Azərbaycanda piylənmənin diaqnostika, müalicəsi və profilaktikası üzrə klinik protokol təsdiq edilib

Azərbaycanda piylənmənin diaqnostikası, müalicəsi və profilaktikasına vahid klinik yanaşmanı müəyyən edən yeni sənəd hazırlanıb və təsdiq edilib. Klinik protokol 18 yaşdan yuxarı piylənmə ilə yaşayan şəxslərin müalicəsinə yönəlib və onun hazırlanmasında Nutrisiologiya, Diyetologiya və Piylənmənin Profilaktikası Akademiyasının (ANDOP) mütəxəssisləri iştirak ediblər.
Azərbaycanda “Piylənmənin diaqnostikası, müalicəsi və profilaktikası üzrə klinik protokol” təsdiq edilib. Sənəd böyüklərdə piylənmənin idarə olunmasına kompleks yanaşmanı əhatə edir və xəstəliyin diaqnostikası, müalicəsi və profilaktikası üzrə müasir yanaşmaları özündə birləşdirir.
Protokola əsasən, piylənmə yalnız artıq bədən çəkisi problemi kimi deyil, genetik, metabolik, davranış və ətraf mühit amillərinin mürəkkəb qarşılıqlı təsiri nəticəsində yaranan xroniki xəstəlik kimi qiymətləndirilir. Sənəddə həmçinin piylənmənin 2-ci tip şəkərli diabet, arterial hipertenziya, dislipidemiya, ürək-damar xəstəlikləri və digər xroniki xəstəliklərin inkişaf riskini artırdığı qeyd olunur.
Protokolu yükləyinKompleks yanaşma əsas götürülür
Klinik protokol xəstənin vəziyyətinin mərhələli və hərtərəfli qiymətləndirilməsini nəzərdə tutur. Diaqnostika zamanı yalnız boy və bədən çəkisi deyil, həmçinin bədən kütlə indeksi (BKİ), bel dairəsi, yanaşı xəstəliklər və metabolik risklər də nəzərə alınır.
Piylənməsi olan pasientlərdə karbohidrat mübadiləsinin qiymətləndirilməsi və zəruri biokimyəvi müayinələrin aparılması da tövsiyə olunur.
Müalicəyə isə kompleks və fərdi yanaşma prinsipi tətbiq edilir. Pasientin vəziyyətindən və tibbi göstərişlərdən asılı olaraq davranış terapiyası, medikamentoz terapiya və bariatrik cərrahiyyə müalicə strategiyasının tərkib hissəsi ola bilər.
Beləliklə, piylənmənin müalicəsi yalnız bədən çəkisinin azaldılması ilə məhdudlaşmır. Pasientin qidalanması və həyat tərzinin dəyişdirilməsi, fiziki aktivliyin artırılması, psixoloji və davranış yanaşmaları, zəruri hallarda dərman müalicəsi və cərrahi müdaxilə kompleks müalicə strategiyasının müxtəlif istiqamətlərini təşkil edir.
Protokolun hazırlanmasında ANDOP mütəxəssisləri iştirak edib
Sənəddə qeyd olunur ki, klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi və Nutrisiologiya, Diyetologiya və Piylənmənin Profilaktikası Akademiyası (ANDOP) tərəfindən hazırlanıb.
Protokolun tərtibçiləri sırasında ANDOP-un mütəxəssisləri — Emil Hidayətli, Gülsüm Hüseynova, Nərmin Novruzova, İradə Abdullayeva və Züleyxa Bədəlova yer alırlar. Sənədin hazırlanmasında həmçinin cərrahiyyə sahəsinin mütəxəssisləri və piylənmə üzrə beynəlxalq ekspertlər iştirak ediblər. EASO-nun prezidenti Volkan Demirhan Yumuk və Bariatrik-Metabolik Cərrahlar Assosiasiyasının sədri Tariel Ömərov protokolun hazırlanmasında mühüm rol oynadılar.
Protokol hazırlanarkən EASO, ESPEN və digər beynəlxalq peşəkar təşkilatların müasir elmi və klinik mənbələrindən istifadə olunub.
Yeni klinik protokol nə üçün əhəmiyyətlidir?
Vahid klinik protokolun hazırlanması piylənmənin erkən aşkarlanmasından və risk faktorlarının qiymətləndirilməsindən tutmuş, müalicə metodlarının fərdi şəkildə seçilməsinə və pasientin uzunmüddətli müşahidəsinə qədər sistemli yanaşma üçün əsas yaradır.
Bu yanaşmada məqsəd yalnız bədən çəkisini azaltmaq deyil. Protokol piylənmə ilə əlaqəli sağlamlıq risklərinin azaldılmasını, yanaşı xəstəliklərin idarə olunmasını və müalicənin uzunmüddətli nəticələrinin yaxşılaşdırılmasını nəzərdə tutur.
Sənəddə, xüsusilə, piylənmə ilə yanaşı 2-ci tip şəkərli diabet, hipertenziya, dislipidemiya və obstruktiv yuxu apnoesi olan pasientlərin kompleks müalicəsinə diqqət yetirilir.
Yeni klinik protokol Azərbaycanda böyüklərdə piylənmənin idarə olunması üçün elmi əsaslara söykənən vahid yanaşmanın formalaşdırılmasına xidmət edir.