fbpx
Trending

İqlim şəraitinin insan sağlamlığına və qidalanma xüsusiyyətlərinə təsiri

İqlim qurşağı Yer səthinin oxşar iqlim şəraitinə malik olan və əsasən enlik istiqamətində uzanan geniş əraziləridir. Bu qurşaqlar iqlimin zonallığı prinsipinə uyğun olaraq formalaşır və günəş radiasiyasının Yer səthinə qeyri-bərabər paylanması ilə əlaqədardır.

İqlim və iqlim qurşaqları

Mövcud təsnifata əsasən Yer kürəsində dörd əsas iqlim qurşağı ayırd edilir: ekvatorial, tropik, mülayim və qütb iqlim qurşaqları. Qütb iqlimi şimal yarımkürəsində Arktik, cənub yarımkürəsində isə Antarktik adlanır. Bu əsas qurşaqlar arasında subekvatorial, subtropik və subqütb kimi keçid iqlim qurşaqları mövcuddur.

İqlim anlayışı dedikdə müəyyən bir ərazidə uzun illər, yəni onilliklər ərzində müşahidə olunan hava şəraitinin sabit və təkrarlanan xüsusiyyətləri nəzərdə tutulur.

İqlimin insan sağlamlığına təsiri

İnsan sağlamlığı ətraf mühit amilləri ilə, xüsusilə də iqlim şəraiti ilə sıx əlaqəlidir. Temperatur, rütubət və yağıntı rejimində baş verən dəyişikliklər orqanizmin uyğunlaşma imkanlarına birbaşa təsir göstərir.

İqlim dəyişiklikləri kənd təsərrüfatı istehsalına mənfi təsir edərək ərzaq ehtiyatlarının azalmasına, qida rasionunun keyfiyyətinin və müxtəlifliyinin zəifləməsinə səbəb ola bilər. Bu hallar isə sağlamlıq üçün əlavə risk faktorları yaradır.

İsti iqlim şəraitində sağlamlıq riskləri

İsti iqlim şəraitində insan orqanizmi uzun müddət yüksək temperaturun təsirinə məruz qalır. Bu zaman mədə-bağırsaq və infeksion xəstəliklərin, eləcə də alimentar yoluxma mexanizmi ilə yayılan helmintozların artma ehtimalı yüksəlir. Yüksək temperatur mikroorqanizmlərin sürətli inkişafı üçün əlverişli şərait yaradır və yoluxucu xəstəliklərin yayılmasını asanlaşdırır.

İsti hava şəraitində güclü tərləmə baş verir ki, bunun nəticəsində orqanizmdə su-duz balansı pozulur, suda həll olunan vitaminlərin itirilməsi və dehidratasiya müşahidə olunur. Uzunmüddətli və intensiv tərləmə duz çatışmazlığı sindromunun yaranmasına, həmçinin fiziki və zehni iş qabiliyyətinin azalmasına səbəb ola bilər.

Yüksək temperaturun davamlı təsiri termorequlyasiya mexanizmlərinin pozulmasına gətirib çıxarır. Bu vəziyyət istilikdən yorğunluq, əzələ qıcolmaları, başgicəllənmə və huşun itirilməsi kimi hallarla müşayiət oluna bilər.

Dehidratasiya isti iqlim şəraitində ölüm riskini artıran əsas amillərdən biri hesab olunur. Gündüz və gec temperaturunun uzun müddət yüksək olması orqanizmdə kumulativ fizioloji gərginlik yaradır və ürək-damar, serebrovaskulyar, tənəffüs sistemi xəstəliklərinin, şəkərli diabetin və böyrək patologiyalarının ağırlaşdıra bilər.   Xüsusilə risk qrupuna yaşlılar, uşaqlar, hamilə qadınlar və açıq havada çalışan şəxslər daxildir.

Soyuq və ekstremal iqlim şəraitində sağlamlıq riskləri

Soyuq və ekstremal iqlim şəraitində orqanizm aşağı temperaturun uzunmüddətli təsirinə məruz qalır. Bu zaman hipotermiya riski artır, iş qabiliyyəti azalır və maddələr mübadiləsində müxtəlif pozğunluqlar meydana çıxır. Atmosfer təzyiqinin tez-tez dəyişməsi ürək-damar sistemi və beyin qan dövranı xəstəliklərinin inkişafına şərait yarada bilər.

Uzunmüddətli soyuq təsiri hipotalamo-hipofizar-böyrəküstü vəzi sisteminin funksional pozğunluqlarına səbəb olur, nəticədə hiperkortisizm inkişaf edir və bu da lipid mübadiləsində mənfi dəyişikliklərlə müşayiət olunur. Qidalanmanın əsasən karbohidrat yönümlü olması allergik xəstəliklərin və immun sistem pozğunluqlarının artmasına gətirib çıxara bilər.

Belə şəraitdə psixoemosional qeyri-sabitlik, asteniya, arterial hipertenziya və “qütb təngnəfəsliyi” kimi klinik əlamətlər müşahidə olunur. Bu hallar hipoksiya və hipoqlikemiya ilə əlaqədardır və “qütb gərginliyi sindromu” anlayışı altında birləşdirilir. Qida maddələrinin mənimsənilməsinin zəifləməsi zülal, vitamin və mineral çatışmazlığına səbəb olur, nəticədə hipovitaminoz və avitaminoz halları inkişaf edə bilər.

Nəticə

Beləliklə, müxtəlif iqlim şəraitində sağlamlığın qorunması iqlim xüsusiyyətlərini nəzərə alan, tam dəyərli və balanslaşdırılmış qidalanmanın təmin edilməsi ilə sıx bağlıdır.

  • Bu xəritə Azərbaycanın ölkə ərazisində müşahidə olunan hava şəraiti və iqlim xüsusiyyətlərinin ümumi cəmidir. Ölkə mülayim və subtropik iqlim qurşaqlarının kəsişdiyi ərazidə yerləşir və buna görə də iqlim müxtəlifliyi yüksəkdir.
Back to top button