fbpx
Trending

Kandidoz və qidalanma

Kandidoz Candida albicans və qeyri-albicans göbələk növləri tərəfindən törədilən infeksiyadır. Eukariot orqanizmlər olan göbələklər bizim sağlam mikrofloramızda var.

Lakin aşağıda sadalanan səbəblər onların artıb çoxalmasına və kandidoz xəstəliyinin yaranmasına şərait yaradır:

  • Uzun müddət antibiotik qəbulu;
  • Rasionda normadan artıq rafinə şəkərin olması;
  • Çox alkoqol qəbul etmək;
  • Zəifləmiş immun sistem;
  • Oral kontraseptivlərin istifadəsi;
  • Şəkərli diabet;
  • Yüksək stres səviyyəsi.

Kandidoz ağız boşluğunda, mədə-bağırsaq sistemində, cinsi orqanlarda, dəridə inkişaf edə bilər. Şəkərli diabet, hamiləlik və oral kontraseptivlərin istifadəsi zamanı vaginal kolonizasiya artır. İİV-ə yoluxmuş insanların 90%-dən çoxunda ağız boşluğu kandidozuna rast gəlmək olar. İmmun çatışmazlığı olan insanlarda kandidoz ikincili infeksiya kimi inkişaf edir. Candida bu xəstələrin həyatı üçün təhlükə olan bir patogendir.

Kandidoz zamanı aşağıdakı əlamətlər ola bilər:

  1. Köp, qəbizlik və ya diareya;
  2. Xroniki yorğunluq;
  3. Dəri problemləri;
  4. Təkrarlanan sidik yolu infeksiyaları;
  5. Ağız boşluğunda ağ və ya sarımtıl ərpin, ağrıların, yaraların olması;
  6. Dəri və dırnaqların göbələyi;
  7. Baş ağrısı;
  8. Kilo vermədə çətinlik.

Kandidozun müalicəsi antifungal preparatların təyini ilə olur. Müalicədə yaranan çətinlik antifungal müalicəyə müqavimət göstərən biofilm təbəqəsinin yaranmasıdır.

Kandidozun müalicəsində antifungal müalicə ilə yanaşı kandida əleyhinə pəhrizin də təyin olunması müalicənin effektivliyini artırır. Kandida əleyhinə olan pəhrizdə biofilm təbəqəsinin yaranmasını pozan qidalardan istifadə olunur. Aparılan tədqiqat zamanı kandidozlu xəstələr 2 qrupa bölünüb — yalnız antifungal müalicə alanlar və həm antifungal, həm də pəhriz müalicəsi alanlar. Tədqiqatda 120 xəstə iştirak edib və 2 dəfə mikoloji müayinə aparılıb: müalicənin 10-cu günündə və 3 ay sonra. Həm antifungal, həm də pəhriz tətbiq edilən xəstələrdə daha qənaətbəxş nəticələr əldə edilib.

Kandida əleyhinə pəhrizdə aşağıdakılar çıxarılmalıdır:

Rafinə şəkər, banan, xurma, manqo, üzüm, qlütein tərkibli qidalar, rafinə yağlar (kanola yağı, günəbaxan yağı, marqarin), ketçup, mayonez, süd, pendir, qaymaq, nişastalı tərəvəzlər, çay, kofe, enerji içkiləri, pivə, alkoqol.

Kandida əleyhinə pəhrizdə istifadə olunmalı qidalar:

Qlütensiz unlar, nişastasız tərəvəzlər (kələm, brokoli, kahı, kərəviz, xiyar, soğan, sarımsaq, ispanaq, pomidor, kabak), rafinə olunmamış yağlar (kokos yağı, avokado yağı, kətan toxumu yağı, zeytun yağı), toyuq, yumurta, balıq, kefir, çərəzlər və toxumlar, darçın, sarıkök, zəncəfil, istiot, bitki çayları, hindiba qəhvəsi.
Back to top button