Metabolizma üçün önəmli orqan – Tiroid Vəzi

Tiroid vəzi boynumuzun ön tərəfində yerləşən, T3 və T4 adlı tiroid hormonlarını ifraz edən kəpənək şəkilli daxili ifrazat vəzisidir. Tiroid hormonları, demək olar ki, bədənimizin bütün hüceyrələrinin funksiyalarını tənzimləyir. Tiroid vəzi estrogen və kortizol kimi, orqanizmin digər hormonlara olan həssaslığını nəzarətdə saxlayır, sürətli kalori yandırmağı tənzimləyir və metabolizmamızı qoruyur. Ona görə də tiroid vəzi düzgün işləmədikdə çəkiyə nəzarət etmək çətinləşir, bununla bağlı böyük problem yaranır. Tiroidiniz doğru işləyərsə, enerjili olarsınız, aydın düşünərsiniz və əhvalınız da şən olar.

Müəllif: Dr. Səbinə İsmayılova, funksional tibb həkimi, diyetoloq

ZƏİFLƏMİŞ TİROİD (HİPOTİREOZ): ARTIQ ÇƏKİ, YORĞUNLUQ VƏ RUH SAĞLAMLIĞI PROBLEMLƏRİNƏ SƏBƏB OLUR?]

Hipotireoz xəstəliklər arasında əsl “rok ulduz”dur. Statistik məlumatlara əsasən, o, endokrin xəstəliklqr arasında şəkərli diabetdən sonra dünyada ikinci yeri tutur. Hər il hipotireozlu xəstələrin sayı 5% artır.

Təhlükə nədədir?

Hipotireoz diaqnozu tiroid vəzi lazımi miqdarda tiroid hormonları ifraz etmədikdə qoyulur.

Bu hormonların çatışmazlığı metabolik pozğunluqlara və orqanizmdə ciddi dəyişikliklərə səbəb olur: ürək, qaraciyər, beyin və digər orqanlar əziyyət çəkir.

90% hallarda hipotireozun kökündə autoimmun xəstəlik – Haşimoto dayanır. Bu zaman orqanizm tiroid vəzinə qarşı antitel ifraz edir. Bu xəstəlik zamanı bədənimiz öz tiroid vəzini yad bir toxuma kimi gördüyü üçün onu yavaş yavaş yox edir. Buradakı əsas məsələ immun sisteminin səbəb olduğu iltihabdır. Haşimato xəstəliyində tiroid vəzinə limfosit hüceyrələri dolur və nəticədə, xroniki şəkildə hüceyrələrin məhvi başlayır və davam edir. Nəticədə, tiroid vəzi kiçilir: tiroid çatışmazlığı və ya tənbəlliyi yaranır. Haşimoto autoimmun xəstəlik olduğu üçün bəzən çölyak, revmatoid artrit, 1-ci tip şəkərli diabet, Addison xəstəliyi, vitiliqo, pernisioz anemiyası (B12 vitamini çatışmazlığı) və qırmızı qurd eşənəyi kimi digər avtoimmun xəstəliklərlə birlikdə görülür.

Hipotireoz vaxtında müalicə olunmadıqda ağır nəticələri ola bilər:

  • Daima gücsüzlük və enerjisizlik;
  • Yaddaş və diqqət pozğunluqları;
  • Tiroid tipli piylənmə: bütün bədəndə artıq çəki;
  • Təzyiq problemləri;
  • Kişilərdə və qadınlarda sonsuzluq;
  • Bütün bədənin şişməsi – ödəm

Hipotireozun simptomları çox zaman digər xəstəliklərlə qarışdırılır və ya bu əlamətlərə, ümumiyyətlə diqqət yetirilmir.

Bu şikayətlərə diqqət yetirin:

  • 🚩 Yorğunluq, yuxululuq;
  • 🚩 Səbəbsiz halda, saç tökülməsi;
  • 🚩 Bütün bədəndə artıq çəki;
  • 🚩 Əllərin və ayaqların üşüməsi;
  • 🚩 Depressiv əhval-ruhiyyə, depressiyaya meyil;
  • 🚩 Qadınlarda menstruasiya pozğunluqları;

Bu əlamətlər olduqda hipotireozdan şübhələnmək lazımdır.

Həmçinin erkən mərhələdə xəstəlikdən xəbər tutmaq üçün risk altında olub-olmadığınızı əvvəlcədən bilmək vacibdir.

HİPOTİREOZ: KİMLƏR RİSK QRUPUNDADIR?

Xəstəlik hər yaşda özünü göstərə bilər. Ancaq bu xəstəliklə daha çox 40-50 yaşdan yuxarı olan insanlar qarşılaşırlar. Qadınlarda hipotireoz kişilərə nisbətən 8 dəfə artıq rast gəlinir.

Kimlər risk altındadır:

🔸 Yaşı 40-dan yuxarı olanlar;

🔸 Qalxanabənzər vəzi xəstəliklərinə irsi meyillilik varsa;

🔸 Qaraciyər, öd kisəsi və ya yumurtalıqların xroniki xəstəlikləri varsa;

🔸 Avtoimmun xəstəlikləri olanlar: revmatoid artrit, qırmızı qurd eşənəyi, 1-ci tip şəkərli diabet və s.;

🔸 Orqanizmdə yod çatışmazlığı olanlar;

🔸 Eləcə də, hamiləlik zamanı və ya bir neçə ay əvvəl doğum edən qadınlar.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *