Sağlam qida sağlam düşüncə deməkdir

İnsan öz ehtiyaclarını qarşılamaq üçün əsrlər boyu hər zaman fəaliyyətdə olub.  Hələ qədim zamanlarda istər qida axtararkən, istər vəhşi heyvanlardan qorunarkən, istərsə də yaşamaq üçün özünə sığınacaq hazırlayarkən insan yetərincə enerji sərf edirdi. Bu gün isə texnologiyaların insanlara verdiyi rahatlıq, eyni zamanda həyat tərzinin dəyişilməsi və hərəkətliliyin azalması ucbatından, enerji xərci də azalıb. Əsasən, böyük şəhərlərdə yaşayan, daim oturaq şəraitdə işləyən hər bir ofis işçisi, işə maşınla gedib gələn, evə çatar-çatmaz televizor qarşısında divanda uzanan hər bir şəxs bu gün enerji alış-verişini doğru şəkildə reallaşdıra bilmir.

Müəllif: Dr. Gülşən Rzayeva, həkim-dietoloq.

Tədqiqatçılar düşünürlər ki, televiziyaya yönəlmiş bir beyin ağzının nə etdiyinə o qədər də önəm vermir. Könüllülər üzərində aparılan sınaqlar göstərib ki, televizor seyr edərkən insanın 40-44%-i daha çox qida yeyir. Əgər insan izlədiyindən zövq alarsa, bu faiz daha da arta bilər. Bunun tam əksinə, diqqətimizi televiziyadakı verilişlərə yox, yediklərimizin dadına yönəltsək, daha çox məmnun qalarıq və buna görə daha az yeyərik. Piylənməyə meyillilik ilə TV seyr etmək vərdişi arasındakı əlaqə bu günə qədər yalnız «dözümsüzlük»lə izah edilib. Həmçinin əyləncəni izləmə müddəti də vacibdir.

Piylənmə bütün dünyada olduğu kimi, artıq Vətənimizdə də pandemiya halını almış bir xəstəliyə çevrilmək üzrədir. Bu problem enerji qəbulunun artması və enerji xərcinin azalması ilə əlaqəli olaraq, homeastazın pozulmasından irəli gəlir. Piylənmənin inkişafına həm də genetik, sosial, psixoloji amillər, davranış pozğunluqları, ailə ənənələri və s. geniş şərait yaradır.

Bu gün yemək ehtiyacını ödəmək üçün gənclərimiz ayaqüstü zərərli qidalar yeyirlər, su ehtiyaclarını müxtəlif şəkərli, qazlı sular hesabına ödəyirlər. Həmçinin özlərini gümrah hiss etmək üçün enerji içkiləri qəbul edirlər. Halbuki, yorğunluq əksər hallarda mineral və vitamin əskikliyindən qaynaqlanır. Bu isə müxtəlif metabolik pozğunluqlara, o cümlədən artıq çəki probleminə gətirib çıxarır. Artıq çəki ilə mübarizə apardığımız bu dövrdə texnologiyanın bizə verdiyi rahatlıq, ayaqüstü qidalar əslində, bizim işimizi daha da çətinləşdirir. Təsadüfi deyil ki, davranış pozğunluğunun nəticəsi olaraq, artıq çəki problemi bu gün xəstəlik səviyyəsini almış, qarşısıalınmaz bir hala çevrilmişdir. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumatlara əsasən, bu gun dünyada 1.7 milyard insan piylənmədən əziyyət çəkir. Verilən proqnozlara görə, 2025-ci ildə bütün dünya üzrə kişilərin 40%-i, qadınların isə 50%-i piylənmədən əziyyət çəkəcək. Hər il 14 yaşa qədər uşaqlar arasında artıq çəkili olanların sayı 7% artır. Piylənmədən əziyyət çəkən uşaqların sayı artaraq, dünya üzrə 2014-cü ildə 42 milyona çatıb.

Visseral piy toxumasının funksiyası daxili orqanları qorumaqdır. Amma artıq çəki problemi visseral piy hüceyrələrinin artması ilə müşayiət olunduqda insulin rezistentliyinin inkişafına, dislipidemiya, metabolik sindrom, ikinci tip diabet və ateroskleroz kimi xəstəliklərin yaranmasına səbəb ola bilir. Bu toxuma piylənməsi olan xəstələrdə 20 kq, bəzən isə daha artıq olur. Piylənmənin qarşısı alınmadıqda metabolik pozğunluqlar yaranır, bu isə davranış reaksiyalarına nəzarət edən hipotalamo – hipofizar sistemin tənzimləmə fəaliyyətinin pozulması ilə nəticələnir. Bu zaman Hipotalamo – hipofizar sistemin aktiv fəaliyyəti AKTH (hipofizin ön payında ifraz olunan polipeptid (39 aminturşusu) hormondur) sintezinin artmasına səbəb olur. Bu isə dolayı yolla kortizolun artması ilə nəticələnir. Nəticədə, lipolitik təsirə malik olan somatotrop hormonun miqdarı azalır, hiperinsulinemiya inkişaf edir, tiroid hormonlarının metabolizmi və toxumalarında pozğunluqlar yaranır.

Bu da xəstənin özünü halsız, yorğun, depressiv və enerjisiz hissetməsi ilə nəticələnir. Belə xəstələr özünü gümrahlaşdırmaq məqsədi ilə yenidən enerjili, zərərli içkilərdən və ya antidepressantlardan istifadə etməklə vəziyyəti daha da qəlizləşdirirlər. Bu insanlarda immunitet zəifləyir, yaddaş pozğunluğu, yuxusuzluq və ya hədsiz yuxululuq müşahidə olunur. Visseral piylənməyə abdominal piylənmə də deyilir. Əksər hallarda abdominal piylənmə əmələgəlmə mexanizminə görə ekzogen-konstitusionaldır. Xəstəliyin əsasında irsi faktorlar, qeyri-sağlam qidalanma və hərəkətsizlik durur. Şəkərin və ya sadə karbohidratların normadan artıq qəbulu  qanda qlükoza konsentrasiyasının artmasına və hiperinsulinemiyanın inkişafına (insulin ifrazının artması), iştahanın stimulyasiyasına, liposintezin aktivasiyasına gətirib çıxarır.

Beləliklə, qüsurlu dövran əmələ gəlir və qidaya tələbat artır. Abdominal piylənməni qiymətləndirmək üçün bel çevrəsinin ölçülməsi metodundan istifadə olunur. Bel çevrəsinin ölçülməsi visseral piylənmənin göstəricisi ola bilir. ÜST – nın hesablamalarına görə, Avropa üzrə bel ölçüsü kişilərdə maksimum 94 sm, qadınlarda isə maksimum 80 sm olmalıdır. Bu rəqəmlər Amerika və Türkiyə üzrə bir az dəyişir. Belə ki, Amerikada kişilərdə bel çevrəsinin ölçüsü maksimum 102 sm, qadınlarda 88 sm olmalı; Türkiyədə isə kişilərdə maksimum 96 sm, qadınlarda 90 sm olmalıdır. Piylənmənin artmasına bir sıra amillər təsir edir. Bu amillərə həddindən artıq kalori qəbulu, qəbul edilən enerjinin düzgün  xərclənməməsi, fiziki aktivliyin aşağı olması, psixoloji və emosional qidalanma, hormonal və psixotrop preparatların əks təsiri, bir sıra endokrin pozğunluqlar, yuxusuzluq, stress və s. misal gətirmək olar.

Aleksandr Lif dünyanın müxtəlif coğrafi bölgələrində araşdırmalar aparıb. Bu araşdırmalar dünyanın ən uzunömürlü insanlarını axtarıb, bunun sirrini tapmağa yönəlmişdi. Bu araşdırmaya 3 qrup daxil edilmişdi: Pakistanın Hunza bölgəsi, Ekvadordakı Vilcabamba və Rusiyanın Abbaziya bölgəsində yaşayanlar. Bu üç qrupa daxil olanların hamısı dağlarda yüksəkliklərdə (2000 metrdən yuxarı) yaşayır, təbii məhsullarla qidalanır və tərəvəzlərə daha çox üstünlük verirlər. Gündəlik qəbul etdikləri enerji 1500- 1800 kkal civarındadır, təmiz və təbii bir mühitdə yaşayırlar, çox aktiv həyat tərzi sürürlər. Eyni zamanda ağır fiziki hərəkətlər edirlər.

