Piylənməsi olan uşaqlarda cinsi yetişkinliyinin xüsusiyyətləri

Uşaqlıqdan yetişkinlik dövrünə keçid pubertat  dövr  adlandırılır. Cinsi yetişkənlik pubertat dövrün əsas hissəsidir. Pubertat neyroendokrin sistemin fəaliyyəti nəticə­sində formalaşır. Bu prosesdə əsas rolu hipotalamo-hipofizar-qonad, daha az dərəcədə hipotalamo-hipofizar-boyrəküstü vəz sistemi oynayır. Birinci aktivləşəndə — qonadarx, ikinci aktivləşəndə adrenarx formalaşır.

Müəllif: Gülsüm Hüseynova, Həkim-pediatr, Uşaq piylənməsi üzrə mütəxəssis, ANDOP mütəxəssisi

Hipotalamo-hipofizar tənzimlənmə, düz və əks əlaqə prinsipi üzrə hipotalamusun-qonadotropin rilizinq faktorları, hipofizin lüteinləşdirici və follikul-stimuləedici  hormonları və periferik endokrin vəzilərin steroid  hormonları arasındakı əlaqə ilə həyata keçirilir. Cinsi yetişkinlik-orqanizm kritik bədən kütləsinə çatanda leptinin qanda konsentrasiyasının artması nəticəsində baş verir (qızların çəkisi 42-47 kilo olanda menarx formalaşır).

Bu zaman leptin hipotalamusda leptin reseptorları ilə birləşir, hipotalamusa pubertat dövr üçün lazım olan enerjinin, piy ehtiyyatı şəklində yiğıldığı haqqında informasiya verir. Energetik və metabolik balansı requlyasiya edir. Hipotalamo-hipofizar sistem aktivləşir. Nəticədə mərkəzi qonad sisteminin periferik steroidlərin tormozlayıcı təsirinə həssaslığı azalır, aşağı səviyyədə olan steroid hormonlar qonadotropinlərin sintezini tormozlaya bilmir və bunun  üçün prepubertat dövrdən daha çox steroid hormon lazım olur.

Cinsi steroidlərin periferik qonadlar tərəfındən sekresiyası artır, ikincili cinsi inkşaf əlamətləri formalaşır. Pubertat 99,6% hallarda qizlarda 8-13, oğlanlarda 9-14 yaşda baş verir. Fizioloji pubertatda ikincili cinsi əlamətlər Tanner şkalası üzrə inkşaf edir.

Qızlarda öncə telarx (10-11yaşda), 3-6 ay sonra pubarx, daha sonra aksillyar tüklənmə inkşaf edir, 2-3 il sonra menarx formalaşır (12-13yaşda). Qızlarda estrogen və somatotrop hormonların təsiri ilə bədən kütləsi piy toxuması hesabına artır, çanaq genişlənir, pubertata məxsus sürətli boy artımı olur. Qızlarda boy artımı Tannerin ikinci stadiyasında, telarx inkşafı zamanı baş verir (ilə 8-10sm ucalırlar). Oğlanlarda başlanğıc ikincili cinsi inkşaf əlaməti orxidometrlə testikulun həcminin 4,0 ml, uzunluğunun 2,5sm olmasıdır.  Daha sonra Tannerin 3-4-cü stadiyasında pubarx, aksillyar tüklənmə, 5-ci stadiyasında üzdə tüklənmə inkşaf edir.

Oğlanlarda sürətli boy artımı Tannerin 3-4-cü stadiyasında, testikulun həcmi >10,0ml olanda formalaşır (ilə 10-12sm ucalırlar). Sonda oğlanların boyu qızlardan 13-15 sm hündür olur. Buna səbəb oğlanlarda, sürətli boy artımı qızlardan 2 il  gec başlayir, ildə artım daha cox olur, borulu sümüklərdə boy zonası gec bağlanır. Pubertat dövrdə oğlanlarda, qızlardan fərqli olaraq bədən kütləsi əzələ toxuması hesabına artır. Cinsi yetişkinlik tezləşmiş və ya gecikmiş ola bilər.

Tezləşmiş cinsi yetişkinlik – ikincili cinsi inkşaf əlamətlərinin qızlarda 8, oğlanlarda 9 yaşdan tez forlamaşmasıdır.

Həqiqi-mərkəzi-qonadotropindənasılı erkən pubertat hipotalamo-hipofizar sistemin erkən aktivləşməsi, qonadoliberin və ya qonadotrop hormonların sekresiyasının artması ilə əlaqədardır. Kontitusional-idiopatik, serebral şişlər, travma nəticəsində üzə çıxa bilər. Bu zaman ikincili cinsi əlamətlərin inkşaf ardıcıllığı Tannere uyğun, lakin tezləşmiş olur və pubertat tez tamamlanır. Fizioloji cinsi inkşafda menarx, telarx formalaşandan  2-3 il sonra izlənirdisə, tezləşmiş pubertatda 0,5-1 ilə baş verir. Boy artımı tezləşir, borulu sümüklərin artım zonası tez bağlanır.

Nəticədə displastik bədən quruluşu formalaşır – alçaq boy, qısa ətraflar, uzun gövdə, enli çanaq. Sümük yaşı pasport yaşını qabaqlayır. Bu tip qızlarda reproduktiv yaşlarda disfunksional uşaqlıq qanaxmaları, yumurtalıqların polikistozu sindromu, erkən klimaks ola bilər.

Yalançı-periferik-qonadotropindənasılı olmayan tezləşmiş pubertat – steroid hormon sintez edən yumurtalıq və ya böyrəküstü vəz şişlərində, hiperfunksiyasında  müşahidə olunur. Bu növ pubertat, hipotalamo-hipofizar tənzimdən asılı olmadan formalaşır. Əsas xüsusiyyətlər – adrenarx, telarx, pubertata xas sürətli boy artımı olur, lakin pubertat tamamlanmır (qızlarda menarx, oğlanda testikul boyüməsi olmur). Sümük yaşı pasport yaşını qabaqlayır. Erkən pubertatın digər növləri izolə olunmuş erkən arenarx və telarxdır.

Gecikmiş pubertat – ikincili cinsi əlamətlərin qizlarda 13, oğlanlarda 14 yaşa kimi olmamasıdır. Piylənməsi olan qızlar kritik bədən çəkisinə tez çatırlar və pubertat tezləşir. ABŞ NHANES araşdırmasına görə normal çəkili (BKİ-si <85 persentil olan) qızlarda menarx-12,5 yaşda, artıq çəkili (BKİ-si 85-95persentil olan) qızlarda-11,8 yaşda, piylənməsi (BKİ-si >95 persentil) olan qızlarda 11,4 yaşda menarx inkşaf etmişdir. BKI-nin hər 1kq /m2 artması menarx yaşını-0,7 yaş azaldır. Lakin BKİ-nin artması ilə menarx yaşının azalması bu cür qanunauyğunluqla davam etmir. Artıq çəki və aşağı dərəcəli piylənmədə cinsi yetişkinlik tezləşir, morbid piylənmədə əksinə gecikir. Buna əsas səbəbpiy toxumasındakı sitoxrom P450  aromataza fermenti androgenləri estrogenlərə çevirməsidir. Bədən çəkisinin 26%-dan çoxunu təşkil edən piy toxuması artıq miqdarda estrogen sintez edir. Bu az aktiv olan forma estron adlanır. Nəticədə bazal estrogenin miqdarı artır. Əks əlaqə prinsipi üzrə qonadotropinlərin sintezi azalır,pubertat gecikir.

Piylənməsi olan oğlanlarda isə cinsi inkşaf ləngiyir. Piy toxuması artıq miqdarda estrogen mənbəyidir. Estrogen cinsi hormon birləşdirici qlobulinin sintezini aktivləşdirirlər, o da androgenləri özünə birləşdirir. Nəticədə aktiv androgenlərin səviyyəsi azalır. Əksər hallarda bu ləngimə iki il çəkir. Digər səbəb-normada leptin hipotalamusda luteinləşdirici rilizing faktoru aktivləşdirir, o da androgenlərin sintezini stimulyasiya edir. Piylənməsi olan oğlanlarda leptin birləşdirici  qlobulinin  fəaliyyəti zəifləyir, leptinin hematoensefal transportu pozulur, lüteinləşdirici hormon sekresiyası azalır, pubertat ləngiyir.

Piylənməsi olan qızlarda izolə olunmuş erkən telarx formalaşa bilər. Bu patologiya qonadotropindən asılı olmadan, 7-8 yaşa qədər, bir və ya ikitərəfli süd vəzilərinin böyüməsidir. Erkən telarx yumurtalıqlarda sekretor aktivliyin artması və ya süd vəzilərinin estrogenə həssaslığının artması nəticəsində formalaşır. Bu hal cinsi yetişkinliyi göstərmir. Çox vaxt proses geri inkşaf edir, bəzi hallarda pubertata qedər davam edir. Buna əsas səbəb kimi piylənməsı olan qızlarda metabolik pozğunluqlar göstərilir.

Piylənməsi olan usaqlar arasında izolə olunmuş erkən adrenarx daha çox müşahidə olunur. Bu forma  adrenarx prepubertat dövrdə, qızlarda — 8, oğlanlarda — 9 yaşdan tez, hipotalamo-hipofizar tənzimdən asılı olmadan, böyrəküstü vəzdə androgenlərin hipersekresiyası nəticəsində formalaşır. Əsas xüsusiyyətləri – diger ikincili cinsi inksaf əlamətləri olmadan, pubarx və ya aksillyar tüklənmənin əmələ gəlməsi, yağlı dəri, yetişkinlərə xas tər iyinin olmasıdır (tər vəzilərinin apokrin tip sekresiyası nəticəsində).

Erkən adrenarxın formalaşmasına səbəb-hiperinsulinemiya və hiperleptinemiya böyrəküstü vəzdəsitoxrom P450c17 alfanın (17alfa hidroksilaza) disrequlyasiyasına səbəb olur, nəticədə dehidroepiandrosteron(DHEA) və dehidroepiandrosteron – sulfat (DHEA-S) ifrazı artır, andenarx formalaşır. İzolə olunmuş erkən adrenarxı həqiqi və ya yalançı erkən cinsi yetişkinlikdən fərqləndirən əsas xüsusiyyət pubertata xas sürətli boy artımının olmamasıdır. Bu zaman sümük yaşı passport yaşına uyğun olur. İzolə olunmuş adrenarx pubertatın başladığının siqnalı deyil və pubertata səbəb olmur. Dəqiq diaqnoz qoyulduqdan sonra xoş xassəli gedişə malik olduğu üçün müalicəyə ehtiyyac olmur.

Piylənməsi olan uşaqlarda erkən adrenarx həqiqi tezləşmiş cinsi yetişkinliyin ilk əlaməti kimi də formalaşa biler. Bu patalogiya daha çox EKONOM fenotiplə (aşağı çəki ilə doğulub erkən dövrdən artıq çəki yığan) doğulan qızlarda inkşaf edir. Onlarda bətndaxili metabolik pozğunluqların təməli qoyulur. Pubertat sürətli gedişli olur və 0,5-1ilə menarx formalaşır. Bu qızlar sonda displastik bədən quruluşlu olurlar. Hiperinsulinemiya cinsi hormon birləşdirici qlobulinin səviyyəsini azaldır, aktiv forma sayılan sərbəst testosteronun səviyyəsi qalxır. Hiperandrogeniya yumurtalıqların polikistozu sindromuna səbəb olur.

Piylənməsi olan usaqlar artıq çəkiyə, tezleşmiş və ya gecikmiş cinsi əlamətlərə görə daim ətrafın diqqətinə məruz qalırlar. Onların cəmiyyətə adaptasiyaları pozulur. Nəticədə stress, özunə qapanma, qida davranışlarının pozulması  halları müşahidə olunur.

Maraqlıdır

Yaşıl çayın faydaları

Yaşıl çay xərçəngin qarşısını ala bilər. Müşahidələr göstərir ki, tez tez yaşıl çay içən qadınlarda 20-30% döş xərçəngi daha az görülür. Həmçinin yumurtalıq xərçəngi və endometrial xərçəngdən qoruya bilər.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *