fbpx

Piylənmə və COVID-19: Tədbir görmək zamanıdır.

COVID-19 bu günə qədər dünyada 3,5 milyondan çox insanı təsir altına salıb. Bu  virus dünyada bir çox insana təsir etsə də, xəstəxanaya yerləşdirilən koronaviruslu xəstələrin əksəriyyətində başqa xəstəliklər də müşahidə olunub. Çindən gələn ilkin məlumatlara görə, COVID-19-a yoluxmuş xəstələrdə piylənmə ilə yanaşı, ən çox görülən xəstəliklər 2-ci tip diabet, hipertoniya, xroniki obstruktiv ağciyər xəstəliyi, xroniki böyrək xəstəliyi, hepatit B, ürək-damar xəstəliyi, baş beyinin damar xəstəliyi və immun çatışmazlığı idi. Piylənmə COVID-19 infeksiyasının ümumi komorbidliyi kimi qeyd olunmayıb.

Müəllif: Prof. Feray Akbaş (Türkiyə), Sağlıq Elmləri Üniversiteti, İstanbul Təhsil və Araşdırma Xəstəxanası Daxili Xəstəliklər və Piylənmə Mərkəzinin müdiri

Daha sonra bu, Uzaq Şərq mədəniyyətində piylənmənin aşağı səviyyədə olması ilə əlaqələndirildi. Bundan əlavə, piylənmə ölümün kliniki səbəbləri siyahısında deyildi. Yaş, cinsiyyət, xəstəliyin şiddəti və hipertoniya, 2-ci tip diabet, ürək-damar xəstəliyi, tənəffüs yollarının xəstəlikləri və xərçəng kimi xəstəliklər COVID-19-a yoluxanlar arasında sağ qalanlarla sağ qalmayanları fərqləndirən əsas amillər idi.

Ağır xəstələr yüngül xəstələrə nisbətən, daha yüksək bədən kütlə indeksinə sahib olduğu və piylənməsi olan COVID-19 xəstələri arasında xoşagəlməz nəticələr müşahidə edildiyi üçün bədən kütlə indeksi (BKİ) diqqət mərkəzində idi.

Bilirik ki, visseral piylənmə immunitet orqanı kimi fəaliyyət göstərir və aşağı dərəcəli xroniki iltihaba səbəb olur. COVID-19-da olduğu kimi, hiperinflamasiya və “sitokin fırtınası” ilə birləşdikdə piylənmənin artması artıq çəkili insanlar üçün qaçılmaz olur. Xroniki iltihab davamlı infeksiyalara səbəb ola bilər. Həmçinin piylənmədə mikrobiota dəyişiklikləri bu vəziyyətlə nəticələnə bilər. Həddindən artıq piylənmədə zəif immunitet sisteminin olması virus infeksiyaları da daxil olmaqla, infeksiyalara həssaslıq yaradır. Faktiki olaraq, bəzi adipogen viruslar müəyyən olunmuşdur və piylənmə ilə əlaqəli immunitet basqısı piylənməsi olan insanlarda görülən viral infeksiyaların proqnozu üçün əsas rol oynaya bilər.

Piylənmənin COVID-19 infeksiyasına mənfi təsirini izah etmək üçün dəyişmiş yağ toxuması hormonları, tamamlayıcı komponentləri, damar sistemi və alveollar kimi bəzi başqa mexanizmləri nəzərdən keçirmək təklif olunur. Belə fərz olunur ki, piylənməsi olan xəstələr COVID-19-a yoluxduqda nəticələrin pis olmasına yağ kütləsi deyil, insulin rezistentliyi səbəb olur.

Digər tərəfdən, 2-ci tip diabet, hipertoniya, hiperlipidemiya, ürək-damar və serebrovaskulyar kimi piylənmə ilə əlaqəli xəstəliklər zamanı COVID-19 infeksiyasına yoluxma olarsa, deməli, narahatlıq üçün əsas var. Bu, piylənmə ilə müşayiət olunur və xəstəliyin şiddəti arta bilər.

Trombla bağlı problemlər COVID-19 xəstələrində ümumi haldır və piylənmədə görülən trombozun təməlində dayanan xroniki iltihab və zədələnmiş fibrinoliz bu insanlarda tromboemboliya riskinin artmasına səbəb ola bilər.

Çəkinin artması kəskin tənəffüs çatışmazlığı sindromunun inkişafı ilə əlaqələndirilir, xüsusilə də piylənməsi (BKİ> 40 kq / m2) olan xəstələrdə. Həm piylənmə, həm də kəskin tənəffüs çatışmazlığı sindromu tənəffüs çatışmazlığı riskini artıran iltihablaşma, endotel disfunksiya və oksidativ stres zamanı  dəyişikliklərə məruz qalır. Piylənmədə ağciyər tutumunun azalması mexaniki ventilyasiya ehtiyacını çoxaldır və piylənməsi olan ağır COVID-19 xəstələri arasında reanimasiya şöbəsinə müraciətlərin artmasına səbəb olur.

Bundan əlavə, piylənmə gənc COVID-19 xəstələrində xəstəxanaya müraciət üçün bir risk faktorudur. 60 yaşdan kiçik xəstələrin COVID-19 xəstəliyini ağır keçirmə riski az olduğu bildirilsə də, piylənməsi olan gənc insanların əvvəllər qeyd edildiyindən daha çox təsirə məruz qalacağı gözlənilir.

İmmun sistemi və metabolik vəziyyət COVID-19 infeksiyası zamanı sağ qalmaq üçün əsas faktorlardır və burada ümumiləşdirdiyimiz kimi, piylənməsi olan insanlarda məhz bu amillər zəifdir. Beləliklə, Avropa Piylənmənin Araşdırılması Assosiasiyasının (EASO) Mövqe Bəyanatında qeyd edildiyi kimi, COVID-19 pandemiyası dövründə piylənməsi olan şəxslərin ehtiyaclarını nəzərə almaq, piylənmə və ölüm səviyyəsini azaltmaq yönündə bu həssas qrup üçün lazım olan bütün tədbirləri görmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir