fbpx

Qlüteni hər kəs həyatından cıxarmalıdırmı?

1940-cı ildən sonra- müharibə dövründə bir tərəfdən qida çatışmazlığı, digər tərəfdən insan artımı ilə əlaqədar, taxıl- xüsusilə də, buğda istehsalı artırıldı. Genetiklər daha çox məhsul almaq üçün qlütenlə zəngin buğda istehsal etdilər. Məhz bu dövrdən sonra qlütenlə bağlı patologiyalar artdı.

Müəllif: Gülsüm Hüseynova, Həkim-pediatr, Uşaq piylənməsi üzrə mütəxəssis, ANDOP mütəxəssisi

Qlüten – yüksək yapışqanlılıq  xüsusiyyətinə malik, mürəkkəb bitki zülalıdır. Qlüten azərbaycanca «yapışqan» mənasını daşıyan «glue» – ingilis sözündən götürülüb. Qlüten xəmirin yumuşaq, elastik və həcmli olmasını təmin edir.

Qlüten – prolamin və qlütenin fraksiyasından ibarətdir.  Prolamin fraksiyası hər  taxılda fərqlidir: buğdada-qliadin, çovdarda-sekalin, arpada – hordein, yulafda avenin. Prolaminlə ən çox zəngin olan taxıl  növü buğdadır. Buğdanın 100 qramında 3 – 6 qram prolamin (qliadin) var.

Kliniki təcrübədə qlütenə qarşı reaksiya 3 fərqi patologiya şəklində özünü göstərir:

  • ⮚      Seliakiya ( Çölyak)
  • ⮚      Qlütenə qarşı allergiya
  • ⮚      Seliakiyadan asılı olmayan qlüten həssaslığı

Bu 3 patologiyanın patogenezi  bir-birindən fərqlənir. Bunları birləşdirən ümumi cəhət  isə  odur ki, hər üç xəstəlik qlüten qəbulu fonunda yaranır.

Seliakiya – taxıllardakı qlütenə qarşı avtoimmun xəstəlikdir. HLA /DQ2 və HLA/DQ8 genlərini daşıyan insanlarda T- immun hüceyrələri qlütenə qarşı reaksiya verir. Avtoimmun proses nəticəsində, nazik bağırsağın selikli qişasında histopatoloji dəyişikliklər — villus xovlarının atrofiyası və xovları örtən kriptaların hiperplaziyası və limfosit infiltrasiyası müşahidə olunur. Nəticədə, nutriyentlərin həzmi və sorulması pozulur — malabsorbsiya sindromu inkşaf edir.

Uşaqlarda bu xəstəlik qlüten tərkibli taxılların əlavə qida kimi rasiona daxil edildiyi dövrdən (əsasən, 6-cı aydan sonra ) sonra yaranır. Əvvəllər  bu xəstəliyin həyatın erkən dövründə  formalaşdığı düşünülürdü. Lakin sonralar görüldü ki, atipik forma istənilən yaşda ortaya çıxa bilər.

Erkən dövrdə inkşaf edən seliakiya diareya, steatoreya, metiorizm, malabsorbsiya ilə bağlı çəki azalması kimi qastrointestinal əlamətlər ilə — krizlərlə özünü göstərir. Yetişkinlərdə formalaşan seliakiya 60% hallarda atipik əlamətlərlə ortaya çıxır.

Atipik simptomlu seliakiyada ekstraintestinal  əlamətlər olur: residivləşən anemiya, baş ağrıları, polineyropatiya, zəiflik, nevroloji pozuntular, oyanıqlıq, konsentrasiyanın pozulması, autizm, osteoparoz, dermatit, alopesiya, diş minasının hipoplaziyası.

Seliakiyanın diaqnostikası :

  • ⮚      Genetik analiz – HLA-DQ2, HLA-DQ8 genləri
  • ⮚      Seroloji testdə –anti-tissue transqlutaminaza antitelləri (anti-tTG), anti-endomizyum antitelləri (anti-EMA), deamidləşmiş qliadin-peptid antitelləri
  • ⮚      Histoloji. Biopsiya üsulu ilə nazik bağırsağın selikli qişasının atrofiyası təyin edilərək, diaqnoz qoyulur.

Seliakiya zamanı gündə 100 mq qlüten qəbulu avtoimmun prosesin başlamasına səbəb ola bilər.

Qlütensiz qidalanma nəticəsində, nutriyentlərin bərpası uşaqlarda 3 – 6 ay, yetişkinlərdə isə  1 – 2 il ərzində bərpa olunur.

Qlütenə qarşı allergiya yayılma dərəcəsinə görə, qida allergiyaları arasında inək südünə və yumurtaya qarşı allergiyadan sonra 3-cü yerdədir. Allergik reaksiya qlüten qəbulundan dəqiqələr  və  ya  saatlar sonra ortaya çıxa bilir.

Bu zaman qlütenə qarşı İgE artır, bazofil və tosqun hüceyrələrdə histamin sintezi  stimulyasiya olunur. Qlüten allergiyasında seliakiyaya xas olan əlamətlər- nazik bağırsaq xovlarındakı dəyişikliklər və spesifik antitellər olmur.

Qlütenə qarşı allergiyanın kliniki əlamətləri  44% dəri (səpki, şişkinlik, qızartı, qaşıntı), 27% mədə — bağırsaq  və 22% respirator simptomlar (tənəffüs yolları obstruksiyası, anafilaktik şok) şəklində meydana çıxır.

Atopik dermatit və bronxial astması olan uşaqların 31 – 43%-də qlütenə qarşı allergiya aşkar olunur.

