Spiker Dilək Yavuz “Piylənmənin idarəsi üzrə müasir tendensiyalar” Beynəlxalq elmi konfransında “Piylənmənin medikamentoz müalicəsi” mövzusunda çıxış etdi. Çox maraqlı məruzədən sonra spikerə bir neçə sual verdik.
Qeyd etmək lazımdır ki, tədbir Nutrisiologiya, Diyetologiya və Piylənmənin Profilaktikası Akademiyası (ANDOP), Səhiyyə Nazirliyi nəzdində İctimai Səhiyyə və İslahatlar Mərkəzi və EASO-OMFT (Obesity Management Task Force) təşkilatının piylənmə ilə mübarizə üzrə işçi qrupunun təşəbbüsü ilə həyata keçirilmişdi.
– Bakıda keçirilmiş Beynəlxalq elmi konfransın işi sizi qane etdimi?
– Konfransın iştirakçılarda yaratdığı marağa çox şadam. Zalda boş yerlərin olmaması və auditoriyanın sona qədər konfransda fəal iştirakı məsələyə ciddi münasibətin göstəricisidir. Piylənmənin artıq kütləvi şəkildə xəstəlik kimi qəbul edilməsi, həkim və pasiyentlərin problem üzərində çalışması faktları çox şeydən xəbər verir.
– Piylənmə ilə mübarizədə əsas olan nədir?
– Piylənmə – mütəxəssis nəzarəti tələb edən xroniki xəstəlikdir. Diabetdə olduğu kimi, belə diaqnozu olan pasiyetnlər xüsusi həyat tərzi ilə yaşamalıdırlar. Azərbaycanda bu istiqamətdə addımların atılması və xəstəliyin müalicəsində sağlam həyat tərzinə, düzgün qidalanmaya böyük önəm verildiyini müşahidə etmək sevindirici haldır. Bu, millətin sağlamlığının qorunması baxımından çox vacib məsələdir.
– Sizin mühazirəniz piylənmənin medikamentoz müalicəsi haqqındadır.
– Bəli, mən müalicədə hansı dərmanlardan, necə və nə müddətə istifadə edilməsi zərurəti haqqında çıxış etdim. Lakin əsas fikir ona yönəldilməlidir ki, piylənmə – həyat tərzinə, qida rasionuna bağlıdır. Xəstəliyə münasibəti dəyişmədən, onu heç bir dərmanla müalicə etmək mümkün deyil. Cərrahi müdaxilələr yalnız məhdud sayda pasiyentə tətbiq edilə bilər. Yəni piylənmə müalicəsinin əsas amilləri – sağlam həyat tərzi, fiziki aktivlik və düzgün qidalanmadır.
Konfransın əsas vəzifəsi – həkimlərə müvafiq təhsilin, düzgün məlumatların verilməsidir. Lakin maariflənmə işi geniş kütləni əhatə etməli, ümummilli səviyyədə həyata keçməli, səhiyyə sahəsində dövlət siyasətinə çevrilməlidir.