Şəkərin orqanizmə zərərləri

Sadə şəkərlər  istehsalçı, aşpaz  və  ya istehlakçı tərəfindən qidalara, içkilərə əlavə edilən monosaxaridlər (məsələn, qlükoza, fruktoza) və disaxaridlər (məsələn, saxaroza və ya süfrə şəkəri), həmçinin təbii olaraq balda, şərbətdə, meyvə şirəsində, konsentrat meyvə sularında mövcud olan şəkərlərdir. Şəkər saxarozanın ümumi adıdır (iki monosaxariddən ibarət olan disaxarid: α-qlükoza və β-fruktoza).

Zülallar və vitaminlər kimi, karbohidratlar da zəruri qida komponentləridir. Saxaroza orqanizmə daxil olduqda maddələr mübadiləsi nəticəsində monosaxaridlərə bölünür: qlükoza və fruktozaya, sonra isə qan dövranına daxil olur. Daha sonra monosaxaridlər hüceyrəyə daxil olaraq, enerjini təmin edir. Normal qlükoza konsentrasiyası 100 millilitr qanda 80-120 milliqram şəkər səviyyəsində saxlanılır. Amma statistikaya görə, bir insan hər gün orqanizmin həyat fəaliyyətini təmin etmək üçün tələb olunandan 10 qat daha çox şəkər istehlak edir. Bəzi hallarda bu, normadan 40, hətta 50 dəfə çox olur.

Ümumdünya Səhiyyə  Təşkilatı (ÜST) təkidlə bildirir ki, bu qədər çox miqdarda şəkər istehlak etmək müasir orta statistik insan üçün zərərlidir, amma onu rasiondan tamamilə çıxartmaq tövsiyə olunmur. Gün ərzində 25-50 qramdan və ya 12 çay qaşığından artıq istifadə etmək doğru deyil.  [https://www.who.int/news/item/04-03-2015-who-calls-on-countries-to-reduce-sugars-intake-among-adults-and-children].

ÜST-nın Sağlamlıq və İnkişaf  üzrə Departamentinin direktoru doktor Françesko Branka  bildirir: “Sadə şəkər istehlakı ümumi kalori istehlakının 10%-dən az olduqda artıq çəki, obezite və diş çürüməsi riskinin azaltdığına dair əsaslı dəlillərimiz var. Ölkələr qeyri-infeksion xəstəliklərin yükünü azaltmaq üçün götürdükləri öhdəliklərə əməl etdikləri təqdirdə, buna dəstək olaraq siyasi dəyişikliklər etmək vacib amildir”.

ÜST-nın tövsiyələri təzə meyvə və tərəvəzdəki şəkərlərə və ya süddə təbii olaraq mövcud olan şəkərlərə şamil edilmir. Çünki bu şəkərlərin mənfi təsirlərinə dair bir dəlil yoxdur.

Bu gün istehlak edilən şəkərlərin əksəriyyəti ümumiyyətlə şirniyyat hesab olunmayan  işlənmiş qidalarda “gizlənir”. Məsələn, 1 xörək qaşığı ketçupda təxminən 4 qram (təxminən 1 çay qaşığı) sadə şəkər var. Bir şüşə şəkərli qazlı içki təxminən 40 qram (təxminən 10 çay qaşığı) sadə şəkər ehtiva edir.

Hansı qidalardan imtina etməli olduğumuzu başa düşmək üçün adi bir gəzinti zamanı, məsələn, fast-food restoranına gedərkən orqanizmə nə qədər şəkər daxil olacağını hesablamaq kifayətdir. 0.33 litr həcmində olan “Coca-Cola”, təxminən, 45 qram, burqer isə 17,5 qram şəkər ehtiva edir. Nəticədə, normadan minimum 12,5 qram çox olur. Lakin, bu, hələ bir gündə istehlak etdiyiniz şəkərin hamısı deyil. Yəni göründüyü kimi, normanı keçdikcə rəqəm onluqlarla artır.

Şəkər istehlakının daima normadan çox olması qanda xolesterol səviyyəsinin yüksəlməsinə (miokard infarktının inkişaf riski yaranır), piylənmənin inkişafına, 2-ci tip diabet və bir çox problemə səbəb olur. Doktor Nensi Eplton “Şəkərsiz həyat” kitabında həddindən artıq şəkərin sağlamlığımıza zərərli olmasının rəsmi olaraq təsdiq olunmuş 59 səbəbi haqqında məlumat verir.

Bizim fikrimizcə, ən maraqlı olanlardan bəziləri bunlardır:

  • Şəkər uşaqların davranışına mənfi təsir göstərir. Doktor Steven Şointaler 30 ildir uşaq qidalanması üzrə araşdırma aparır və təcrübə edib: Nyu-Yorkdakı səkkiz yüzdən çox məktəbdə uşaqlar səhər yeməyində şəkərdən imtina edib. Bir neçə il ərzində onlarda ciddi fərqi hiss olunub. Təcrübənin aparıldığı məktəblərdə şagirdlərin 46 növ öyrənmə bacarığı 15,7% artıb. Bu bacarıq uşaqların istehlak etdiyi şəkərin miqdarı azaldıqca artıb. Yəni uşaq nə qədər az şəkər qəbul edirdisə, təhsildə nəticələri bir o qədər müsbət olurdu.
  • Serotonin konsentrasiyasını artırır. Bədənə daxil olan hər hansı bir karbohidrat avtomatik olaraq insulinin ifrazına səbəb olur (mədəaltı vəzi hormonu). İnsulinin funksiyası artıq şəkəri qandan uzaqlaşdırmaqdır. Bu zaman insulin həm də bütün lazımlı amin turşularını qandan uzaqlaşdırır, ancaq insulinə təslim olmayan yeganə amin turşusu triptofandır. O, qan dövranında qalır, beyinə daxil olur və bu səbəbdən serotonin səviyyəsi yüksəlir, bu da toxluq hissi verir. Bu miqdar yetərli olmadıqda daha çox insulin tələb olunur. Bu isə daha çox qida deməkdir. Daha sonra bu səbəbdən yağ toxuması  böyüməyə başlayır və piylənmə riski yaranır.
  • Uşaqlarda yuxuya səbəb olur. Bütün karbohidratlar qəbul edildikdən sonra qana qlükoza şəklində daxil olur. Qaraciyərə çatdıqda hüceyrələrə qlükozanı daxil edən insulin daha da artır. Hüceyrələrin üzərində qlükozanı içəriyə daxil edən və ya toplayan insulin reseptorları var. Ancaq davamlı şəkildə şəkər artıqlığı olduqda reseptorlar insulinə daha reaksiya vermir və hüceyrə içində qlükoza çox olduğu üçün yenisini qəbul etmir. Bununla yanaşı, qaraciyər insulinin qana axışını tənzimləməyə davam edərək, fəaliyyətini dayandırmır. İnsulinin qanda artıq olması isə yuxululuq və yorğunluq hissinə səbəb olur.
  • Nəticə olaraq deyə bilərik ki, “ağ zəhər” şəkər yox (çoxlarının dediyi kimi), məhz onun normadan artıq qəbul edilməsidir. Çünki bədənin enerji əldə etməsi və funksiyaları yerinə yetirməsi üçün karbohidrat lazımdır. Amma karbohidrat qəbulu artdıqda bir çox problemlərə və xəstəliklərə səbəb olur.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *