Doktor Qrehem Simpson: “4 həftə ərzində II tip diabetdən tamamilə qurtulmaq mümkündür”

“Diabetik piylənmənin 4 həftəlik müalicəsi” proqramının dünya təqdimatı çərçivəsində Bakıda böyük konfrans keçirildi. Tədbir Sea Breeze Anti-Aging Center və Academy of Nutrition, Dietetics and Obesity Prevention (ANDOP) tərəfindən təşkil edilmişdi.  “İnsulinə  müqavimət” sahəsində dünyanın aparıcı mütəxəssislərindən sayılan doktor Qrehem Simpson (Graham Simpson) II tip şəkərli diabet və diabetik piylənmənin tam müalicəsi üsulunu azərbaycanlı həkimlərlə paylaşdı. Əlbəttə ki, mütəxəssislə söhbət etmək şansını əldən vermədik.

– Siz dünyada kifayət qədər tanınmış bir insansınız! Missiyanızı necə şərh edərdiniz?

Mən sağlamlığı demokratikləşdirməyə can atıram. İstəyirəm ki, sağlam həyat hamı üçün əlçatan olsun. Təxminən qırx ildir, bu işlə məşğulam, çoxlu səyahət edirəm, diabet və piylənmədən əziyyət çəkən xeyli insanla rastlaşıram.

Müşahidələrim onu göstərir ki, bu xəstəlik ilə mübarizədə istifadə olunan üsullar krandan su axa-axa döşəməni silmək cəhdinə bənzəyir. Axı ilk öncə kranı bağlamaq lazımdır. Qeyd etdiyim xəstəliklərə qarşı mübarizədə simptomların “silinməsi” ilə məşğul olmaq azdır, problemin kökünü aradan qaldırmaq vacibdir.

Şəkərli diabetdən əziyyət çəkən xəstələrin əksəriyyətində II tip diabet müşahidə edilir. I tip diabetdən yaxa qurmaqmaq çox çətin olsa da, təcrübədən keçirdiyim proqram sayəsində II tip diabetdən yaxa qurtarmaq mükündür. Sadəcə, bir neçə həftə ərzində prosesi geri çevirmək mümkündür. Bunu həkimlərin bir çoxu bilir. Bakıya səfərimin əsas məqsədi bir çox insanlara kömək edəcək metodikanı mütəxəssislərin nəzərinə çatdırmaqdır.

– Proqramınızın mahiyyətini bir neçə kəlmə ilə çatdıra bilərsinizmi? Bu çətin prosesdirmi?

– Əsla deyil! Sadə proqramdır. Əgər siz indi mənim əlimə toxunsanız, ona balaca bir disk bərkidildiyini hiss edəcəksiniz. Bu, qan şəkərinin səviyyəsini izləməyə imkan verən kiçik qurğudur, hər 15 dəqiqədən bir və ya gündə 96 dəfə qan şəkərini ölçür.

Xəstə iki həftə ərzində bu qurğu ilə gəzməlidir. Heç bir discomfort yoxdur, tezliklə əlinizə nəyinsə bağlı olduğunu unudursunuz. Xəstədən bircə şey tələb olunur – yemək qəbulunu və nə yeyəcəyini qeydə almaq. Müəyyən müddət ərzində biz müxtəlif qida qəbulunu nəzərə almaqla qanda şəkər səviyyəsinin dəyişmə dinamikasını izləyirik. Bundan sonra əldə edilmiş göstəricilər əsasında xəstə müəyyən qaydalara uyğun qida qəbul edəcək və qanda şəkərin miqdarının ölçülməsi davam edəcək.  Metodika 8 saat ərzində qida qəbul etməyi və yerdə qalan 16 saatı qidadan uzaq durmağı tələb edir. Nəticədə, orqanizmdə şəkərin deyil, piyin yandırılmasına nail oluruq.

