Yaşıl çayın faydaları

Çay dünyada istehlak edilən ən məhşur içkilərdən biridir. Bütün növ çaylar Camellia Sinensis bitkisindən alınır. Bu bitkinin qurudulmuş yarpaqlarından və yarpaq tumurcuqlarından müxtəlif çaylar hazırlanır. Çay ağacının vətəni Çin hesab olunur. Yaşıl çay eramızdan 3000 il əvvəl Çində kəşf olunub, daha sonra Asiya ölkələrinə yayılıb. Çinlilər yarpaqdan alınmış həlimin insan orqanizminə faydalarını görüb bu bitkini becərməyə başlamışlar.

ANDOP tələbələri – Könül Məmmədova, Ismayılova Gültəkin, Məmmədova Günay, Məlikli Şəfa, Rzayeva Səidə, Babayeva Lalə, Orucova Aida, Abbasova Aygün, Nurtən Məmmədova, Əşrəfova Günel, Sərkərova Günel, Quliyeva Meyxanım, Abdiyeva Aynurə, Qiymət Umarova, Turan Mahmudova, Şamilova Nərminin araşdırdığı məlumatları birləşdirərək yaşıl çay haqqında məqalə formasında yazan ANDOP təlimçisi Gülsüm Hüseynova.

Çayın növü yarpaqlarının oksidləşmə dərəcəsindən asılıdır

Günümüzdə çay əsasən Yaponiya, İndoneziya, Vyetnam, Hindistan, Hindistan, Şri Lankada istehsal olunur. Dünyada hər il əkilən 2,5milyon ton çay yarpağının 20%-i yaşıl çayın payına düşür.

Ənənəvi olaraq Hindistan və Çin mədəniyyətində yaşıl çay temperaturu azaltmaq, qanaxmanı dayandırmaq, yaraların müalicəsi üçün istifadə olunurdu.  Çayın növü yarpaqlarının oksidləşmə dərəcəsindən asılıdır. Yaşıl çay fermentləşdirilmir və ya bu proses 2 gündən artıq çəkmir. Yaşıl çayın istehlakı zamanı təzə yığılmış yarpaqlar fermentasiyanın qarşısını almaq üçün dərhal buxarla qurudulur, nəticədə quru məhlul alınır. Bu proses yaşıl çayın tərkibindəki polifenolları qoruyur.  Buna görə də yarpaqlarının rəngi daha açıq rəngdə olur. Qara çayda isə bu proses 2 həftədən 1 aya kimi çəkir. Hər iki növ çay faydalıdır, lakin müxtəlif miqdarda vitamin, mineral və antioksidant maddələrdən ibarətdir.

Müxtəlif məlumatlara əsasən çayın tərkibində 300-ə qədər kimyəvi maddə mövcuddur. Çaya yaxşı dadı efir yağları verir.  Həmçinin efir yağları bakteriyalarla mübarizədə orqanizmə kömək edir.

Yaşıl çayın quru yarpaq kütləsinin 30%-i katexinlərlə zəngindir

230 ml yaşıl çay 20-45% polifenoldan təşkil olunmuşdur. Tərkibində — A,E, C, K, B qrup vitaminlər, Ca, Zn, K, Fe,Mg, Na,P,Cu  kimi mikroelementlər, 20 növ amin turşuları vardır. Həmçinin pektin, qlükoza, fruktoza, sellüloza, saxaroza kimi karbohidratlar, lipidlərdən – linoleik və linolenik turşuları tərkibində vardır.  240ml yaşıl çay 2,4 kkal edir.

Həm yaşıl həm də qara çay polifenolların alt qrupu olan flavanoidlərlə zəngindir. Yaşıl çayda katexinlərin dörd əsas növü vardır.Epikatexinlər(EC), Epikatexin-3- gallat(ECG), Epigallokatexin gallat(EGC) və Epigallokatexin-3-gallat(EGCG).

Epigallokatexin-3-gallat (EGCG) yaşıl çayın tərkibində ən əsas polifenoldur. EGCG antioksidant, antikanserogen, antiproliferativ təsirə malikdir. Qara çay isə teaflavinlərin zəngin mənbəyidir. Yaşıl çay katexinləri piylənmə, yüksək təyziq, ürək damar xəstəliklərinin müalicə və profilaktikasında effektiv təsir edir.

Tədqiqatlar yaşıl çayın LDL xolesterini və triqliseridləri azaltmağa kömək etdiyi müəyyən edilib.

Yaşıl çayın dəriyə tətbiqi bir sıra dəri xəstəliklərinin müalicəsində müsbət təsir edir. Xüsusilə maz formasında tətbiqi müalicəvi effekt verir.

Yaşıl çay dəridə əmələ gələn qırışların qarşısını almaqda təsirlidir

Bunu təmin edən tərkibindəki antioksidant və antiinflamatuar maddələrdir.  Eyni zamanda yaşıl çayın günəş şüalarından əmələ gələn dəri ləkələrinə də şəfa olduğu bilinir.

Yaşıl çay yaxşı sidik qovucudur. Həmçinin sidik yollarında olan infeksiyalara iltihab əlehinə təsir göstərir.

Yaşıl çay xərçəngin qarşısını ala bilər. Müşahidələr göstərir ki, tez tez yaşıl çay içən qadınlarda 20-30% döş xərçəngi daha az görülür. Həmçinin yumurtalıq xərçəngi və endometrial xərçəngdən qoruya bilər.

Yaşıl çay içənlərdə helicobacter pylori  daha az rast gəlinir.

Yaşıl çay ağızda olan xoşagəlməz qoxuları aradan qaldırır. Iltihab əlehinə təsirinə görə kariesin və damaq iltihabının ən yaxşı profilaktikasıdır.

Yaşıl çay maddələr mübadiləsini gücləndirir, kilo verməni stimulə edir. Tərkibində olan polifenol maddəsi yağ oksidləşməsini tənzimləyir. Ödem atıcı olması və bağırsaqların yaxşı işləməsinə səbəb olduğu üçün artıq çəkidən azad olmağa  kömək edir.

Yaşıl çay qan şəkərinin yüksəlməsini tənzimləyir, beləliklə tip 2 diabetin formalaşmasının qarşısını ala bilər.

Yaşıl çay Alzheimer və Parkinson xəstəliklərinə səbəb olan faktorları aradan qaldırır 

Bu mövzu ilə əlaqədar  siçanlar üzərində aparılan elmi çalışmalarda yaşıl çayın zədəli  beyin hüceyrələrini qoruduğu , bərpa etdiyi ortaya çıxmışdır. ABŞ-ın Los-Ancelesdəki Kaliforniya Universitetinin alimlərinin araşdırmalarına əsasən müəyyən edilib ki, Alzheimer xəstəliyinə səbəb olan amiloid dolaşıqlarını parçalayan fitokimyəvi maddələr yaşıl çayın tərkibində var.

Randomizə olunmuş tədqiqatlar nəticəsində tozcuq mövsümündən 6-10 həftə əvvəl gündə 3 fincan yaşıl çay içənlərdə allergiya nəzərə çarpan dərəcədə azaldığı müəyyən olundu

Gündə 3 stəkan yaşıl çay içən insanlar, gündə 1 stəkan içənlərlə müqaisədə insult risqinin  36%-dək azaldığı görülmüşdü.

Amerika Tibb Assosiasiyasının jurnalı bir araşdırmanın nəticələrini dərc edib. Alimlər 40-79 yaşlı 40 min Yapon haqqında 11illik məlumatları ümumiləşdiriblər. Məlum olub ki, gündə 5 stəkan yaşıl çay içənlərdə ölüm nisbəti azalıb, ürək qan damar xəstəlikləri qadınlarda 31%, kişilərdə 22% azalmış, insult qadınlarda 42%, kişilərdə isə 35% azalmışdır.

Bir il ərzində gündə 843 mq EGCG ilə müalicə olunan 500dən çox subyektin istirak etdiyi bir araşdırmada, qaraciyər funksiyasında orta və ya ağır pozğunluqlar 51% xəstədə müşahidə edildi

Hamilələrdə yaşıl çayın yüksək dozada istifadəsi qaraciyərdə zədələnmə yaradan kimyəvi birləşmələr formalaşır

2021ci ildə hamilə siçanlar üzərində aparılan araşdırmada hamiləlik zamanı hər gün yaşıl çay ekstraktı ilə qidalanan  siçanların və balalarının qaraciyər hüceyrələrində yaranan Sitokeratin – 18 (SK-18)səviyyəsi artmışdır. Nəticəyə görə hamiləlik dövründə yüksək miqdarda yaşıl çay ekstraktı qəbulu yenidoğulmuşun qaraciyərində hüceyrə fəsadına səbəb olur.

Hamiləlik və laktasiya dövründə 2 stəkandan artıq tövsiyyə olunmur.

Yüksək miqdarda istənilən çayın qəbulu tərkibindəki antinutriyent faktorlara görə faydalı mineralların orqanizmdən itirilməsini təmin edir.

Qara çayda olduğu kimi yaşıl çayın da tərkibində kofein maddəsi var. Kofein insana həm enerji verir, həm də sinir sistemini oyandırır. Elə buna görə də çayın axşam saatlarında içilməsi yuxunu poza bildiyi üçün  tövsiyyə olunmur. Çayda kofein səviyyəsi qəhvədən daha aşağıdır.

230 ml — yaşıl çayda 30-50mg, qara çayda 25-110 mg, qəhvədə 102-200 mg kofein vardır.

Yaşıl çayın tərkibində kofein olduğu üçün qan təyziqini yüksəldir,ürək döyüntüsünü poza bilər. Buna görə də miqdarı aşmaq olmaz.

Uzun müddət, fasiləsiz yaşıl çay içmə böyrəklərdə daş əmələ gəlmə prosesini sürətləndirir.

Çayın tərkibində olan kofein adenozin kimi inhibitor neyrotransmitterləri bloklayır. Beləliklə neyronların stimullaşdırılması və onlarla birlikdə dopamin və norepinefrin kimi neyrotransmitterlərin konsentrasiyası artır.

Yaşıl çayın tərkibində L-theanine amin turşusu da vardır. Bu maddənin rahatlaşdırıcı və sakitləşdirici xüsusiyyətləri olduğu üçün depressiyanın müalicəsində faydalıdır. L-theanine neyrotransmitter GABA-nı stimulə edir. Bu dofamin artmasına və beyində alfa dalğaların əmələ gəlməsinə səbəb olur. Həmçinin yaddaşı yaxşılaşdırır, koqnitiv funksiyalara müsbət təsir edir.

Tərkibində yüksək miqdar L-theanine və az miqdarda kofein olduğu üçün yaşıl çay  qəhvədən daha yumşaq, sakitləşdirici təsir edir.

Yaşıl çayın keramik və ya şüşə qabda dəmlənməsi məsləhət görülür. Bir dəmin üzərinə bir neçə dəfə su almaq tövsiyyə olunmur. Düzgün dəmlənmiş yaşıl çayın üzərində köpük əmələ gəlir. Yaşıl çayın dəmlənmə müddəti 8-10dəqiqə olduqda tərkibindəki polifenollar daha çox ortaya çıxır. Qısamüddətli dəmlənən çayda daha az polifenol olur.

Soyuq dəmləmə metodunda –quru çayı soyuq suyun içinə atıb, otaq temperaturunda və ya soyuducuda 2 saat saxladıqda kofein tərkibini  azaltdığı ortaya çıxmışdır.

Təzə hazırlanan yaşıl çay maksimum 5 dəqiqə ərzində içilməlidir. Əks halda onun tərkibindəki efir birləşmələr uçur.

Yaşıl çayı limonla birlikdə içdikdə antioksidant faydası 13 qat artır.

Istifadə miqdarına gəldikdə bu mövzu ilə əlaqəli fikirlər müxtəlifdir. Gündə 5 balaca stəkan və ya iki böyük stəkan içilməyinin faydalı olduğu düşünülür.

Tələbəmiz  Rzayeva Səidə Yaşıl çayın ultrabənovşəyi və infraqırmızı spektometr aparatında analizini həyata keçirərkən tərkibində katexinin aktiv udma zolaqlarını aşkarladı. Beləliklə həm ultrabənovşəyi, həm də infraqırmızı spektroskopiya analizləri ilə təyin etdiyi aktiv udma zolaqlarına əsasən belə qənaətə gəlmiş ki, yaşıl çayın tərkibi polifenollarla- katexinlərlə çox zəngindir.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *