Körpələr ilk yaşlarda necə qidalanmalıdır?

Sual: Körpələr ilk yaşlarda necə qidalanmalıdır?

Cavab: Ana südü körpələrin sağlam böyüməsi və inkişafı üçün ən yaxşı qidadır. Həyatının ilk 6 ayında körpələr ideal böyümə, inkişaf və sağlamlıq üçün yalnız ana südü ilə qidalanmalı, 6 aydan sonra doğru şəkildə təhlükəsiz əlavə qidalar almalıdırlar. Bununla yanaşı, 2 yaşadək və ya minimum 1 yaşadək ana südü ilə qidalanma davam etməlidir.

Əlavə qidalar nutriyentlərlə zəngin olmalı və lazımi miqdarda verilməlidir. Körpə 6 aylıq olduqda əlavə qidalar az miqdardan başlayaraq pəhrizə daxil edilməli və uşaq böyüdükcə miqdarı tədricən artırılmalıdır. Azyaşlı uşaqlar qırmızı ət, quş əti, balıq və ya yumurta daxil olmaqla, mümkün qədər tez-tez çeşidli qidalar qəbul etməlidirlər. 6 ayından sonra körpələr qidaları püre, xırdalanmış və yarı qatı halda yeyə bilər.

8 ayından sonra isə əksər körpələr qidaları əlləri ilə yeyə bilir. 12 aydan sonra uşaqların çoxu ailənin digər üzvlərinin yediyi qidanı yeyə bilir. Yeməyin konsistensiyası uşağın yaşına uyğun olmalıdır. Əlavə qidalar körpəyə 6-8 aylığında gündə 2-3 dəfə verilməli, 9-11 aylığında isə gündə 3-4 dəfəyə qədər artırılmalıdır. 12-23 aylığında körpələr gündə 3-4 dəfə yemək yeməlidirlər. Uşağın iştahasından asılı olaraq, yeməklər arasında gündə 1-2 dəfə yüngül, nutriyentlərlə zəngin qidalar verilə bilər.

Çeşidli qidalanmanı doğru miqdarda və doğru aralıqlarla təmin etməklə yanaşı, körpənin qidalanmasına məsuliyyətli yanaşmaq vacibdir. Bu o deməkdir ki, körpəni ona baxan şəxs özü yedizdirməli, böyük uşağın isə yeməyini özünün yeməsinə kömək etməlidir. Yemək uşaqlara yavaş-yavaş və təmkinlə verilməlidir. Uşaqları yemək yeməyə həvəsləndirmək lazımdır. Lakin onları buna məcbur etmək olmaz. Uşaqlar yeməkdən imtina edərlərsə, qidaları fərqli kombinasiyalarda sınayın. Qidalanma saatı körpə üçün öyrənmə və sevgi zamanıdır. Körpəni yedizdirən şəxs həmin ərəfədə onunla danışmalı və göz təması qurmalıdır.

Bu tövsiyələr 2003-cü ildə ÜST və UNİCEF tərəfindən ortaq hazırlanmış «Südəmər və erkən yaş dövründə körpələrin qidalanmasına dair qlobal strategiya» çərçivəsindədir.

Bu strategiya qidalanma metodlarını, həmçinin südəmər və erkən yaş dövründə uşaqların qidalanma vəziyyətini, inkişafını, sağlamlığını yaxşılaşdırmaq yönündə qaydalar işləyib hazırlayan və tədbirlər həyata keçirən ölkələr üçün bir lider xarakteri daşıyır. O, körpənin həyatının ilk aylarında və illərində qidalanmanın həlledici rolunu və ideal sağlamlıq üçün doğru qidalanma metodlarının vacibliyini sübut edən faktiki məlumatlara əsaslanır.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *