Beynəlxalq Diabet Federasiyasının (İDF) 2019-cu il məlumatına görə dünyada 463 mln. şəkərli diabet xəstəsi qeydə alınıb və proqnozlara görə bu rəqəm 2045-ci ilə qədər 700 mln. çatacaq. Şəkərli diabet ölümün əsas səbəblərindən biridir. Diabeti olan xəstələrdə müxtəlif səbəblərdən ölüm riski 2-3 dəfə artıq olur. Təəssüf ki, ŞD-in diaqnozu qoyulanda artıq müxtəlif ağırlaşmalar aşkar olunur. Ona görə, bu patologiyanı erkən aşkarlamaq və müalicəni diabetönü vəziyyətdə yəni prediabetdə başlamaq məqsədəuyğundur.
Müəllif: Dr. Sədaqət Sultanova, ADHTİ-nin Terapiya kafedrasının dosenti, t.ü.f.d. , Azərbaycan Endokrinologiya, Diabetologiya və Terapevtik Təlimat Assosiasiyasının sədr müavini
Prediabet bütün dünyada çox ciddi bir problemdir. Məsələn, ABŞ-da 2018-ci ildə 88 mln.(34,5%) 18 yaş və ondan yuxarı böyüklərdə prediabet mövcuddur. Bu o deməkdir ki, üç şəxsdən birində prediabet var, lakin 10-dan 9-nun onlarda karbohidrat mübadiləsinin pozulması haqda məlumatı yoxdur. Prediabet zamanı qanda qlükozanın səviyyəsi diabet meyarlarına uyğun deyil, lakin normal göstəricilərdən də yüksəkdir. Prediabetin kliniki əhəmiyyəti çox böyükdür, çünki bu mərhələdə karbohidrat mübadiləsini tənzimləmək hələ mümkündür.
Prediabeti şəkərli diabetin və ürək-damar xəstəliklərin yüksək riski kimi qiymətləndirmək lazımdır. Prediabetdə olan makro- və mikrovaskulyar fəsadlar adətən ŞD olanlarda aşkar olunur, amma prediabet mərhələsində onların inkişafı başlayır. Ona görə, prediabeti erkən aşkarlamaq, diaqnostikasını aparmaq və vaxtında qeyrimedikamentoz yaxud medikamentoz müdaxilə etmək zəruridir.
Prediabetin skrininqi müxtəlif sorğu anketləri vasitəsilə aparılır. Bundan başqa prediabetin diaqnostik meyarları da mövcuddur. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Terapiya kafedrası və Azərbaycan Endokrinologiya, Diabetologiya və Terapevtik Təlimat Assosiasiyası birgə prediabetin skrininqi, diaqnostikası, risk amilləri və idarə olunmasına dair elmi-tədqiqat işi aparır. Alınan nəticələrin bir hissəsi bu yaxınlarda standartlar şəklində təqdim olunacaq.
Artıq bədən çəkisi yaxud piylənmə şəkərli diabet və prediabetin risk amili hesab olunur. Piylənmə, prediabet və şəkərli diabet tip 2 əlaqəli pozulmalardır, bir xəstəliyin ayrı-ayrı mərhələsidir, çünki hər bir vəziyyətdə insulinrezistentlik böyük əhəmiyyət kəsb edir.
Tədqiqatımızda prediabeti olan şəxslərdə piylənmə daha çox rast gəlinirdi, əsasən də II dərəcəli piylənmə. Maraqlı odur ki, normal karbohidrat mübadiləsi olanlarda III dərəcəli piylənmənin rastgəlmə tezliyi üstünlük təşkil edirdi. Bu o deməkdir ki, piylənmə digər risk amilləri ilə birlikdə şəkərli diabetin inkişafına təkan verə bilər. Məsələn, genetik meyillilik varsa piylənmə bu risk amilinə təkan verib prediabet və şəkərli diabetin inkişafına səbəb ola bilər.
Prediabet müalicə tələb edən vəziyyətdir. Müalicə üsullarından biri də piylənmə ilə mübarizənin aparılmasıdır. Prediabet mərhələsində müdaxilə ən azından diabet inkişafını dayandıra bilər, yaxşı halda isə normoqlikemiyaya qayıdış baş verə bilər.