fbpx

Dəmir və insan orqanizmində onun metabolizmi

Son illər insan orqanizmində dəmirin (Fe) metabolizmi ilə bağlı yeni məlumatlar ortaya çıxmışdır. Bu mikronutrientin mübadiləsində iştirak edən zülal-tənzimləyicilərin tapılması ilə əlaqədardır. Məlumdur ki, dəmir oksigenlə zəngin olan mühitdə yaşayan orqanizmlərin metabolizmində zəruri elementdir.

Müəllif: Könül Kərimova, Tibb üzrə fəlsəfə doktoru, ANDOP mütəxəssisi

Əhəmiyyətli oksidativ-reduksiya xassələrə malik olaraq, hemoqlobinlə oksigenin daşınması, dezoksiribonuklein turşusunun (DNT) sintezi, mitoxondrial fermentlərin işi üçün olduqca vacibdir. Dəyişkən valentliyə malik metal kimi qeyri-hem fermentlərində dəmir (katalaza, peroksidaza, sitoxrom) oksigenin aktiv formalarını neytrallaşdırır. Lakin Fe3+ formasının artması sərbəst radikalların əmələ gəlməsi və oksidativ stressin inkşafı üçün katalizator ola bilər. Buna qarşı kompensasiya məqsədilə orqanizmdə bir sıra təbii antioksidantlar – Fe3+ helatorlarının fəaliyyəti nəzərdə tutulmuşdur. Belə maddələrə sidik turşusu, seruloplazmin, superoksididismutaza, ferritin, transferrin aiddir.

Orta hesabla insanda təxminən 3-4 qram dəmir (40-50 mq Fe/kq) olur. Qidada bu elementə gündəlik tələbat kişilər üçün təxminən 10 mq, reproduktiv yaş qadınlar üçün isə 20 mq-dır. Bununla belə qida ilə yalnız 1-2 mq dəmir sorulur və bir o qədəri də mədə-bağırsaq traktı epiteli ilə, tər və sidiklə demək olar ki itirilir. Gündəlik lazım olan dəmirin böyük hissəsi retikuloendotelial sistemin (RES) hüceyrələrindən (dalaq, qaraciyər, sümük iliyi) dövriyyəyə buraxılır.

Dəmirin mənimsənilməsinə təsir edən maddələr

Dəmirin sorulması oniki-barmaq bağırsaq epiteli hüceyrələri və nazik bağırsağın başlanğıc şöbəsi tərəfindən həyata keçirilir və dəmir mübadiləsi zülallarının ciddi nəzarəti altındadır.

Məlumdur ki, hemoqlobin və mioqlobin (ət məhsullarında) tərkibinə daxil olan hem dəmiri (Fe2+) mədə-bağırsaq sekresiyası və qidanın tərkibindən asılı olmayaraq, insan tərəfindən 20-30% mənimsənilir. Hem dəmiri nəqledici zülalı (HCP1) ilə birləşdikdən sonra enterosit tərəfindən asanlıqla udulur. Bitki mənşəli qidanın tərkibində olan qeyri-hem dəmir (Fe3+), insan tərəfindən 1-7% mənimsənilir və əsasən yanaşı qəbul edilən qida amillərindən asılıdır.

Qeyri-hem dəmirinin absorbsiyası enerjidən asılı olan mürəkkəb nəqliyyat prosesidir. Fe3+-dən Fe2+ -yə bərpa olunduqdan sonra mədə şirəsinin xlor turşusu və duodenal sitoxrom – ferroreduktaza köməyi ilə həyata keçirilir. Fe2+ sonra ikivalentli ionların xüsusi nəqledici tərəfindən enterositə köçürülür.

Hüceyrə tərəfindən istifadə edilməyən dəmirin bir hissəsi ferritin və hemosiderin şəklində qaraciyərdə, dalaqda, sümük iliyində, əzələ toxumasında ehtiyyat kimi yatırılır. Ferritin 4000-ə qədər dəmir atomu bağlayan zülal-apoferritin olan mürəkkəb hüceyrədaxili kompleksidir.

Ferritinin 5 ioformu var: qaraciyərin və dalağın qələvi izoformları dəmirin depolanması məsuliyyətini daşıdığı halda, miokardın, plasentanın, şiş hüceyrələrinin turş izoformları sintez proseslərində vasitəçilik edir və T-hüceyrə immun reaksiyasının tənzimlənməsində iştirak edirlər. Məhz bu səbəbdən ferritinin bu izoformları kəskin iltihab və şiş proseslərinin böyüməsinin gösətəricisi sayılırlar. Hemosiderin – ferritinin həll olmayan şəkildə və çətin əldə olunan artıq dəmirin depolaşma formasıdır.

Enterositdən qana dəmirin (Fe2+) axması, həmçinin qaraciyər hüceyrələrindən, dalağın makrofaqlarından, sümük iliyindən yeganə zülal daşıyıcısı olan – ferroportin vasitəsilə həyata keçirilir. 2001-ci ildə dəmir və ferroportin funksiyasının və mübadiləsinin ən mühüm tənzimləyicisi olan – hepsidinin aşkarlandı. 25 amin turşusundan ibarət olan bu zülal qaraciyər tərəfindən, bəzi məlumatlara görə isə piylənmə zamanı piy hüceyrələri tərəfindən sintez edilir.

Əvvəllər bu zülal yalnız antibakterial xüsusiyyətlərə malik olan kəskin faza zülalı kimi tanınırdı. Bunun səbəbi hepsidinin mikroorqanizmlərə dəmirin daaşınmasını azaltmaq, onların çoxalmasını əngəlləmək, bakterial membranları məhv etmək qabiliyyəti idi. İltihab zamanı hepsidin sintezinin əsas stimulyatorları iltihabi sitokinləri – İl-6 və TNF-a-dır.

Məlumdur ki, bu günə qədər iltihab zamanı, eləcə də şiş prosesində səviyyəsi artan hepsidin xroniki iltihabi anemiyasının inkişafında böyük rolu var. Hepsidin dəmirin plazma konsentrasiyasını ferroportin işini “söndürməklə” (bu halda dəmir enterositlərdə, makrofaqlarda, hepatositlərdə toplanır)tənzimləyir. Qanda dəmir artdıqda, hepsidinin sintezi artır. Nəticədə, dəmirin sorulması, resirkulyasiyası və depodan buraxılması prosesləri bloklanır.

Dəmirin enterositlərdən və depo-orqanlarından sümük iliyi və digər toxumalara daşınması, qaraciyərin sintez etdiyi transferrin vasitəsilə həyata keçirilir. Bu zülal yalnız Fe3+ daşıya bilir. Transferrin kəskin fazanın mənfi zülalıdır. Dəmir (Fe3+), transferrin ilə əlaqəli olaraq hüceyrəyə 1-ci və 2-ci tip (TfR) xüsusi transferin reseptorları vasitəsilə daxil olur. Hüceyrədaxili ferroreduktaza Fe III təsiri altında yenidən Fe2+-də qədər bərpa olunur.

Hüceyrədə transferin reseptorlarının sintezi onun dəmir tələbatından asılıdır və hüceyrədaxili zülallar sistemi (IRP1, IRP2, IRE) ilə ciddi şəkildə tənzimlənir. TfR ilə transferrin kompleksinin əmələ gəlməsi və hüceyrə daxilində onların endositozu HFE zülalı ilə idarə olunur.

Beləliklə, əldə olunan elmi araşdırmaların nəticələri qismən də olsa artıq praktiki təbabətdə istifadə olunur və klinisistlər bir sıra dəmir metabolizmini əks etdirən laborator göstəricilərdən, məsələn dəmir çatışmazlığı və ya dəmirlə yüklənmə hallarının diaqnostikasında istifadə edirlər. Yaxın zamanlarda istifadə edilən laborator parametrlərə hepsidin və digər dəmir metabolizmini tənzimləyən zülalların daxil edilməsi gözlənilir ki, bu yeni parametrlərin üstünlüyü klinik diaqnostik prosesin həssaslığını və spesifikliyini daha da artıracaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir