fbpx
Trending

Antibiotik terapiya zamanı necə qidalanaq?

1929-cu ildə Aleksandr Fleminq tərəfindən penisilinin kəşf olunması ilə tibbə daxil olan antibiotiklər hal-hazırda bir çox bakterial mənşəli infeksion xəstəliklərin müalicəsində istifadə olunur. Antibiotiklər bakterial infeksiyaların müalicəsi üçün əsas etiotrop dərmanlardır və bakteriyalara ya bakteriostatik (çoxalmağının qarşısını almaqla), ya da bakteriosid (birbaşa öldürməklə) təsirləri var.


Bakteriyalara təsir mexanizminə görə aşağıdakı qruplara ayrılır:

  1. hüceyrə divarı sintezinə təsir edənlər,
  2. protein sintezinə təsir edənlər,
  3. nukleik asid sintezinə təsir edənlər,
  4. hüceyrə membranı keçiriciliyinə təsir edənlər,
  5. metabolizmaya təsir edənlər.

Antibiotiklərin istifadəsi zamanı tək xəstəlik törədən bakteriyalar yox, həm də bağırsaq mikrobiotası üçün
faydalı bakteriyalar da təsir edir. İstifadə göstərişi olduğu halda mütləq həkim mütəxəssis tərəfindən antibiotiklərin həm növü, həm də istifadə müddəti təyin olunmalıdır. Antibiotiklərin istifadəsi zamanı digər dərmanlarla və qidalarla qarşılıqlı əlaqəsinə mütləq diqqət yetirmək lazımdır.

Bəzi qidalar antibiotiklərin mənimsənilməsini azalda və ya dərmanı bloklaya bilər, həmçinin antibiotik istifadəsi zamanı yaranan yan təsirləri gücləndirə bilər…

Penisillin kimi geniş istifadə olunan antibiotik yağlı qidalarla qəbul edildikdə penisillinin mənimsənilməsi 36% azalda bilər. Bromelain fermenti ilə zəngin qidalar isə penisillin təsirini artırır. Bromelainlə zəngin qidalar – ananas, kivi, incir, kələm.

Aminoqlikozidlər qrupuna daxil olan antibiotiklərin uzun müddət istifadəsi, bağırsaqda B12 vitamininin mənimsənilməsini inhibə edərək səviyyəsini azalda bilər. Ona görə bu qrup antibiotiklərin uzun müddət istifadəsi zamanı B12 ilə zəngin qidalar qəbul olunmalıdır. Bunlara qırmızı ət, balıq, yumurta aid etmək olar.

Maqneziumla zəngin qidalar – ispanaq, lobya, noxud, mərcimək, balqabaq toxumu, küncüt, badam, fındıq, yulaf levofloksasinin bağırsağda absorbsiyasını azaldır.

Antibiotiklərin qəbulu zamanı su ilə içilməsi məsləhətdir. Meyvə şirələri və ya süd məhsulları ilə qəbul edilməməlidir. Süd məhsulları qəbulu ilə antibiotik qəbulu arasında üç saat fasilə olmalıdır. Süddə olan kazein və kalsium siprofloksasinin mənimsənilməsini azaldır.

Tetrasiklin yeməkdən bir saat əvvəl və ya iki saat sonra qəbul edilməlidir və südlə qəbul etmək olmaz. Tetrasiklin qidada olan kalsium və dəmirlə bağlanır və həll olmayan birləşmələr əmələ gətirir.

Antibiotik terapiya zamanı spirtli içkilər qəbulu məsləhət görülmür. Bu zaman dərinin qızarması (istiləşməsi), baş ağrısı, ürəkbulanma, mədədə ağrılar (kramplar) ola bilər. Antibiotik qəbulu bitdikdən yetmiş iki saat sonra spirtli içkilər qəbul etmək olar.

Portağal, qreyfrut kimi sitrus meyvələri və onların şirələri, pomidor, şokolad kimi qidalar yüksək turşuluğa malik olduqları üçün antibiotik mənimsənilməsini azalda bilər. Antibiotik qəbulu müddətində ilk növbədə şorbaların, qeyri-sitrus meyvələrinin qəbulu məsləhətdir. Bağırsaq sağlamlığını qorumaq üçün probiotiklə zəngin qidalar, fermentə qidalar qəbul olunmalıdır. Bunlara – fermentə olunmuş tərəvəzlər, kimçi, kefir, parmezan pendiri aiddir.

Antibiotik terapiya bakterial infeksiyaların müalicəsində vacib bir vasitədir, lakin antibiotiklərin yanlış istifadəsi mikroorqanizmlərin müqavimətinin inkişafına səbəb ola bilər. Buna görə də, həkim tövsiyələrinə riayət etmək və antibiotiklər ilə qidaları və digər dərmanları düzgün şəkildə birləşdirmək çox önəmlidir. Bələliklə antibiotik terapiya zamanı düzgün qidalanma dərmanların mənimsənilməsini artırmağa və bağırsaq mikroflorasını qorumağa kömək edir.

Back to top button