25(OH)D3 çatışmazlığının mədəaltı vəzin endokrin hüceyrələrinin funksiyası da daxil olmaqla, bir çox hüceyrələrin metabolik funksiyalarını pozduğu artıq məlumdur. Son illərdə əhali arasında müxtəlif etnik və yaş qrupları üzrə D3 vitamini çatışmazlığının yayılmasının qiymətləndirilməsi üçün tədqiqatlar aparılmışdır. Yenilənmiş təlimatlara görə, qan serumunda D3 vitamininin optimal səviyyəsi minimum 70 nmol / L hesab olunur.
Relationships of low serum vitamin D3 with anthropometry and markers of metabolic syndrome and diabetes in overweight and obesity. (Həddindən artıq çəki və piylənmədə serum D3 səviyyəsinin aşağı olması ilə antropometrik göstəricilər, metabolik sindrom markerləri və şəkərli diabet arasındakı əlaqə.)
McGill A., Stewart J., Lithander F., Strick C. and Poppitt S.
Nutrition Journal 2008, 7:4
Eyni zamanda, D3 çatışmazlığı ilə piylənmə arasında əlaqə olduğuna dair məlumat var. Belə ki, BKİ ilə korrelyasiya olduğu kimi, bel çevrəsi ilə də əlaqə var. Bel çevrəsi IDF tərəfindən metabolik sindromun ən vacib diaqnostik meyarı olaraq qəbul edilir və qarın ətrafı piylənməni təsdiqləyən göstəricidir. Yeni Zelandiyada aparılan bu araşdırmanın məqsədlərindən biri də D3 vitamini səviyyəsi ilə piylənmənin növləri arasındakı əlaqəni qiymətləndirmək idi.
Layihə iştirakçıları BKİ 28-dən 50-yə qədər olan 250 ambulator xəstə idi. Bu xəstələrin hamısı çəki vermək ilə bağlı növbəti tədqiqatlarda iştirak etmək üçün seçilmişdi və müayinə zamanı piylənmə müalicəsi üçün dərman qəbul etməmişdilər. Bu xəstələr arasında subetnik qruplar (qafqazoid, asiyalılar, Yeni Zelandiya və Sakit okean adalarının yerli əhalisi) müəyyən edildi. Antropometrik ölçülərə bel çevrəsi daxil edilmişdi, həmçinin çoxtezlikli bioelektrik impedansla orqanizmin yağ faizi müəyyən edilmişdi.
Tədqiqata qatılan artıq çəki və piylənməsi olan xəstələrin 40%-də metabolik sindrom, 5%-də 2-ci tip diabet var idi. 25 (OH) D3 vitamininin, qlükozanın, lipidlərin və qlükozlaşmış hemoqlobinin təyini üçün səhərlər acqarına bütün xəstələrdən qan alınıb.
Antropometrik parametrlər, laboratoriya göstəriciləri, demoqrafik məlumatlar və D3 vitamini səviyyəsi arasındakı əlaqələr çoxsaylı xətti reqressiya metodu ilə araşdırılıb.
D3 səviyyəsi ilə bədən çəkisi (p = 0.0009), D3 səviyyəsi və BKİ (p = 0.005), D3 vitamini səviyyəsi və bel çevrəsi (p = 0.03) arasında əks korrelyativ əlaqə müəyyən edildi. Orqanizmdəki yağ faizi ilə böyük bir əlaqə müəyyən edilmədi. Serum D vitamini səviyyələri bel çevrəsi istisna olmaqla, cinsiyyət, yaş və metabolik sindrom komponentləri ilə əlaqəli deyildi.
Çoxsaylı reqressiv analizlər göstərir ki, BKİ-nin 1 vahid artması ilə D3 vitamininin serum konsentrasiyası 0,74 nmol / L, bel çevrəsinin 1 sm artması ilə serumdakı D3 səviyyəsi 0,29 nmol / L azalır.
Beləliklə, BKİ-nə görə müəyyən edilən piylənmə səviyyəsi və bel çevrəsinin D3 vitamini çatışmazlığı ilə əlaqəli parametrlər olduğu təsbit edildi.