Səhiyyə Nazirliyi nəzdində İctimai Səhiyyə və İslahatlar Mərkəzi və EASO-OMFT (Obesity Management Task Force) təşkilatının piylənmə ilə mübarizə üzrə işçi qrupunun dəstəyi ilə Nutrisiologiya, Dietologiya və Piylənmənin Profilaktikası Akademiyası (ANDOP) tərəfindən təşkil edilən “Piylənmənin idarəsində Müasir Tendensiyalar” adlı beynəlxalq Elmi Konfransın spikerləridən biri də professor Abd Tehrani olmuşdur.
Abd Tehrani, Birminhem Universitetində (UOB) Milli Tibbi Araşdırmalar İnstitutunun doktoru, həm də Heart of England NHS Foundation Trust təşkilatının rəhbəri və fəxri məsləhətçi-endokrinoloqudur. O, konfrans iştirakçılarına piylənmənin bir xəstəlik olması haqqında məruzə etdi. Məşhur alimin konfransla bağlı təəssüratlarını öyrəndik.
– “Piylənmənin idarəsində nüasir tendensiyalar” adlı beynəlxalq elmi konfrans çərçivəsində qoyulan məqsədlərə çatmaq mümkün oldumu?
– Tədbir olduqca dolğun keçdi. Konfrans iştirakçıları çox düzgün suallar verirdilər ki, bu da, onların problemlə bağlı kifayət qədər məlumatlı olduqlarını sübut edir. Ümid edirəm ki, spikerlərin çıxışları problemin bu və ya digər aspektinə yeni baxışların yaranması üçün təkan verdi. Konfransda piylənmə ilə bağlı bir çox nüanslar əhatə edilmişdi. Məsələn, sağlam həyat tərzi haqqında bilgilər, cərrahiyyə, farmakoterapiya və s. məqamlarına toxunuldu. Eyni zamanda praktiki məsələlər də müzakirə edildi, məsələn, piylənmədən əziyyət çəkən pasiyentlərin müalicəsi üçün ixtisaslaşmış klinikaların işinin təşkili və s.
– Bildiyimizə görə, bu cür mərkəzlərin idarəsində təcrübəniz var.
– Bəli, Birminhemdə (Böyük Britaniya) mən EASO meyarlarına əsaslanan mərkəzi idarə edirəm. Belə mərkəzlər piylənməsi olan xəstələrin müalicəsi üçün bütün xidmətlər spektrini əhatə edir. Təcrübə göstərir ki, bu cür klinikaların fəaliyyəti çox effektivdir.
– Sizcə, Azərbaycan kimi bir ölkədə belə mərkəzlərin neçəsi fəaliyyət göstərməlidir?
– Hər şey əhali arasında piylənmənin yayılmasından asılıdır. Eşitdiyimə görə, Azərbaycanda hər beş nəfərdən biri artıq çəkidən və piylənmədən əziyyət çəkir. Prinsipcə, bu göstəricilər dünya üzrə piylənmə probleminin tendensiyasını əks etdirir. Məsələn, Birminhemin 1 milyon əhalisi var və onlara xidmət üçün cəmi bir mərkəzin fəaliyyəti kifayətdir. Zənnimcə, Bakıda iki belə mərkəz olmalıdır.
– Bakıya birinci dəfədir gəlirsiniz. Xahiş edirik, təəssüratlarınıza bölüşün.
– Çox gözəl şəhərdir. Müasir memarlıq qədim tikililərlə gözəl uyğunlaşır. Hava limanında endiyim məqamdan bakılıların nə qədər mehriban, qonaqpərvər olduğunu gördüm. Bir də Bakıya gələsi olsam, mütləq ailəmi də gətirəcəyəm.