fbpx
Trending

Emosional qidalanma… Aclıq yoxsa hisslərin səsi?

Son zamanlar insanlar arasında emosional qidalanma problemi getdikcə daha geniş yayılır. Bir çox insan bəzən fərqində olmadan, fiziki aclıq hissi olmadığı halda yeməyə yönəlir. Bəs əslində emosional qidalanma nədir?

Emosional qidalanma – insanın psixoloji və mənəvi aclığını qida vasitəsilə sakitləşdirməyə çalışmasıdır. Bu zaman yemək bədənin enerji ehtiyacını ödəmək üçün deyil, daha çox daxili gərginliyi, stressi və ya mənəvi boşluğu aradan qaldırmaq məqsədilə qəbul edilir.

Başqa sözlə, emosional qidalanma – insanın fiziki aclıq hissi olmadan, psixoloji ehtiyaclarını sakitləşdirmək üçün qidaya müraciət etməsidir. İnsan bəzən fərqində olmadan yeməyi bir növ emosional təsəlli vasitəsinə çevirir. Bu davranış qısa müddət üçün rahatlıq hissi yaratsa da, uzun müddətdə həm fiziki, həm də psixoloji problemlərə səbəb ola bilər.

Emosional qidalanmanın biokimyəvi tərəfi də var, baxaq bunlar nədir:

Emosional qidalanma yalnız psixoloji faktorlarla bağlı deyil, eyni zamanda biokimyəvi proseslərlə də əlaqəlidir. Stress zamanı orqanizmdə kortizol hormonu yüksəlir. Kortizol səviyyəsinin artması xüsusilə şəkər və yağ tərkibli qidalara meyli artır.

Bu tip qidalar qəbul edildikdə beyində dopamin və serotonin kimi “xoşbəxtlik hormonları” ifraz olunur. Nəticədə insan qısa müddətli rahatlıq və məmnunluq hissi yaşayır. Lakin bu təsir uzun sürmür. Bir müddət sonra həmin rahatlıq hissi azalır və yerini peşmanlıq hissi tutur. Bu isə emosional qidalanmanın ən xarakterik xüsusiyyətlərindən biridir.

Fiziki aclıqla emosional aclığın fərqi nədir?

Fiziki aclıq və emosional aclıq bir-birindən fərqlənir.

  • Fiziki aclıq tədricən yaranır və bədənin enerji ehtiyacını göstərir. Bu zaman insan müxtəlif qidalarla doyma hissinə çata bilir.
  • Emosional aclıq isə adətən qəfil yaranır və daha çox müəyyən qidalara – xüsusilə şirniyyatlara, yüksək kalorili və sevilən dadlara yönəlir. Bu halda insan yeməkdən sonra belə tam doyma hissi yaşamaya bilər və qidalanma davranışı təkrar-təkrar davam edə bilər.

Ən diqqət çəkən məqam odur ki, emosional qidalanma zamanı insan yeməkdən bir müddət sonra peşmanlıq hissi yaşayır. Təkrar yeyir və yenidən peşman olur. Bu dövrə isə emosional qidalanma dövrəsi adlanır.

Emosional qidalanma niyə yaranır?

Emosional qidalanmanın yaranmasına bir çox faktor təsir edə bilər. Müasir həyatın gətirdiyi stress, gündəlik qayğılar və psixoloji gərginlik bu davranışın formalaşmasına səbəb olan əsas amillərdəndir.

Xüsusilə qadınlar bu vəziyyətlə daha çox qarşılaşa bilirlər. İş, ailə məsuliyyətləri, övlad böyütmək, gündəlik həyatın müxtəlif çətinlikləri və emosional yük bəzən qidaya yönəlmə ilə nəticələnə bilir. Belə hallarda yemək insan üçün yalnız qida deyil, həm də emosional rahatlama vasitəsinə çevrilir.

Emosional qidalanmanı necə idarə etmək olar?

Emosional qidalanmanı aradan qaldırmaq yalnız qidanı məhdudlaşdırmaqla mümkün deyil. Əsas məsələ qidalanma davranışının arxasında duran emosiyaları anlamaqdır.

Bu prosesdə aşağıdakı addımlar faydalı ola bilər:

  • Gün ərzində balanslı və müntəzəm qidalanmaq;
  • Emosional gərginlik yarandıqda yemək əvəzinə alternativ fəaliyyətlər seçmək;
  • Yazmaq, gəzmək, musiqi dinləmək və ya nəfəs məşqləri etmək;
  • Kifayət qədər yuxu almaq;
  • Stress idarəetmə üsullarını tətbiq etmək;
  • Qida ilə münasibəti daha şüurlu şəkildə qurmaq.

Sonda diqqətinizə çatdırmaq istəyirəm ki, emosional qidalanma zəif iradənin göstəricisi deyil. Əksinə, çox vaxt insanın daşıdığı emosional yükün və daxili gərginliyin bir əksidir.

Bu səbəbdən problemi yalnız “az yemək” yanaşması ilə deyil, psixoloji və fizioloji faktorları birlikdə nəzərə alaraq həll etmək daha effektivdir.

Unutmaq olmaz ki, sağlam qidalanma yalnız kalori hesabı deyil. Bu, eyni zamanda insanın öz bədəni və emosiyaları ilə qurduğu balanslı münasibətdir.

Back to top button