlər qaraciyərə faydalıdır. Lakin qırmızı kələm digərlərindən fərqli olaraq, faydalı maddələrə — kalium, C və B qrupu vitaminləri ilə daha çox zəngindir. Kələm yemək qanın keyfiyyətini yaxşılaşdırır və qan laxtalanmasının qarşısını alır.

Su. Bədənimizin, demək olar ki, 90%-i sudur. Buna görə orqanizminizdə xoşagəlməz simptomlar yarandıqda mümkün qədər çox su içməyə başlayın. Sağlam bir insanın su istehlak norması hər kq üçün 30 ml-dir.

Moruq. Bu ləzzətli, şirin giləmeyvə orqanizmi gücləndirir, hərarəti salır. Həmçinin aspirinin tərkibindəki maddələri ehtiva edir.

Soğan — qan laxtasının miqdarını azaldan və eyni zamanda, mövcud olan trombları aradan qaldırmağa kömək edən maddələrdən ibarətdir. Üstəlik, təkcə çiy yox, həmçinin bişmiş soğan da faydalıdır.

Pomidor. Pomidorların tərkibində xolesterini azaldan likopen və qan damarlarının divarlarını gücləndirən rutin var.

Sarıkök. Darçın kimi, sarıkökdə də qandurulducu və tromblaşmanın qarşısını alan kumarin maddəsi var.

Cücərmiş buğda — yaşlanmanın qarşısını alır. Eyni zamanda, əla qandurulducudur. Salatlara əlavə edərək yeyə bilərsiniz.

Nar — tərkibi antioksidanlarla və kaliumla zəngindir. Nar damarları qoruyur və elastikləşdirir.

Sitrus meyvələr — C vitamini və su ilə zəngindir. Limon qandurulucu xüsusiyyəti ilə daha çox tanınır. Sitrus meyvələri adi halda yeyə və ya çaya əlavə edə bilərsiniz.

Bal. Digər faydalı xüsusiyyətləri ilə yanaşı, bal qandurulducu təsir göstərir, qanı yaxşılaşdırır.

Xurma. Tərkibindəki flavonoidlərin sayəsində, qanı duruldur, xolesterini azaldır, qan damarlarının divarlarını gücləndirir və laxta yaranmasının qarşısını alır.

Bu məhsullardan istifadə edərkən miqdara  diqqət edin və əks göstərişlər olduğunu unutmayın.

Maraqlıdır

Yaşıl çayın faydaları

Yaşıl çay xərçəngin qarşısını ala bilər. Müşahidələr göstərir ki, tez tez yaşıl çay içən qadınlarda 20-30% döş xərçəngi daha az görülür. Həmçinin yumurtalıq xərçəngi və endometrial xərçəngdən qoruya bilər.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *