Qıcıqlanmış bağırsaq sindromu və qidalanma

Simptomların idarə olunmasında müasir yanaşmalar
Qıcıqlanmış bağırsaq sindromu (QBS; ing. Irritable Bowel Syndrome — IBS) qarın ağrısı, köp, şişkinlik və bağırsaq vərdişlərində dəyişikliklərlə xarakterizə olunan geniş yayılmış funksional bağırsaq pozğunluğudur. Qidalanma QBS simptomlarının yaranmasına və şiddətinə təsir göstərə bilər. Lakin qida ilə simptomlar arasındakı əlaqə fərdi olduğundan, bütün pasiyentlər üçün uyğun olan vahid pəhriz modeli mövcud deyil.

QBS zamanı ilk mərhələdə müntəzəm və balanslı qidalanma, yeməklərin atlanmaması, kifayət qədər maye qəbulu, kofeinli və qazlı içkilərin, həmçinin simptomları artıran qidaların məhdudlaşdırılması tövsiyə olunur. Bu yanaşmalar kifayət etmədikdə, low-FODMAP kimi daha strukturlaşdırılmış pəhrizlər nəzərdən keçirilə bilər. Belə məhdudlaşdırıcı pəhrizlərin qidalanma üzrə mütəxəssis nəzarəti ilə aparılması daha məqsədəuyğundur.
Giriş
Qıcıqlanmış bağırsaq sindromu həzm sistemi ilə bağlı geniş yayılmış funksional pozğunluqlardan biridir. Əsas simptomlara təkrarlanan qarın ağrısı və bağırsaq fəaliyyətində dəyişikliklər, o cümlədən qəbizlik, ishal və ya onların növbələşməsi daxildir. Köp və qarında şişkinlik də tez-tez müşahidə olunur.
Qidalanma QBS olan şəxslər üçün xüsusi əhəmiyyət daşıyır. Bir çox pasiyent müəyyən qidaların simptomları artırdığını müşahidə edir və bunun nəticəsində həmin qidaları rasiondan çıxarmağa başlayır. Lakin çoxsaylı qidaların nəzarətsiz şəkildə məhdudlaşdırılması rasionun müxtəlifliyini və qida dəyərini azalda bilər.
Bu səbəbdən müasir yanaşmanın əsas məqsədi mümkün qədər çox qidanı qadağan etmək deyil, simptomları idarə etməklə yanaşı, balanslı və davamlı qidalanmanı qorumaqdır.
Qıcıqlanmış bağırsaq sindromu nədir?
QBS əsasən qarın ağrısı və ya diskomfort, bağırsaq vərdişlərində dəyişiklik və köp kimi simptomlarla özünü göstərir. Simptomların xarakteri və şiddəti şəxsdən şəxsə əhəmiyyətli dərəcədə dəyişə bilər.
Diaqnostik qiymətləndirmə zamanı QBS-yə bənzər simptomlara səbəb ola biləcək digər xəstəliklər də nəzərə alınmalıdır. Müvafiq hallarda çölyak xəstəliyi və digər üzvi patologiyaların istisna edilməsi üçün laborator və klinik qiymətləndirmə aparılır.
Səbəbsiz çəki itkisi, rektal qanaxma, xərçəng üçün şübhəli əlamətlər və ya digər xəbərdaredici simptomların olması əlavə müayinəyə ehtiyac yarada bilər.
Qidalanma QBS simptomlarına necə təsir edir?
Qidalanmanın QBS simptomlarına təsiri fərdi xarakter daşıyır. Eyni qida bir şəxsdə simptomları artıra, digər şəxsdə isə heç bir narahatlıq yaratmaya bilər.
Britaniya Dietoloqlar Assosiasiyasının (British Dietetic Association — BDA) QBS üzrə dietetik təlimatları qidalanma müdaxilələrinin mərhələli və fərdiləşdirilmiş şəkildə aparılmasını dəstəkləyir.
Bu yanaşmada ilk mərhələ mürəkkəb eliminasiya pəhrizlərindən deyil, gündəlik qidalanma vərdişlərinin qiymətləndirilməsi və sadə dəyişikliklərdən başlayır.
İlkin qidalanma yanaşması
QBS zamanı ilk mərhələdə aşağıdakı tövsiyələr nəzərdən keçirilə bilər:
- müntəzəm qidalanmaq;
- yeməkləri atmamaq və uzun müddət ac qalmamaq;
- yeməyə kifayət qədər vaxt ayırmaq;
- kifayət qədər maye qəbul etmək;
- kofeinli içkilərin miqdarını azaltmaq;
- qazlı içkiləri və alkoqolu məhdudlaşdırmaq;
- çox yağlı və ağır yeməklərin qəbulunu azaltmaq;
- simptomlara uyğun olaraq lifin miqdarını və növünü tənzimləmək;
- fiziki aktivliyi qorumaq;
- qida və simptomlar arasındakı mümkün əlaqəni müşahidə etmək.
NICE tövsiyələrində QBS olan şəxslərə müntəzəm yeməklər, kifayət qədər maye və fərdi simptomlara uyğun qidalanma dəyişiklikləri tövsiyə edilir.
Köp və qaz zamanı qidalanma
Köp QBS zamanı geniş rast gəlinən simptomlardandır. Bəzi şəxslərdə fermentasiya olunan karbohidratlarla zəngin qidaların və bəzi şəkər spirtlərinin qəbulu simptomları artıra bilər.
Xüsusilə sorbitol kimi poliollar şəkərsiz saqqız, konfet və bəzi şəkərsiz məhsullarda istifadə olunur və həssas şəxslərdə bağırsaq simptomlarını gücləndirə bilər.
Bəzi pasiyentlərdə yulaf və kətan toxumu köp və bağırsaq fəaliyyətinin tənzimlənməsində faydalı ola bilər. Köp və qaz şikayəti olan şəxslərdə yulaf və gündəlik müəyyən miqdarda kətan toxumunun sınanması qeyd olunur.
Lakin bu qidaların avtomatik olaraq rasiondan çıxarılması lazım deyil. Məhdudiyyətlər fərdi simptomlara əsaslanmalıdır.
Qəbizlik üstünlük təşkil etdikdə
QBS-nin qəbizliklə müşayiət olunan formasında lifin növü və miqdarı xüsusi əhəmiyyət daşıyır.
Lif qəbulu birdən-birə artırıldıqda köp və qarında diskomfort arta bilər. Buna görə dəyişikliklər tədricən aparılmalıdır.
Bəzi hallarda həll olunan lif mənbələri, xüsusilə yulaf və ispaghula kimi məhsullar, daha uyğun seçim ola bilər. Əksinə, kəpək kimi həll olunmayan liflərin yüksək miqdarda istifadəsi bəzi pasiyentlərdə simptomları artıra bilər.
Kifayət qədər maye qəbulu da vacibdir. QBS zamanı gündəlik təxminən 8 stəkan maye qəbulunu, xüsusilə su və digər kofeinsiz içkiləri tövsiyə edir.
İshal üstünlük təşkil etdikdə
İshal zamanı əsas məqsədlərdən biri maye itkisini kompensasiya etməkdir.
Kofeinli içkilərin həddindən artıq qəbulu bəzi şəxslərdə bağırsaq fəaliyyətini artıra bilər. Buna görə çay və qəhvənin miqdarının azaldılması faydalı ola bilər.
Sorbitol kimi bəzi şəkər spirtləri də ishalı artıra bilər. Bu maddələr xüsusilə şəkərsiz saqqız, konfet və bəzi “şəkərsiz” məhsullarda rast gəlinir.
Lifin miqdarı və növü də fərdiləşdirilməlidir. Hər bir pasiyentdə yüksək lifli qidaların avtomatik olaraq artırılması düzgün yanaşma deyil.
Low-FODMAP pəhrizi
QBS zamanı ən çox araşdırılan xüsusi qidalanma yanaşmalarından biri low-FODMAP pəhrizidir.
FODMAP fermentasiya olunan oliqosaxaridlər, disaxaridlər, monosaxaridlər və poliollar qrupunu ifadə edir. Bu karbohidratların bir hissəsi nazik bağırsaqda tam sorulmur və yoğun bağırsağa keçərək fermentasiya proseslərində iştirak edir. Nəticədə bəzi şəxslərdə qaz, köp, qarın ağrısı və nəcis dəyişiklikləri yarana və ya arta bilər.
Low-FODMAP yanaşması adətən üç mərhələdə tətbiq olunur:
- Məhdudlaşdırma mərhələsi – yüksək FODMAP tərkibli qidaların müəyyən müddət ərzində azaldılması;
- Yenidən sınaq mərhələsi – müxtəlif qida qruplarının mərhələli şəkildə rasiona qaytarılması;
- Fərdiləşdirmə mərhələsi – pasiyentin tolerantlığına uyğun uzunmüddətli qidalanma modelinin formalaşdırılması.
Bu yanaşma ömürlük məhdudlaşdırıcı pəhriz kimi nəzərdə tutulmur. Məqsəd hansı qida komponentlərinin konkret şəxsdə simptom yaratdığını müəyyənləşdirmək və lazımsız məhdudiyyətləri azaltmaqdır.
Tövsiyyələrə əsasən, ümumi qidalanma və həyat tərzi dəyişiklikləri kifayət etmədikdə low-FODMAP kimi eliminasiya pəhrizləri nəzərdən keçirilə bilər. Bu müdaxilələr qidalanma üzrə müvafiq təcrübəyə malik mütəxəssis tərəfindən aparılmalıdır.
Probiotiklər
Probiotiklər QBS simptomlarının idarə olunmasında tez-tez istifadə edilən yanaşmalardan biridir. Lakin bütün probiotik məhsulların eyni təsirə malik olduğunu düşünmək düzgün deyil.
Probiotik seçərkən konkret məhsulun tərkibi, ştammı və qəbul müddəti nəzərə alınmalıdır. Effekt müşahidə edilmədikdə preparatın uzun müddət istifadəsini davam etdirmək də məqsədəuyğun olmaya bilər.
Probiotik sınamaq istəyən şəxslərə onu ən azı 4 həftə ərzində qəbul edərək simptomlardakı dəyişiklikləri izləmək tövsiyə olunur.
Qida və simptom gündəliyinin rolu
Qida və simptom gündəliyi fərdi triggerlərin müəyyənləşdirilməsi üçün faydalı vasitədir.
Pasiyent qəbul etdiyi qidaları, porsiyaları, simptomların yaranma vaxtını və şiddətini qeyd edə bilər. Bu məlumatlar müəyyən qidalarla simptomlar arasında mümkün əlaqəni müşahidə etməyə kömək edir.
Lakin gündəlikdə iki hadisənin ardıcıl görünməsi mütləq səbəb-nəticə əlaqəsi demək deyil. Simptomlara stress, yuxu, fiziki aktivlik və digər həyat tərzi faktorları da təsir göstərə bilər.
Bu səbəbdən qidaların rasiondan çıxarılması qərarı yalnız müşahidəyə deyil, ümumi klinik vəziyyətə əsaslanmalıdır.
Qidalanmadan kənar amillər
QBS yalnız qidalanma ilə əlaqəli vəziyyət deyil. Fiziki aktivlik, stress və gündəlik həyat tərzi də simptomların idarə olunmasında rol oynaya bilər.
Müntəzəm fiziki aktivlik və istirahət üçün kifayət qədər vaxt ayırmaq ümumi simptom idarəetmə strategiyasının bir hissəsi hesab olunur.
Qidalanma və həyat tərzi dəyişikliklərinə baxmayaraq simptomları davam edən bəzi pasiyentlərdə psixoloji müdaxilələr də nəzərdən keçirilə bilər. NICE bu kontekstdə koqnitiv-davranış terapiyası, hipnoterapiya və digər psixoloji yanaşmaları qeyd edir.
Nəticə
Qıcıqlanmış bağırsaq sindromu zamanı qidalanmanın əsas məqsədi mümkün qədər çox qidanı rasiondan çıxarmaq deyil. Əsas məqsəd simptomları idarə etməklə yanaşı, qida rasionunun balansını, müxtəlifliyini və qidalanmanın davamlılığını qorumaqdır.
İlk mərhələdə müntəzəm qidalanma, kifayət qədər maye qəbulu, fiziki aktivlik və simptomlara uyğun sadə qidalanma dəyişiklikləri əsas yanaşmalardır. Bu tədbirlər kifayət etmədikdə, low-FODMAP kimi daha strukturlaşdırılmış pəhrizlər nəzərdən keçirilə bilər.
QBS zamanı fərdi yanaşma xüsusilə vacibdir. Eyni qida müxtəlif insanlarda fərqli reaksiyalara səbəb ola bilər. Buna görə də uzunmüddətli və həddindən artıq məhdudlaşdırıcı pəhrizlər əvəzinə, pasiyentin simptomlarına, qida tolerantlığına və həyat tərzinə uyğun balanslı qidalanma modelinin formalaşdırılması daha məqsədəuyğundur.
Əsas məqsəd sadəcə “nəyi yeməməliyəm?” sualına cavab tapmaq deyil, simptomları nəzarətdə saxlamaqla yanaşı, sağlam, balanslı və davamlı qidalanmanı necə qurmaq olar? sualına cavab verməkdir.
İstinadlar
- National Institute for Health and Care Excellence (NICE). Irritable bowel syndrome in adults: diagnosis and management. Clinical Guideline CG61. London: NICE; 2008. Updated 2017.
- McKenzie YA, Bowyer RK, Leach H, et al. British Dietetic Association systematic review and evidence-based practice guidelines for the dietary management of irritable bowel syndrome in adults (2016 update). Journal of Human Nutrition and Dietetics. 2016;29(5):549–575.
- McKenzie YA, Thompson J, Gulia P, Lomer MCE. British Dietetic Association systematic review of systematic reviews and evidence-based practice guidelines for the use of probiotics in the management of irritable bowel syndrome in adults (2016 update). Journal of Human Nutrition and Dietetics. 2016;29(5):576–592.
- McKenzie YA, Alder A, Anderson W, et al. British Dietetic Association evidence-based guidelines for the dietary management of irritable bowel syndrome in adults. Journal of Human Nutrition and Dietetics. 2012;25(3):260–274.
- Marsh A, Eslick EM, Eslick GD. Does a diet low in FODMAPs reduce symptoms associated with functional gastrointestinal disorders? A comprehensive systematic review and meta-analysis. European Journal of Nutrition. 2016;55:897–906.
- Lovell RM, Ford AC. Global prevalence of and risk factors for irritable bowel syndrome: a meta-analysis. Clinical Gastroenterology and Hepatology. 2012;10(7):712–721.e4.
- Palsson OS, Ballou S. Hypnosis and cognitive behavioural therapies for the management of gastrointestinal disorders. Current Gastroenterology Reports. 2020;22(7):31.