Diaqnoz – serum İgE və dəri testinə əsasən  qoyulur.

Seliakiyadan asılı olmayan qlüten həssaslığı (Gluten Sensitivity) – Bu patologiya haqqında ilk dəfə 1980-ci ildə məlumat verilmişdir. Qlütenə qarşı həssaslıq —  Seliakiya və Qida alergiyasından asılı olmayan, qlüten qəbulu zamanı mədə-bağırsaq əlamətləri və digər simptomlarla müşahidə olunan sindrom kimi qeyd olunmuşdur. «Qlütenə qarşı həssaslıq» termini ilk dəfə 2011-ci ildə istifadə olunub. 2012-ci ildə Münhendə «seliakiyadan asılı olmayan qlüten həssaslığı» adı verilmişdir.

Uzunmüddət, qida yolu ilə qəbul edilən çox miqdarda qlüten  — entorositərin arasındakı keçiriciliyi təmin edən zonulin, klaudin, okklyudin sintezini artırır. Bu zaman entorositlər arası məsafə genişlənir, bağırsağın keçiriciliyi artır (leaky gut syndrome). Bu iri proteinlər, müxtəlif bakteriyalar, göbələklər, toksinlər bağırsaq baryerini keçir, qan dövranına düşür, orqanizmin müdafiə faktorları ilə görüşür. Nəticədə, immun komplekslər əmələ gəlir, orqanizmdə xroniki iltihabi proseslər, avtoimmun xəstəliklər inkişaf edir. Qlüten həssaslığı zamanı qliadin qəbulundan sonra nazik bağırsağın selikli qişasında seliakiyadan fərqli olaraq, daha az iltihab markerləri yaranır.

Qlütenə qarşı həssaslığın kliniki əlamətləri:

  • ⮚      Bağırsaq əlamətləri  — qarın ağrısı, ürəkbulanma, metiorizm, diareya ( bəzən qəbizlik)
  • ⮚      Qeyri-bağırsaq əlamətləri – zəiflik, oyanıqlıq, depressiya, konsentrasiyanın pozulması, yuxu pozğunluğu, xroniki yorğunluq, yaddaş zəifliyi, baş ağrıları, əzələ və oynaq ağrıları, dermatit , anemiya, nadir hallarda çəki alma və ya çəki vermə, autizm.

Xəstəliyin diaqnozunu qoymaq üçün seliakiya və qlütenə qarşı allergiya inkar olunmalıdır.

Bu zaman seroloji testlərlə ( ehtiyac olarsa, genetik və  histoloji testlərlə) seliakiya; allergoloji testlərlə isə qlütenə qarşı allergiya inkar edilir. 6 həftəlik qlütensiz qidalanma tətbiq edilir. Klinik əlamətlərin yaranma dinamikası izlənilir.

Araşdırmalar göstərmişdir ki, qlüten həssaslığı zamanı uzunmüddət, gün ərzində  5 – 8 qr. qlüten qəbulu bağırsaq keçiriciliyini artırır. (Nəzərə alın ki, bir dilim buğda çörəyinin (40qramlıq) tərkibində 1800 mq qlüten olur).

Göründüyü kimi, hər üç patologiyanın patogenezi  fərqli olsa da, klinik əlamətləri oxşardır. Ümumi cəhət isə odur ki, müalicə metodu olaraq, qlütensiz qidalanmanın təyini klinik əlamətləri sabitləşdirir.

Qlütensiz qidalanma zamanı rasiondan buğda, arpa, çovdar çıxarılır. Yulaf isə qlüteni az olan taxıldır. Buğdada depo proteinlərinin 80 – 85%-ni prolamin( qliadin) təşkil etdiyi halda, yulafda  bu, 10%-dir.

Taxıllardan düyü, qarğıdalı, qarabaşaq, soya, darı, kinoa, amarant rasiona daxil edilir.

Qlütensiz menyu  təyin edən zaman qlüten əlavə edilmiş qidalar — müxtəlix növ kolbasalar,  şirniyyat məhsulları, yarımfabrikat qidalar, hazır bulyonlar, hazır şorbalar, ət və balıq konservləri, dondurma, yoqurt, mayonez, ketçup və digər souslar da rasiondan çıxarılır.

Son illərdə qlütenin rasiondan çıxarılması və «qlüten free» məhsullardan istifadə edilməsi dəb halını alıb. Özünüzdə qlüten həssaslığına aid əlamətlər hiss edirsinizsə, dəqiq diaqnoz qoyulması üçün mütəxəssislərə müraciət edin. Nəzərə alın ki, əgər sizdə qlüten həssaslığı yoxdursa, qlütenlə zəngin taxılları rasiondan çıxarmaq olmaz. Çünki tam taxıllar mürəkkəb karbohidrat, liflər, B qrup vitaminlər və mikroelementlərlə ( Zn,Se,Fe,Cu) zəngindir. Digər tərəfdən, marketlərdə satılan «qlüten free» qidalar trans yağlar, konservantlar və dadlandırıcılarla zəngindir. Bu qidalar sağlamlığınıza daha ciddi ziyan vura bilər.

Maraqlıdır

Kompulsiv qidalanma — qida davranışının pozulması

Zaman keçdikcə insanların gözəllik anlayışı dəyişir. Əksər insanların düşüncəsinə görə, azçəkili olmaq bacarıqlı, gözəl, sağlam olmaq deməkdir. Artıq çəkili olmaq isə, əksinə, tənbəl, zəif, çirkin olmağın göstəricisidir. Buna görə də, dünyada qidalanma davranışının pozulması müşahidə olunan insanların sayı getdikcə artır.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *