Piylənmə və COVİD – 19. Iki pandemiyanın toqquşması.

Dünya Piylənmə Federasiyası koronavirusu və piylənməni — iki pandemiyanın toqquşması adlandırır. Piylənmə residivləşən xroniki iltihabi xəstəlikdir. Piy toxuması yerləşməsinə görə dərialtı və visseral növlərə bölünür. Visseral piy toxuması daxili orqanların ətrafında yerləşir və onun özünəməxsus xüsusiyyətləri vardır. Abdominal piylənmə metabolik sindromun inkşafına səbəb olur. Piy toxuması endokrin orqan kimi fəaliyyət göstərir.

Müəllif: Gülsüm Hüseynova, Həkim-pediatr, Uşaq piylənməsi üzrə mütəxəssis, ANDOP mütəxəssisi

Burada çoxlu sayda hormonlar və mediatorlar sintez olunur. Visseral piy toxumasında M2 makrofaqların sayı artıq olur. Və onlar da öz növbəsində iltihab mediatorlarının sintezinə səbəb olurlar.Müxtəlif araşdırmalarda piylənmə koronavirus infeksiyasının gedişatını çətinləşdirdiyi sübut olundu.

Yuxarıda qeyd olunduğu kimi piylənmə özü iltihabi prosesdir, və orqanizmdə koronovirusla toqquşması sitokin fırtınasına səbəb olur, sağlamlığa ciddi təhlükə yaradır.

Korona – sözü hüceyrə səthində görünən sünbül zülallarının tacına işarə edir. Sünbül və ya S zülalları giriş əldə etmək üçün hüceyrələrdəki ACE2 reseptorlarına bağlanırlar. Və bu şəkildə hüceyrəyə daxil olurlar. Virus hüceyrəyə daxil olduqda öz RNT-sini sərbəst buraxır, yüzlərlə viral hissəcik yaradır. Bunlar qan axını ilə digər toxumalara yayılırlar.

Bu zaman ağciyər çatışmazlığı, ürək çatışmazlığı, miokard infaktı, böyrək çatışmazlığı və digər orqan çatışmazlığı, trombotik komplikasiyalar inkşaf edir. ACE2 reseptorun hüceyrə xarici N — ucluğu və hüceyrə daxili C — ucluğu vardır. N peptidaza ucluğu ACE2 və SARS-CoV –in birləşmə yeridir. Əgər immun sistem zəifdirsə, virus bu yolla hüceyrə daxilinə keçir.

ACE2 reseptorunun artıqlığı daha çox infeksiyanın orqanlara daxil olmasına səbəb olur. Və virus daxil olan zaman ehtimal var ki bu reseptoru zədələyir, funksiyasını itirir. Normada ACE2(angiotenzinçevirici ferment 2) angiotenzin 2ni angiotenzin (1-7) çevirir. Digər tərəfdən ACE2 ağciyər toxumasında iltihabı azaldır, qoruyucu funksiyanı yerinə yetirir. Lakin virusla birləşməsi onun funksiyasının pozulmasına , ağciyər zədələnməsinin qarşısını ala bilməməsinə səbəb olur.

Koronavirus yalnız ağciyərləri zədələmir. Bəzən ağciyərlərə toxunmadan və ya yanaşı olaraq digər zəif orqanı da zədələyir.

Ürəkdə, böyrəkdə, bağırsaqda və digər toxumalarda da bu reseptorlar var. Bu onunla özünü göstərir ki, bəzən tənəffus sisteminə təsir etmədən də yoluxma olur, digər toxumalar zədələnir.
Həzm sisteminin zədələnməsi dispeptik əlamətlərlə — ürəkbulanma, qusma, daireya ilə özünü göstərir. Bu zaman xəstə insanların nəcisi vasitəsilə də virus xaric olur.
ACE2 reseptorları kişi reproduktiv orqanlarda da var. Və buna görə də virusun kisilər üçün digər bir fəsadı testosteron sintezinin pozulmasıdır.

Piylənməsi olan insanlarda xəstəliyin ağırlaşma səbəbləri piy toxumasının endokrin funksiyaları ilə əlaqəlidir.

BKİ-sinin 30dan yüksək olması korona virus infeksiyasının gedişatını kəskinləşdirir. Araşdırmalar göstərir ki, normal çəkili insanlar arasında yoluxanlar — 85% hallarda yüngül keçirir, 15% hospitala yerləşdirilir.

Lakin BKİ-si 30-dan yüksək olanların —

  • Xəstəxanaya yerləşdirmə risqi — 113% artır.
  • Reanimasiya şöbəsinə yerləşdirmə risqi — 74% artır.
  • Invaziv mexaniki ventilyasiya risqi — 66% artır.
  • Ölüm risqi — 48% artıqdır.

Artıq çəkili insanlarda ACE2 reseptor geninin aktivliyi artır. Piy toxuması ACE2 reseptoru sintez edir, nəticədə piylənməsi olan insanlarda bu reseptorların sayı artıq olur. Bu reseptor virusun sahibin orqanizminə girməsi üçün transportdur. Piy toxuması virus rezervuarı funksiyasını həyata keçirir.

Piylənmə zamanı iltihab mediatorlarının səviyyəsi qanda yüksək olur – alfa-TNF, İL-6, İL-8. Nəticədə covidin 3cü mərhələsində iltihab əlamətləri daha da kəskinləşir.

Abdominal piylənmə zamanı inkşaf edən metabolik sindromda epikardial piy toxumasının artması müşahidə olunur. Bu toxuma visseral yağ toxumaları arasında ən yüksək lipogenez və yağ turşusu metabolizmasına malikdir. Onun səviyyəsi yüksək olan kovidli xəstələrdə ürək zədələnməsi daha çox müşahidə olunur. Araşdırmalara görə bu insanlarda ürək zədələnməsi – 7-13% təşkil edir. Epikardial piy virusun ürəyə daxil olması üçün risq faktorudur. Bu xəstələrdə ürək zədələnməsinin əsas səbəbləri — artmış epikardial piy toxumasının yüksək səviyyədə ACE2 reseptorları sintez etməsidir.

Digər tərəfdən piylənməsi olanlarda epikardial piy toxumasında yüksək konsentrasiyada İL-6, alfa-TNF ekspressiya olunur. ACE2 reseptorlarının və piy toxumasında sintez olan iltihab mediatorlarının artıq miqdarda olması karonavirus infeksiyası zamanı ürəyin zədələnmə risqini artırır. Bu zaman birbaşa miokard zədələnməsi, hipoksiyanın səbəb olduğu zədələnmə, mikrovaskulyar zədələnmə, sistemli iltihabi reaksiya inkşaf edir

Əksər piylənməsi olan insanlarda Obstruktiv yuxu apnoesi müşahidə olunur. Apnoe yuxuda periodik tekrarlanan, hissevi ve ya tam tənəffüs yolu obstruksiyası ilə xarakterizə olan, yuxuda tənəffüs aktının 10 saniyədən çox dayanması və hipoksiya ilə nəticələnən bir sindromdur.Əgər bir saatda 5dən çox apnoe varsa, qanda oksigen 3% dan çox aşağı düşür. Bu zaman inkşaf edən hipoventilyasiya orqanizmdə oksigen aclığına səbəb olur. Ağciyərlərdə funksional qalıq hava həcmi aşağı olur. Apnoe pnevmoniya ilə inkşaf edən korona virus infeksiyasının gedişatının ağırlaşmasına, tənəffüs çatışmazlığına səbəb olur.

Piylənməsi olanlarda ağciyər lipofibroblastları yüksək olur. Nəticədə ağciyər fibroz risqi bu insanlarda yüksəkdir.

Leptin hormonu piy toxumasında sintez olunur. Piy toxuması artdıqda qanda leptinin səviyyəsi artır. Piylənmədə leptin rezistentliyi ilə əlaqəli ikincili leptin çatışmazlığı inkşaf edir.Son zamanlar aparılan araşdırmada leptin hormonunun immun sistemə təsir göstərdiyi sübut olunmuşdur. Leptin çatışmazlığı timusun həcminin kiçilməsinə, monosit və toxuma makrofaqlarının proliferasiyasının azalmasına səbəb olur. Abdominal piylənmə zamanı adiponektin səviyyəsi azalır, nəticədə adiponektin iltihabəlehinə təsir göstərə bilmir.

Nəticədə COVİD-19 infeksiyası piylənməsi olan insanlarda daha ağır nəticələr verir. Buna görə də artıq çəkili insanlar xüsusilə hazırdaki pandemiya dövründə qidalanmalarına, fiziki aktivliklərinə, gigiyenik qaydalara daha çox diqqət etməlidirlər.

Maraqlıdır

Yaşıl çayın faydaları

Yaşıl çay xərçəngin qarşısını ala bilər. Müşahidələr göstərir ki, tez tez yaşıl çay içən qadınlarda 20-30% döş xərçəngi daha az görülür. Həmçinin yumurtalıq xərçəngi və endometrial xərçəngdən qoruya bilər.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *