Seçici qidalanma – uşaqlarda qidalanma davranışı pozğunluğunun biri növüdür. Əsasən somatik sağlam uşaqlarda müşahidə olunur. Qidalanmada seçici davranan uşaqlara – «şıltaq (kaprizli) yeyənlər«, az yeyənlər – də deyilir. Seçici qida qəbulu – (Avoidant / Restrictive Food Intake; RFID) – yeni termindir, ilk dəfə 2013-cü ildə ABŞ-da psixi pozuntular üzrə diaqnostik və statistik rəhbərliyin 5ci nəşrində (DSM-5) qeyd olunub.
Müəllif: Dr. Gülsüm Hüseynova, həkim-pediatr, uşaq piylənməsi üzrə mütəxəssis, ANDOP təlimçisi.
Uşaqların müxtəlif qidalar qəbul etməsinə mane olan ən güclü psixoloji baryer selektiv iştaha sayılır. Seçici qidalanma əsasən 2-6 yaşlı uşaqlarda daha çox müşahidə olunur. Bu patologiyanın rastgəlmə tezliyi yaşla azalır.
Bütün qidalanma davranışı pozulmalarında olduğu kimi, burda da risk faktorları bir sıra bioloji, funksional, psixoloji və sosial-mədəni problemlərlə əlaqələndirilir. Bəzi hallarda bu uşaqda sensor inteqrasiyanın pozulması, müxtəlif dərəcəli nevrozlar , autism, obsesiv – kompulsiv pozuntu, diqqət çatışmazlığı hiperaktivlik sindromu (DEHB) müşahidə edilir.
Bir tədqiqatda Restrictive Food Intake – olan uşaqların 20%-da autism spektri pozğunluğu görünmüşdür.
Hiperaktivliyi, yüksək emosionallığı, daimi həyəcanlılığı, takıntıları, yuxu və danışma pozğunluqları olan uşaqlarda qidalanma davranışı pozulmaları valideynlərə uyğun mütəxəssisə müraciət etmək üçün bir siqnal kimi xidmət edə bilər.
Seçici iştaha – uşağın yeni qidaya və ya əvvəl yediyi qidaya qarşı duyğusal nifrəti şəklində özünü göstərir. Bu zaman səbəbsiz əvvəl yediyi qidalara qarşı marağın olmaması, adət edilmiş məhsullardan qəfil imtina halları müşahidə olunur.
Bu halda uşaqlarda yeməklə bağlı sərt qaydaların müəyyən edilməsinə gətirib çıxaran sensor hiperhəssaslıq müşahidə edilir. Bu uşaqlar yalnız müəyyən iydə, rəngdə və ya konsistensiyada olan məhsulları qəbul edirlər.
D.Y.T. Goh və b. (2012) araşdırmasına görə seçici qida qəbulu olan uşaqların əsas xüsusiyyətləri – qida qəbulunun yavaş tempi , çox çeynəmək, uzun müddət ağızda saxlamaq, şəkərli , duzlu, yağlı yeməklərin “sağlam” qida əvəzinə qəbul etmək, yeni qida sınamaqdan imtina, əsas qida qəbulu əvəzinə qəlyanaltıların qəbuludur.
Qida seçiciliyi olan uşaqların rasionu dar olur, eyni qidaları yeyirlər. Onlar imtina etdikləri qidalarla qidalandırmaq cəhdlərinə qarşı müqavimət göstərir, stress yaşayırlar. Bu uşaqlar qidanı ağızda uzun müddət saxlayır, tüpürür, öyüyür və ya qusurlar. Hətta bu patologiya ilə olan uşaqlar günlərlə yeməkdən imtina edə bilərlər. Bu uşaqlar yemək parçaları çox olan və çətin çeynənilən qidalara xüsusilə həssasdırlar.
Qadalanma seçiciliyi çox vaxt keçmişdə yaşanmış yeməklə bağlı mənfi təcrübə , qorxu, müəyyən bir hadisə ilə əlaqəsi olur, bunu mütəxəssisin tapması həmişə asan deyil. Bu, isti yemək qəbulu zamanı ağız və boğazın yanması, güclü turş və ya acılıq hissi, ağızda yara, bir parça qida ilə boğulma (ölüm qorxusu təmin edilir)hissi – qida qəbulu zamanı münaqişə nəticədə, qidalanma mənfi emosiyalarla bağlı yadda qalır.
Uşağa anadangəlmə və qazanılmış qida vərdişləri, qavrama qabiliyyətini aşılamaq hamiləlik və süd verən dövrdən olmalıdır.
Uşağın gələcəkdə qəbul etməsini istədiyi qidaları ana hamiləlik dövründə rasiona daxil etməlidir. Çalışmaların birində hamilə qadınlara hamiləliyin sonuncu trimestrində yerkökündən daha aktiv istifadə ediblər. Belə anaların uşaqları, yerkökü az yeyən anaların uşaqları ilə müqaisədə daha çox həvəslə və məmnuniyyətlə kök şirəsi istifadə ediblər.
Dad üstünlüklərinin formalaşması yalnız perinatal dövrdə deyil, həyatın ilk illərində də davam edir.
Qidalanma genişlədikcə uşaqlar müxtəlif növ qidalara qarşı həzz və narazılıq nümayiş etdirirlər. Xüsusilə əgər ana hamiləlik zamanı və ya süd verən dövrdə o qidaları qəbul etməyibsə uşaqlar yeni qidaları daha çətin qəbul edirlər.
Həyatın ilk aylarında uşağın qidalanması maye qida ilə təmsil olunur. Əlavə qidaların tədricən təqdim edilməsi 4 aydan sonra başlayır. Bu zaman valideyn üçün ən vacibi əlavə qidaların düzgün ardıcıllıqla rasiona daxil edilməsidir. Əgər valideyn ardıcıllığı pozarsa yəni öncə daha kəskin dadlı, daha şirin qidalardan başlayarsa körpə dadsız tərəvəz purelərindən, dadsız sıyıqlardan imtina edəcək. bu da tədricən rasionun daralmasına gətirib çıxaracaq. Bu uşaqlar irəli yaşlarda kaprizli yeyənlər olacaqlar.
Həmçinin əlavə qidanın rasiona gec daxil olması, əlavə qidaların duru konsistensiyada uşağa verilməsi , bərk qidalardan imtinaya-tədricən qida seçiciliyinə gətirib çıxarır.
Körpələr məlumatın önəmli hissəsini toxunma orqanları vasitəsilə qəbul edirlər. Körpənin qida ilə oynamasına icazə verilmirsə,onu informasiyanın böyük həcmindən məhrum edirlər. Toxunmaqla uşaq əlavə qidanın təhlükəsiz olduğunu başa düşür və əlavə qidanı sınamaqdan imtina etmir.
Yedizdirən zaman valideynlərin emosiyaları qidalanma davranışı pozulmalarının inkşafında əhəmiyyətli risk faktorudur. Çalışmalara görə ananın gənc yaşı və onun mənfi duyğuları, eləcə də uşağın yüksək emosionallıq səviyyəsi seçici iştahanın formalaşma tezliyini yüksəldir. Bacı və ya qardaş varlığı bu tezliyi aşağı salır. Ananın yedizdirmə məcburiyyətləri ,stressli qidalanma yeni məhsullara qarşı müsbət reaksiya yaranmasını pozaraq yeməkdən imtinaya səbəb ola bilər. Əksinə pozitiv valideyn üslubu – yeni məhsulların körpə tərəfindən daha rahat qəbul olunmasına şərait yaradır.
M. Pelchat и P. Pliner,analizlərinə görə, 2-6 yaşlı uşaqların yeni qidaları qəbul etməsi həyatın ilk ilindəki rasionun çeşidliliyindən çox asılıdır.
Gələcəkdə uşaqda qidalanma davranışı pozğunluğunun qarşısının almaq üçün əlavə qidaya keçəndə (4-6aylıqda) – uşağın imtina etdiyi qidanı,fərqli vaxtlarda, məcbur etmədən 15 dəfəyə qədər ona təklif etmək lazımdı. Bir sıra çalışmalarda göstərilmişdir ki, qida seçiciliyi olan uşaqların anaları uşağın imtina etdiyi yeni qidaları təklif etmə cəhdlərinin maksimal sayı 3-5 dəfəni keçməmişdir.
Qidalanma davranışı pozğunluğu uşaqlarda fərqli patologiyaların inkşafına səbəb ola bilər.
Bəzi müəlliflər uşaqların pəhrizində seçiciliyin olmasını, işləm görmüş qida məhsullarının istehlakı ilə birbaşa əlaqəli olduğunu irəli sürmüşdülər. Bu uşaqlarda sağlam qidalar, yüksək hedonik dəyərlə səciyyələnən qeyri-sağlam, işləm görmüş, şəkərlə, dadlandırıcılarla, ədviyyatlarla zənginləşdirilmiş qida məhsulları ilə əvəz olunur. Nəticədə onlar dadı daha zəif olan sağlam qidalardan imtina edirlər. Bu məhdud, lakin yüksək enerji istehlakı müsbət enerji balansına – uşaq piylənməsinin inkşafına səbəb olur.
Digər bir çalışmada qida seçiciliyi olan uşaqlar daha çox şirniyyat, qızartma, çörək, banan, kartof yeyirdilər.
800 ailənin iştirak etdiyi araşdırmada,qida seçicili olan uşaqlarda yeniyetməlikdə anoreksiya nervoza inkişaf riski artmışdır.
L. O. Leal və başqalarının son araşdırmasında seçici iştaha anlayışını obyektivləşdirməyə cəhd etmişlər. Və seçici iştaha – tövsiyə olunan qida miqdarın 65% -dən az qəbulu və 6 əsas qida qrupundan 4 və daha azının qəbulu (ət, o cümlədən balıqvə yumurta; tərəvəz; meyvə; süd məhsulları; nişastalı -karbohidratlar; paxlalılar). Seçici iştahası olan uşaqlarda əksər makro və mikronutriyentlərdə çatışmazlıq olur. Qida çatışmamazlığı fiziki inkişafın ləngiməsinə və qavrama qabiliyyətinin zəifləməsinə səbəb ola bilər .
Carruth (2004) görə, müxtəlif yaşlarda seçici iştahı olan uşaqlar əhəmiyyətli dərəcədə az enerji, zülal, yağlar, C vitamin, tiamin, riboflavin, folat, vitamin B12, vitamin B6, niasin, E vitamini, dəmir, kalsium, sink, maqnezium qəbul edirlər və deficit vəziyyət yaşayırlar.
Problemin yalnız son illərdə aktiv şəkildə öyrənilməyə başlaması səbəbindən tədqiqatçılar qidalanma davranış pozğunluqları olan uşaqları müəyyən etmək üçün müxtəlif üsullardan istifadə edirlər. Uşaq qidası sorğusu- Child Feeding Questionnaire – vasitəsilə valideynlərin övladının “kaprizli yeyən” olub-olmaması barədə fikri, tədqiqat üçün nəzərdə tutulmuş xüsusi sorğulardır.
Beləliklə, selektiv iştaha problemi çox aktual görünür, çünki bu problemin yüksək yayılması və uzun müddət davam etməsi uşaqların fiziki və intelektual inkişafının zəifləməsi üçün təhlükəlidir. Təəssüf ki, hazırda cəmiyyətdə geniş yayılmış yüksək enerji dəyərinə malik işlənmiş qidalara üstünlük verilməsi, hedonik qidalanma bu problemin həllini çətinləşdirir. Qidalanma davranışı pozğunluqlarının müalicəsi hərtərəfli olmalıdır. Bu zaman pediatr, qidalanma mütəxəssisi və psixoloqların birgə fəaliyyəti zəruridir. İlk növbədə problemin psixoloji tərəfinə yönəldilməlidir. Eyni vaxtda çatışmayan nutriyentlərin tibbi korreksiyası, balanslaşdırılmış qidalanmanın tərtib olunması və yeni qidaların rasiona daxil edilməsi müalicənin əsas istiqamətidir.