fbpx
Trending

Sağlam ürək üçün qidalanma

Ürək-qan-damar xəstəliklərin ikinci dərəcəli profilaktikasında qidalanmanın önəmi və özəllikləri

Ürək-qan-damar xəstəlikləri dünyada ölümünün əsas səbəblərindən biridir və statistikaya görə birinci yeri tutmağı davam edir. Bu xəstəliklərin müalicəsi daha mürəkkəb olduğu üçün mütəxəssislər ürək-damar patologiyalarının profilaktikasına böyük diqqət və önəm yetirirlər. Balanslaşdırılmış, sağlam qidalanmanın təşkili ürək-damar xəstəliklərinin həm birinci, həm də ikinci dərəcəli profilaktikasında mühüm rol oynayır. İkinci dərəcəli profilaktika bu xəstəliklər zamanı residivlərin qarşısını almaq, xəstələrin vəziyyətini sabitləşdirmək, həmçinin risk altında olan insanlarda baş verən xəstəliklərin ehtimalını azaltmaq məqsədi daşıyır.

Sübut olunub ki, bir çox ÜDX-in əsas tipik xüsusiyyəti iltihab və lipid mübadiləsinin pozulması nəticəsində əmələ gələn aterosklerotik piləklərin sürətli inkişafıdır. Aterosklerozun inkişafında və bununla bağlı ağırlaşmaların yaranmasında alimentar faktorların təsiri uzun illərdir öyrənilir.

Əsas alimentar faktorlar:

  • qidanın artıq enerji dəyəri (tələb olunan dəyərlərin 15%-dən çoxu), xüsusilə oturaq həyat tərzi ilə yanaşı; tərkibində doymuş yağ turşuları olan heyvan mənşəli yağların həddindən artıq istehlakı;
  • sadə karbohidratların həddindən artıq istehlakı (fruktoza, saxaroza və laktoza ola bilər); heyvani zülallarının həddindən artıq istehlakı;
  • qida rasionunda yağların və xolesterin mübadiləsini normallaşdıran qidaların çatışmazlığı;
  • qida rasionunda əvəzolunmaz yağ turşuları və sitosterollar olan bitki yağlarının çatışmazlığı;
  • pəhriz lifinin qeyri-kafi istehlakı;
  • lipotrop maddələrin (metionin, xolin, lesitin) qida ilə kifayət qədər qəbul edilməməsi;
  • vitamin çatışmazlığı, xüsusilə C, P, B6, B12, PP, E, folasin; xörək duzunun həddindən artıq istehlakı;
  • maqnezium, kalium, yod, sink, xrom və bəzi digər mineralların qida çatışmazlığı;
  • sayca az olan, artıq porsiyalı qida qəbulu;
  • alkoqoldan sui-istifadə.

Beləliklə, düzgün tərtib olunmuş pəhriz kardioloji xəstələrin müalicəsində ilk etapda mütəxəssis tərəfindən təyin olunarsa, ÜDX ağırlaşmalarının profilaktikası mümkün ola bilər.

ÜDX zamanı istifadə olunan ideal universal pəhriz yoxdur, çünki qidalanma proqramı hər psiyentə uyğun fərdi tərtib olunmalıdır. Qeyd etmək lazımdır ki, fərdi pəhrizin tərtib olunması zamanı bir neçə vacib ümumi prinsiplər istifadə olunur:

  1. Qida tez-tez, az miqdarda və hissə-hissə qəbul edilməlidir (gündə 5–6 dəfə);
  2. Ümumi maye qəbulu həcmi 1–1,2 litrə qədər azaldıla bilər;
  3. Duzun (Na) miqdarı əhəmiyyətli dərəcədə azaldılır (0,5–5 qr);
  4. Rasionda heyvani (doymuş) yağların miqdarı azaldılır: yeməklər yağsız bişirilir (tavada, sobada, parda, qrildə, suda);
  5. Rasion qida lifləri və vitaminlərlə zənginləşdirilir;
  6. Kalium və maqneziumla zəngin qidalar maksimal istifadə olunur;
  7. Rasiona Omeqa-3 yağ turşuları əlavə edilir;
  8. ÜDS və sinir sistemini qıcıqlandıran qida və içkilər rasionda azaldılır və ya çıxarılır (tünd çay və qəhvə, enerqetik içkilər və s.).

Bir çox tədqiqatlarla faydası sübut olunan pəhrizlər (DASH diyeti, Aralıq dəniz pəhrizi və s.) bu prinsiplər əsasında qurulub. Pəhriz tövsiyələri müxtəlif ÜDX-lərə uyğun olaraq risk faktorlarının növündən asılı olaraq dəyişə bilir. Məsələn, cədvəl 1 müxtəlif pəhriz təlimatlarından tövsiyələri göstərir.

Xülasə:
ÜDX-də qidalanma mütəxəssis tövsiyələrinə əsasən tərtib olunmalıdır. Kardioloji pasiyentlər pəhrizə riayət edərək həm xəstəliklərini sabitləşdirə, həm də təhlükəli ağırlaşmaların və residivlərin qarşısını ala bilərlər. Pəhriz tövsiyələri kardoloji xəstəliyə uyğun, yanaşı xəstəliklər və pasiyentlərin özəlliklərinə nəzərə alınaraq tərtib olunur. Məsələn, lipid səviyyələri yüksək olan pasiyentlərə daha çox meyvə, tərəvəz, tam taxıllı məhsullar, balıq və az yağlı süd məhsulları rasiona salmaları tövsiyə olunur; eyni zamanda şəkərli içkilərdən, şirniyyatlardan və qırmızı ət məhsullarından çəkinmək lazımdır.

Yüksək qan təzyiqi problemi olan pasiyentlərdə eyni pəhriz məhdudiyyətlərinə riayət edilməlidir, lakin natrium səviyyəsi onların rasionunda daha aşağı olmalıdır, çünki natrium (duz şəklində) suyun bədəndə saxlanılmasına səbəb olur və qan təzyiqinin qalxmasına həssaslığı artırır.

Nümunə olaraq ÜİX olan bir pasiyentin pəhrizi:

  • Səhər: Az yağlı südlə bişirilmiş meyvəli yulaf sıyığı. Meyvəli-tərəvəzli smuzi
  • Ara yemək: Kefir və ya təbii yoqurt – 1 stəkan
  • Günorta: Ton balıqlı sendviç (çörək tam taxıllı). Salat — çerri pomidoru və zeytun yağı ilə. Meyvə — 1 ədəd
  • Ara yemək: 30 qr çərəz
  • Axşam: Salat — avokado, aysberq salatı, zeytun yağı (extra virgin növü), çerri pomidoru və az yağlı pendir (feta və ya mozzarella).

Müxtəlif Qlobal Tövsiyələrdə Sağlam Qidalanma Prinsipləri

Aralıq dənizi pəhrizi (PREDIMED)

Tövsiyə olunur: zeytun yağı, ağac qoz-fındıqları (badam, fıstıq, qoz), təzə meyvələr, yağlı balıq, paxlalılar, ağ ət, az miqdarda şərab.   Tövsiyə olunmur: qazlı içkilər, sənaye üsullu un məmulatları, şirniyyatlar, krem və yağlı pastalar, qırmızı və emal olunmuş ətlər.

Lancet–EAT Komissiyası (Antropogen dövr pəhrizi)

Bitki mənşəli qidaların müxtəlifliyi.  Heyvani mənşəli məhsulların azlığı.  Doymuş və doymamış yağ turşularının balanslaşdırılmış qəbulu.  Rafinə olunmuş taxılların, emal olunmuş məhsulların və əlavə şəkərin azaldılması.

Amerika Ürək Assosiasiyası (AHA)

Tərəvəzlərin, meyvələrin, paxlalıların, çərəzlərin, tam taxılların və balığın artırılması.  Rafinə olunmuş taxılların, yüksək emal olunmuş məhsulların və əlavə şəkərin azaldılması.

Avropa Kardiologiya Cəmiyyəti (ESC)

Tam taxıllı məhsullar, yağlı balıq və duzsuz çərəzlər üçün tövsiyə.  Meyvə və tərəvəzlərin yüksək qəbulu (hər biri ≥200 q/gün).  Rafinə olunmuş taxılların, yüksək emal olunmuş məhsulların və əlavə şəkərin azaldılması.

Mənbə

NCBI – PMC9773289

Под ред. А. Ю. Барановского. Диетология. 5-е изд. — СПб.: Питер, 2017. — 1104 с. — (Серия «Спутник врача»). ISBN 978-5-496-02276-7

Back to top button