Buradan belə nəticəyə gəlmək olar ki, uzunömürlülüyün sirri təmiz hava, fiziki aktivlik və sağlam qidalar tükətməkdən ibarətdir. Amma böyük şəhərlərdə yaşayan insanlar üçün təmiz hava real olmaya bilər. Təəssüf hissi ilə qeyd etməliyəm ki, bu gün ətraf mühitin çirklənməsi, zavodlardan, avtomobillərdən və ya digər texnoloji avadanlıqlardan qəbul etdiyimiz toksin yüklü hava, radiasiya şüaları, marketlərdə qidaların uzun müddət saxlanılması üçün istifadə olunan kimyəvi maddələr, paketlənmiş məhsullar, hətta içdiyimiz su belə, orqanizmimizə müxtəlif toksinlərin  daxil olmasına səbəb olur və bundan qaçmaq mümkün deyil. Bədənimizin toksinlərdən təmizlənməsini təmin edən bir sistem var. Dərimizdən tutmuş tənəffüs yollarındakı incə tüklərə və seliyə qədər bir çox ünsür zərərli maddələri orqanizmdən kənarlaşdırmaq üçün çalışır.

«Peyer düyünləri» adı ilə tanınan və nazik bağırsaqları əhatə edən limfoid toxuma zərərli maddələrin qidalarla birlikdə bağırsaqdan süzülüb, qan dövranına daxil olmasına mane olur.

Böyrəklər isə bir dəqiqədə yarım fincan qanı təmizləyərək sidik cövhəri kimi toksinlərin çıxarılmasını təmin edir. Bütün bu orqanlar sisteminin düzgün işləyərək sağlamlığımızın keşiyində dura bilməsi üçün bizim  qayğımıza ehtiyacı var. Məhz buna görə də seçdiyimiz qidalar sağlam, düzgün olmalıdır.

Orqanizmdə 500-ə yaxın funksiya yerinə yetirən qaraciyər mühafizə funksiyası da daşıyır – kapillyarların endotel hüceyrələri (Kupfer hüceyrələri) faqositoz vəzifəsini görür (bağırsaqlardan qana süzülmüş və maddələr mübadiləsindən sonra yaranmış zəhərli maddələri zərərsizləşdirir). İstər hava yolu ilə, istərsə də qidalarla qəbul etdiyimiz toksinlərin bizə zərər verməməsi üçün gecə-gündüz çalışan qaraciyərin yanlış qida və artıq çəki səbəbindən  piylənməsi bu gün inkişaf etmiş ölkələrdə səhiyyə sisteminin aktual problemlərindəndir. Qaraciyərin yüngül dərəcəli piylənməsindən başlayan bu xəstəlik İltihabi Steatohepatit, Qaraciyər Fibrozu və Sirrozu ilə nəticələnən geniş xəstəliklər spektrini əhatə edir. Orqanizmə yararlı olması üçün qaraciyər protein, karbohidrat, yağ və vitaminləri müəyyən kimyəvi proseslərdən keçirir. Şəkərli qidalar, tərkibinə dadlandırıcılar əlavə edilmiş içkilər, doymuş yağlar qaraciyərdə metabolizmə uğrayaraq, enerjiyə çevrilir. Bu enerjinin bir hissəsi istifadə olunur, digər hissəsi isə piy şəklində depolanır. Bütün bunlar kimyəvi proseslər yolu ilə baş verir. Və bu zaman zəhərli maddələr qidaların tərkibindən sərbəst radikallar (toksinlər) şəklində ayrılır. Tərəvəzlərdən, bitkilərdən və azşəkərli  meyvələrdən istifadə etmək orqanizmi antioksidantlarla zənginləşdirir və qaraciyərin detoksikasiyasını (toksinlərdən təmizlənmə) həyata keçirir.

Orqanizmdə 3 cür piy toxuması var:  ağ, boz və qonur. Üstünlük təşkil edən ağ piy toxuması enerjinin saxlanılmasını təmin edir. Piylənməyə səbəb olan toxuma məhz bu toxumadır. Boz və qonur piy toxumasına gəldikdə isə, alimlər uzun illər boyu bu toxumanın yalnız yeni doğulmuş körpələrdə üstünlük təşkil etdiyini iddia edirdilər. Hesab edirdilər ki, bu piyin əsas funksiyası yeni doğulmuş körpənin ətraf mühitə uyğunlaşmasını təmin etməkdir. Belə ki, qonur piy toxumasının tərkibi mitoxondirilərlə zəngin olduğu üçün lipidlərin yandırılması və istiliyin ayrılması prosesi daha sürətli gedir. Qonur piy toxumasına özünəməxsus rəng verən də məhz mitoxondirilərdir. Son illərin araşdırmalarında isə müşahidə edildi ki, iqlim dəyişikliyi ilə əlaqədar olaraq, boz-qonur piy toxumasında artıb-azalma baş verir. Belə ki, soyuq mühitdə boz-qonur piy toxumasının faizi nisbətən artır. Həmçinin hər bir insanda bu piy toxumasının varlığı sübut olundu. Qonur piy toxuması servikal və supraklavikulyar bölgələrdə toplanır. Lakin yaş keçdikcə ağ piy toxuması artır, qonur piy toxuması və əzələ toxumasının azalması müşahidə olunur. Yaşlılarda fiziki aktivliyin azalması, yanlış qidalanma, hormonal dəyişikliklər, stres faktorları orqanizmin tarazlayıcı funksiyasını pozaraq sarkopenik piylənməyə səbəb olur.

GWAS – (Genowid Birliyi Tədqiqatları) əsasən piylənmənin inkişafını təyin edən genlər arasında MC4R (melanokortin 4 reseptor), ADRB3 (β3-adrenergik reseptor), PCSK1 (proprotein konvertasiya subtilisin kexin 1), BDNF (beyin mənşəli neyrotrofik amil), LCT (laktaza), MTNR1B (melatonin reseptoru 1 B), ENPP1 (ekonükleotid pirofosfataza / fosfodiesteraza 1), FGFR1 (fibroblastın böyüməsi) amil reseptoru 1) və LEP / LEPR (leptin / leptin reseptoru) və s əsas yer tutur.

Artıq çəkili insanların bəzilərinin genetik baxımdan piylənməyə meyilli olması təsdiqlənmişdir. Belə insanlar qidalanmaya xüsusi diqqət etməli, müntəzəm qaydada fiziki aktivliklə məşğul olmalı, sağlamlıqlarını qorumalıdırlar. Çünki bu insanların

metabolik mexanizmləri genetik olaraq, obez insanlardakı kimi işləyir və belə insanlar “metabolik obez” qrupuna daxil edilirlər. Digər bir qrup insanlarda isə, artıq çəki və piylənmə ilkin mərhələdə ikən heç bir genetik və metabolik problemə rast gəlinməzsə, bu insanları “sağlam obez” kimi qiymətləndirmək mümkündür.

Sağlam və aktiv həyat tərzi sürmək üçün orqanizmin lazımından artıq yağa ehtiyacı olmadığı kimi, yağsız orqanizm də sağlam sayıla bilməz.  Orqanizm qidalardan aldığı yağları depo halında qaraciyərdə toplayır və ehtiyacı olduqda onu istər bədən temperaturunun tənzimlənməsində, istərsə də enerji hasilatı üçün sərf edir.  Orqanizmdə yağların depolanması məhdudiyyətsiz bir şəkildə baş verə bilir. Yağlar orqanizmdə enerji hasilatı ilə yanaşı, bir sıra digər faydalı işlər də görür. Belə ki, yağda həll olunan vitaminlərin  — A, D, E, K — orqanizmə düzgün çatdırılmasını və sovrulmasını yağlar təmin edir. Yağlar eyni zamanda orqanizmin ən kiçik hissəcikləri və hüceyrələrinin düzgün fəaliyyəti, böyüməsi və çoxalması üçün ana maddələrdir. Orqanizmin sağlam fəaliyyət göstərməsində yağ turşuları- omega 3, omega 6 və omega 9 böyük rol oynayır. Unutmamalıyıq ki, beynimizin üçdə ikisi yağlardan təşkil olunub.  Sağlam düşüncə və beyinin öz funksiyalarını düzgün şəkildə həyata keçirə bilməsi üçün yağlar çox vacibdir. Ona görə də, hər bir insanın sağlam qida rasionunda çox vacib komponentlər — yağlar, proteinlər və karbohidratlar mütləq öz yerini tutmalıdır.  Sağlam qidalanma sayəsində, orqanizmin hər bir hüceyrəsi lazımi maddələrlə yetərincə təmin olunur.  Sağlam qidalanın ki, sağlam düşünəsiniz!

Maraqlıdır

Yaşıl çayın faydaları

Yaşıl çay xərçəngin qarşısını ala bilər. Müşahidələr göstərir ki, tez tez yaşıl çay içən qadınlarda 20-30% döş xərçəngi daha az görülür. Həmçinin yumurtalıq xərçəngi və endometrial xərçəngdən qoruya bilər.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *