Elmi sübutlara əsaslanan nutrisiologiya

Nutrisiologiyada tez-tez müxtəlif pəhrizlər, qida əlavələri və “möcüzəvi” qidalar haqqında eşidirik. Lakin hər tövsiyə yalnız elmi sübütlərə əsaslanmalıdır. Bunun üçün sübutlara əsaslanan tibb (EBM) hər qərarın və tövsiyənin etibarlı tədqiqatlara əsaslanmasını tələb edir.

EBM həm tibbi təcrübəni, həm də xəstənin fərdi xüsusiyyətlərini nəzərə alır. Başqa sözlə, bir pəhriz və ya qida əlavəsi hər kəsdə eyni təsiri göstərməyə bilər. Sübutlara əsaslanan yanaşma xəstəyə ən yaxşı, təhlükəsiz və effektiv tövsiyəni verməyə kömək edir.
Elmi tədqiqatların etibarlıq səviyyəsi fərqlidir – bəzi tədqiqatlar güclü sübüt verir, digərləri isə əlavə informasiya təqdim edir. Onları aşağıdakı kimi sıralaya bilərik:
- Meta-analizlər və sistemli icmallar – müxtəlif tədqiqatların nəticələrini birləşdirir və ən güclü sübüt dərəcəsi hesab olunur.
- Randomizə edilmiş kontrollu tədqiqatlar (RCT) – təsadüfi qruplarla aparılır və səbəb-nəticəni göstərir.
- Kohort tədqiqatları – müəyyən qrupları illərlə izləyir, risk faktorlarını və nəticələri qiymətləndirir.
- “Case-control” tədqiqatları – xəstə və sağlam qrupları müqayisə edir və riskləri müəyyənləşdirir.
- Müşahidə tədqiqatları – statistika və müşahidəyə əsaslanır, lakin səbəb-nəticəni sübut etmir.
- Ekspert rəyi və təcrübə – faydalıdır, lakin təkbaşına sübüt hesab olunmur.

*Bu piramida məlumatların etibarlılığını və sübüt dərəcəsini qiymətləndirməyə kömək edir.
Nümunə:
Omega-3 yağ turşularının ürək-damar sağlamlığı üçün faydalı olduğu elmi sübutlarla təsdiqlənib. Məsələn, meta-analizlər və randomizə edilmiş kontrollu tədqiqatlar göstərir ki, EPA və DHA tərkibli balıq yağı ürək xəstəlikləri riskini azaldır (Rizos et al., 2012, JAMA; Abdelhamid et al., 2018, Cochrane Database of Systematic Reviews). Digər tədqiqatlar həmçinin iltihabı azaltmağa və lipid profilini yaxşılaşdırmağa kömək etdiyini göstərir.
Qeyd olunan tədqiqatlar omega-3 yağ turşularının faydalı olduğunu elmi əsaslarla təsdiq edir. Yəni, bu məlumatlar artıq sadəcə fikir deyil, sübüt olunmuş elmi fakt kimi qəbul edilir.
Faktları necə yoxlamaq olar?
- Mənbəyə diqqət yetirin. Yalnız etibarlı elmi jurnallar və tədqiqatlara əsaslanın. İnternet və sosial şəbəkələrdə yayılan məlumatlar düzgün olmaya bilər. Elmi və etibarlı məlumat üçün jurnal və platformalar: PubMed, The Lancet, JAMA (Journal of the American Medical Association)…
- Tədqiqat növünü yoxlayın. Bütün tədqiqatlar eyni dərəcədə sübüt vermir. Meta-analizlər və RCT-lər ən etibarlı nəticələri göstərir, çünki onlar geniş məlumatları birləşdirir və səbəb-nəticəni araşdırır.
- Təkrar olunmasını yoxlayın. Bir tədqiqatın nəticəsi təkbaşına kifayət etmir. Müxtəlif araşdırmalar eyni nəticəni göstərirsə, məlumat daha etibarlı hesab olunur.
- İştirakçı sayına baxın. Daha böyük insan qrupu ilə ilə aparılmış tədqiqatlar daha etibarlı sayılır. Məsələn, 10 nəfərlə aparılmış tədqiqatdan 1000 nəfərlə aparılmış tədqiqat daha güclü nəticələr verir.
Nutrisiologiyada elmi sübutlara əsaslanmaq sağlam və etibarlı tövsiyə verməyin ən düzgün yoludur. Bu yanaşma sayəsində fərdi xüsusiyyətləri nəzərə alır və hər kəs üçün ən uyğun və təhlükəsiz həlləri təklif edə bilirik.