Həzm sisteminin müxtəlif genezli xəstəliklərinin artması ilə əlaqədar olaraq (iltihab, infeksion, autoimmun, şiş mənşəli) bağırsağın selikli qişasının daha yüksək informativliyə malik zədədlənmə və iltihab biomarkerlərinin axtarışı davam edir. Böyüklərdə və uşaqlarda müxtəlif patologiyaların laborator diaqnostikası məqsədilə nəcis müayinəsinin aparılması biomaterialın qeyri invaziv alınması və imkanları baxımından daha əlverişlidir.
Müəllif: PhD. Dr. Gülüstan Babayeva, Tibb üzrə fəlsəfə doktoru
Xərçəngönü vəziyyətlər və kolorektal xərçəng — (II hissə)
Kalprotektin, transferrin və hemoqlobinin kimi zülalların nəcisdə miqdarının təyin edilməsi həm erkən (o cümlədən, nozologiyaya qədər) və xəstəliklərin differensial diaqnostikasına, həm də müxtəlif bağırsaq patologiyası olan xəstələrdə (iltihab, autoimmun və şiş genezli) effektiv monitorinqin həyata keçirilməsinə şərait yaradır.Bu müayinələrin digər nəzərəçarpan xüsusiyyəti Kron xəstəliyi, nekrozlaşan enterokolit, nekrozlaşan xoralı kolit, hemokolitə şübhəli xəstələrin müayinəsi və müalicənin effektivliyinin monitorinqidir.
Əsas problemlərdən biri xərçəngönü vəziyyətlərin və bağırsaq xərçənginin erkən mərhələdə aşkarlanmasıdır. Kolorektal xərçənglə xəstələnmə tezliyi ən çox 50 yaşdan sonra rast gəlinir. Çənbər bağırsağın xərçəngi kişilərdə qadınlara nisbətən 1,5-2 dəfə az, düz bağırsaq xərçəngi isə əksinə 1,5 dəfə çox rast gəlinir. Rentgen və endoskopik müayinələrin təkmilləşməsinə baxmayaraq, hal-hazırda ölkəmizdə kolorektal xərçəngin erkən aşkarlanmasını hələ də kifayət qədər mükəmməlləşdirmək mümkün olmayıb. Hal-hazırda kolorektal xərçəngin yaranma və letallıq tezliyinin artması, çətin və bahalı müalicə, qeyri qənaətbəxş erkən və gecikmiş ağırlaşmalar, bu xəstəliyin vaxtında diaqnostika olunma strategiyasında dəyişikliklərin aparılmasını tələb edir. iFOBT metodunun əhalinin kolorektal xərçəngə skrininq proqramında istifadəsi mümkündür.
MBT-nın patologiyalarında yüksək informativli biomarkerlər kimi aşağıda qeyd olunanlar istifadə olunur əsas biomarkerlər:
- Kalprotektin
- Transferrin
- Hemoqlobin
Preanalitik (laboratoriyaya qədər) mərhələ doğru analizin alınmasında xüsusi yer tutur. Bağırsaq xəstəliklərinin diaqnostikası üçün nəcis istifadə olunur. Kalprotektin müayinəsi məqsədilə nəcis birdəfəlik sıx qapaqlı plastik konteynerə yığılır. Metodun yüksək spesifikliyi üçün xüsusi pəhriz, dərman preparatlarının qəbulunun dayandırılması tələb olunmur və istifadə olunan konteyner biomaterialın laboratoriyaya çatdırılmasına qədər saxlanma dövrünü uzadır və keyfiyyətin dəyişməməsinə şərait yaradır. Müayinəyə hazırlıq tələb olunmur. Nəcisin “gizli qana” görə müayinəsi zamanı olan məhdudiyyətlər iFOBT texnologiyası ilə tədqiqat zamanı öz əhəmiyyətini itirir. Analizator transferrin (Tf) və hemoqlobin (Hb) miqdarını təyin edir. Bu testlər məşhur “gizli qana” görə müayinədən kifayət qədər üstünlüklərə malikdir:
- Həssaslıq və spesifikliyə görə çox üstündür
- Zədələnmənin dərinliyi və dərəcəsini müəyyən etməyə imkan verir
- Transferrinin təyin olunmasına görə bağırsaq xəstəliklərinin (o cümlədən, erkən mərhələdə) diaqnostikası yaxşılaşır və kəmiyyət qiymətləndirilir
- Hər hansı preparatın qəbulu nəticəyə təsir etmir
- Metodun yüksək spesifikliyi ilə əlaqədar olaraq yalançı müsbət və yalançı mənfi nəticələr müşahidə olunmur.
Müayinənin spektrini həkim yanaşı patologiya və risk faktorlarını nəzərə alaraq qoyulmuş məqsəddən (skrininq, diaqnostika, monitorinq) asılı olaraq təyin edir. Bununla yanaşı diaqnostik etapda xəstənin kompleks müayinəsi böyük əhəmiyyətə malikdir, belə ki, diaqnozun təyin olunma tezliyi daha effektiv müalicə (cərrahi və ya konservativ) taktikasının seçilməsinə imkan verir.
Uşaq və böyüklərin sağlamlığının diaqnostika və monitorinqi zamanı məqsəddən asılı olaraq daha əhəmiyyətli testlər-iltihab və mədə-bağırsaq traktı selikli qişa zədələnmə markerləri seçilir. Məsələn, helikobakterioz (xüsusilə bağırsaq forması) zamanı əksər hallarda nəcisdə H.pylori antigeni və fekal kalprotektin (iltihab markeri), selikli qişanın tamlığını qiymətləndirmək üçün isə transferrin və hemoqlobinin miqdarını təyin edirlər.Transferrin və hemoqlobinin yüksəlməsi ilə müşahidə olunan bağırsağı infeksion zədələnməsi (xüsusilə hemokolit) olan pasientlərdə müalicənin nəzarəti üçün bu və ya digər göstəricinin təyini kifayətdir. Bununla yanaşı, bağırsağın yuxarı və ya aşağı şöbələrindən qanaxmalara şübhə olduqda və ya kolorektal xərçəng skrininqi zamanı hər iki parametrin (analitin miqdarı vacib əhəmiyyətə malikdir) təyini aparılmalıdır.
Kalprotektin- aktiv faza zülalı olub, həmçinin, MRP 8/14 və ya S 100 A8/ A9 adlanır. Kalprotektin – sitozolun əsas zülalı olub, Ca və Zn-lə birləşir və molekulyar kütləsi 36 kDa-dur. O, dəri epitelisindən başqa yastı epiteli, monosit və polimorfnüvəli neytrofillər tərəfindən sintez olunur. Ca-la birləşdikdən sonra leykositar və mikrob fermentlərinə qarşı davamlı olur. Məhdud miqdarda sink uğrunda müxtəlif fermentlərlə rəqabət apararaq kalprotektin bir çox sink asılı fermentləri inhibisiya edərək müxtəlif mikroorqanizmləri və ya insan hüceyrələrini məhv etmək qabiliyyətinə malikdir.
Hal-hazırda kalprotektindən MBT iltihabi xəstəlikləri zamanı neytrofil iltihabın biomarkeri və bağırsaqda prosesin intensivliyinin göstəricisi kimi istifadə olunur. Kalprotektinin uşaqlar və böyüklərdə təyini zamanı müşahidə olunan dəyişiklik bağırsaq iltihabi xəstəliklərinin klinik aktivliyi ilə sıx əlaqədardır. Müəyyən olunmuşdur ki, kalprotektinin konsentrasiyası yoğun və qalça bağırsağın müştərək və mədə-bağırsaq traktının total zədələnməsi zamanı daha yüksək göstəricilərə qalxır.
Müxtəlif növ xəstəliklər (bakterial infeksiyalar, revmatoid artrit və xərçəng) bioloji substratlarda kalprotektinin artmasına səbəb olur. Test nazik və yoğun bağırsaq xəstəliklərinin kompleks diaqnostikası, monitorinq, həmçinin, xoralı kolit və ya Kron xəstəliyi zamanı müalicənin effektivliyini müəyyənləşdirmək üçün istifadə olunur.
Kalprotektin bağırsağın selikli qişasının zədələnməsi və bağırsaq traktında iltihab zamanı, o cümlədən bağırsaq selikli qişasının tamlığının pozulması ilə gedən helmintozlar (kalprotektinin səviyyəsi ilə invaziyanın intensivliyi arasında korrelyasiya mövcuddur) zamanı çox miqdarda ifraz olunur. O, mədə- bağırsaq traktında iltihab və leykositlərin markeridir və lap az miqdar (1qr-dan az) nəcisdə aşkar oluna bilər. Bağırsağın iltihabi xəstəlikləri göstəricinin anidən çox yüksəlməsinə (kalprotektinin sağlam insanla müqayisədə səviyyəsi 5-dən bir neçə min dəfəyə qədər arta bilər) səbəb ola bilər ki, bu da bağırsağın iltihabının göstəricisidir. Göstəricinin normallaşması selikli qişanın bərpa olunmasına dəlalət edir.
Klinik əhəmiyyəti: Müxtəlif patologiyalar bağırsaq divarı selikli qişasının keçiriciliyinin artmasından, iltihab və xoraların əmələ gəlməsi nəticəsində bağırsaq divarı zədələnə bilər. Bağırsaqda yerləşən müxtəlif mikroorqanizmlər xüsusi toksiki maddələr ifraz edirlər ki, bunlar da leykositlər, xüsusilə neytrofillərin iltihab ocağına xemotaksisinə səbəb olur və nəticədə tərkibinin, kalprotektin daxil olmaqla ifrazı baş verir. Kalprotektin neytrofil sitoplazmasında ümumi zülalların 60%-ni təşkil edir və nəcis nümunəsində otaq temperaturunda 7 sutkaya qədər qala bilər. Qarın boşluğunun üzvi və funksional xəstəliyi olan pasientlərdə oxşar simptomlar ola bilər, bu səbəbdən onlarda bahalı, invaziv müayinələr (endoskopiya, kolonoskopiya) aparılır. Alternativ yol isə sadə, daha ucuz və qeyri- invaziv müayinə olan fekal kalprotektin testidir ki, əlavə müayinədən (kolonoskopiya) uzaqlaşdıra bilər.
Xoralı kolit və Kron xəstələrində (uşaqlar və böyüklərdə) kalprotektin testi yüksək klinik əhəmiyyətə malikdir. Qeyd olunan patologiyanın erkən diaqnostikası üçün böyük əhəmiyyətə malikdir, eyni zamanda xəstəliyin gedişinin intensivliyini, müalicəyə reaksiyanı təyin edir, kəskinləşməni proqnozlaşdıra, remissiyanı isə sübut edə bilir. Fekal kalprotektinin yüksəlməsi (zəif iltihabı təsdiqləyir) klinik residiv ehtimalını göstərir, hətta bu test CRZ-ın normal göstəriciləri fonunda da arta bilər. İltihabın intensivliyi xəstəliyin ağırlığı ilə əlaqəlidir. Kalprotektinin normallaşması selikli qişanın bərpasını göstərir.
Kalprotektinin təyini üçün göstərişlər:
- Bağırsaq iltihabını qıcıqlanmış bağırsaq sindromundan differensiasiya etmək üçün
- İltihabın aktivliyini müəyyən etmək üçün monitorinqlər (Kron xəstəliyi, xoralı kolit və ya bağırsaq polipləri götürüldükdən sonra)
- Yenitörəmələr zamanı əlavə diaqnostik test kimi (transferrin və hemoqlobin kəmiyyət testindən sonra II yerdə dayanır)
- İltihabi bağırsaq xəstəliklərində erkən residivin meyarı kimi
- Bakterial və funksional dispepsiyanın differensiasiyası zamanı
- pylori infeksiyası müalicəsinə qədər və terapiyanın monitorinqi məqsədilə (xüsusi hallarda həm böyüklər, həm uşaqlarda kəskin artma müşahidə oluna bilər!!)
- Yenidoğulmuş və uşaqların diareyası zamanı
- Yenidoğulmuşlarda nekrozlaşan enterokolitə şübhə olduqda və gedişatının monitorinqi zamanı
- Helmintozlara şübhə zamanı (xüsusilə, təkrar yoluxma və ya effektiv müalicə olmadıqda)
- Helmintozlu xəstələrdə, xüsusilə göbələk, eşerixioz (0157), dizenteriya, virus mənşəli bağırsaq infeksiyaları ilə müştərək gedişat zamanı müalicənin effektliyini qiymətləndirmək məqsədilə