Bu yolla biz şəkərli diabeti aradan qaldıra və qanda insulin səviyyəsini normasına qaytara bilərik. Diabetdən qurtulunca, artıq çəkidən azad olmaq da asanlaşır. Eyni zamanda onkoloji xəstəliklərin və yüksək təzyiq kimi bir sıra  problemlərin yaranma riski azalır.

– Təklif etdiyiniz metodikanın effektivliyi ilə bağlı araşdırmalar aparılırmı?

– Bu sahədə tərəfdaş təşkilatlar tərəfindən kiçik araşdırmalar aparılıb. Əldə olunan nəticələrə görə II tip şəkərli diabet üçün müalicənin effektivliyi 75% -ə qədərdir – yəni tamamilə sağalanlar üstünlük təşkil edir.  Yaxın zamanda Hindistanda min nəfərədək insanı əhatə edəcək daha böyük araşdırma planlaşdırılır.

Hal-hazırda biz 12 ölkədə çalışır və daha 6 ölkənin araşdırmalara olunmasını planlaşdırırıq. Artıq 450 nəfər bu proqramdan keçib. Biz, sertifikasiyadan keçmiş təlimçi və təlimatçılar hazırlayır, səhiyyə sahəsində özəl təşkilatlarla əməkdaşlıq edirik. Tərəfdaşlarımızla eyni dalğada olmağımız mənim üçün vacibdir.

– Azərbaycana səfəriniz zamanı siz proqramınızı yalnız geniş tibbi auditoriya qarşısında təqdim etməklə kifayətlənməyib, eyni zamanda Sea Breeze Anti-Aging Center və ANDOP-un təlimçiləri və mütəxəssisləri üçün iki günlük master-klass keçirdiniz. Bu, ölkəmizdə metodikanız üzrə fəaliyyət proqramının gerçəkləşməsi üçün Azərbaycanda mütəxəssislər yetişdirməyiniz anlamına gəlirmi?

– Tamamilə doğrudur. Azərbaycanda ünsiyyətdə olduğum mütəxəssislərin əksəriyyəti dietologiya və düzgün qidalanma sahəsində kifayət qədər bilik və təcrübəyə malikdirlər. Əminəm ki, əməkdaşlığımız bəhrəsini verəcək. Biz bu praktikanı Azərbaycanda da tətbiq etməyi planlaşdırırıq.

– Həyat yoldaşınız azərbaycanlı imiş, düzü, bunu bilmək çox maraqlı oldu. Azərbaycan mədəniyyətinə, o cümlədən milli mətbəximizə nə dərəcədə bələdsiniz?

– Təəssüf ki, yoldaşım bu dəfə Azərbaycana səfərimə qoşula bilmədi. Düzdür, Azərbaycanın adət-ənənələri və mədəniyyəti üzrə mütəxəssis sayılmaram, ancaq ölkəniz haqqında daha çox məlumat əldə etməkdən məmnun oldum.

Azərbaycan mətbəxinin təamları ilə tanışam, həyat yoldaşım bişirir. Bununla belə, həmin xörəklər Azərbaycanda mənə daha ləzzətli gəldi. Məsələn, dolma. Çünki burada məhsulların hamısı təbiətdən mətbəxə gəlir. Mən miras və adət-ənənələrin, o cümlədən mətbəxin qorunmasının tərəfdarıyam. Bu özəlliyi qorumaq üçün Azərbaycan kənd təsərrüfatını inkişaf etdirməlidir. Məhsullar kənardan idxal edilməsə, xeyri də, ləzzəti də çox olar.  Azərbaycan mətbəxinin ənənələrini nəsillərə ötürmək, onu Qərbin fastfud sisteminin təzyiqindən qorumaq lazımdır.

Maraqlıdır

Yaşıl çayın faydaları

Yaşıl çay xərçəngin qarşısını ala bilər. Müşahidələr göstərir ki, tez tez yaşıl çay içən qadınlarda 20-30% döş xərçəngi daha az görülür. Həmçinin yumurtalıq xərçəngi və endometrial xərçəngdən qoruya bilər.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *