2021-ci ildə ANDOP üçün ən önəmli 5 hadisə

2021-ci il başa çatdı və artıq hesabat vaxtıdır. İlk olaraq onu qeyd etməliyik ki, bu il çox önəmli hadisələrlə zəngin oldu. Axı, bu yaxınlarda biz 30 ildir işğal altında olan Qarabağın azad edilməsini — ümumi Böyük Qələbə Gününü qeyd etdik.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və Azərbaycan xalqının dəstəyi ilə Azərbaycan ordusunun qazandığı qələbə hər birimizdə xüsusi qalib ruhu aşıladı!

İndi bizdə elə bir hiss var ki, ANDOP-un hər addımı mütləq uğurla nəticələnəcək! Həm 2021-ci ilin, həm də ANDOP-un 5 illik fəaliyyətinin yekunu olaraq, 5 ən mühüm hadisəni qeyd edirik.

Sevinc Zaman, ANDOP və SSTM-in rəhbəri

ANDOP onlayn imkanları artırır

Pandemiya həyatımıza daxil olduqda ANDOP distant təhsilə keçdi. 2021-ci ildə bu tendensiya daha da gücləndi. Auditoriyamız kəskin şəkildə artdı. Bu yalnız diyetologiya üzrə tədris kurslarının sayəsində olmadı. Yeni təlim layihələri həyata keçirildi. Bunlardan biri də “İnternational Spor Endüstrisi A.Ş.” (Türkiyə) və ANDOP-un əməkdaşlığı əsasında baş tutan “İdman Nutrisiologiyası” adlı beynəlxalq təlimdir.

Azərbaycanda sağlam qidalanmaya olan böyük marağı nəzərə alaraq, ANDOP yerli və xarici mütəxəssislərin iştirakı ilə bir çox vebinarlar keçirmişdir.

Təbii ki, fürsət yaranan kimi biz ANDOP məzunları ilə canlı görüşlərimizi davam etdirdik. Bu, bizim üçün həmişə xüsusi əhval-ruhiyyə və maraqlı insanlarla tanış olmaq imkanıdır.

Dünya Piylənmə Gününə həsr olunmuş beynəlxalq konfrans

ANDOP artıq ənənəvi olan, Dünya Piylənmə Gününə (4 Mart) həsr olunmuş Beynəlxalq Elmi-Praktik Konfransı keçirməkdən qətiyyən imtina etmək fikrində deyildi. Pandemiya ilə bağlı məhdudiyyətlər qüvvədə olsa da, onlayn platformalarda təlimlərin təşkili ilə bağlı təcrübə köməyə çatdı.

Beynəlxalq konfrans martın 4-dən 7-dək Səhiyyə Nazirliyi (İctimai Səhiyyə və İslahatlar Mərkəzi), WOF (World Obesity Federation), Türkiyə Obezite Araşdırma Dərnəyi (TOAD) və EASO-OMFT (Obesity Management Task Force) təşkilatının piylənmə ilə mübarizə üzrə işçi qrupunun dəstəyi ilə həyata keçirilib.

Türkiyə, Böyük Britaniya, Fransa, İtaliya, Azərbaycan və başqa ölkələrdən 25-dən çox məruzəçi auditoriyamız qarşısında çıxış etdi. Onların əksəriyyəti həkimlər və ya qidalanma üzrə mütəxəssislər idi. Yeri gəlmişkən, aşağıdakı linkə daxil olaraq bu konfransdakı məruzəçilərin bütün çıxışları ilə tanış ola bilərsiniz — https://worldobesity.andop.az/.

Şübhəsiz ki, Dünya Piylənmə Gününə həsr olunmuş konfrans Azərbaycanın səhiyyə sahəsində əsas tədbirlərindən biridir.

“Funksional Tibb Məktəbi” layihəsi

Təkcə 2021-ci ilin deyil, həm də ANDOP-un 5 illik fəaliyyət dövrünün ən önəmli hadisələrindən biri “Funksional Tibb Məktəbi” layihəsinin həyata keçirilməsi oldu. Funksional tibb və reabilitasiya bütün dünyada gündəlik tibbi praktikaya çoxdan daxil edilsə də, Azərbaycan üçün tamamilə yeni istiqamətdir. Bu gün Azərbaycanda həkimlər artıq bu metodlar üzrə tam təhsil alırlar.

Bu layihə artıq ANDOP mütəxəssislərindən ibarət beynəlxalq komandanın üzvlərinə çevrilmiş, Türkiyədə funksional tibb sahəsində tanınmış mütəxəssislər — prof. Səlahəddin Qıyan, prof. Sərkan Şənər və dosent Gülşən Meral ilə birlikdə ANDOP tərəfindən həyata keçirilmişdir. Layihə və təlimin modulları haqqında ətraflı məlumatı aşağıdakı linkdən keçid edərək əldə edə bilərsiniz https://funksionaltibb.andop.az/.

Artıq Bakıda həkimlər üçün funksional tibb üzrə təlim simpoziumu keçirilib və bu simpozium çərçivəsində türkiyəli mütəxəssislər Azərbaycana gəliblər. Yeri gəlmişkən, növbəti belə tədbir yanvarın 8-də saat 10:00-dan 16:30-a kimi baş tutacaq. Tədbirə qeydiyyatdan keçmək üçün bu linkə daxil olun: https://publiclesson.andop.az/.

“Funksional Tibb Məktəbi” layihəsi Azərbaycanda funksional tibbin əsasını qoyur.

“Nutrigenetika” çox maraqlı, maarifləndirici layihədir

Bir sıra yeni təhsil proqramlarının arasından «Nutrigenetika»nı önə çıxarmaq qərarına gəldik. Bu, genetik dəyişkənliyi və qida qəbulunu nəzərə alaraq, xəstəliyə genetik meyilliyi araşdıran elm sahəsidir. Növbəti ilin əvvəlində bu layihəni sizə daha ətraflı təqdim edəcəyik.

Bu təhsil proqramı üçün bütün hazırlıq işləri artıq başa çatıb və layihənin başlanması gələn ilin əvvəlinə planlaşdırılır.

ANDOP Tibb Mərkəzinə xoş gəlmisiniz!

Və bizim əsas sürprizimiz! Artıq 5 ildən çoxdur ki, biz bu yolda addımlayırıq desək, mübaliğə olmaz. ANDOP-un nəzdində artıq çəkili xəstələr üçün ixtisaslaşmış reabilitasiya tibb mərkəzi açılır. Yeri gəlmişkən, “ANDOP Health Club” layihəmizin buna təsiri çox olub. Burada mütəxəssislərimiz artıq çəkili iştirakçılara kömək edir və onlara düzgün qidalanma vərdişlərini öyrədirlər!

Heç kimə sirr deyil ki, piylənmə ürək-damar, endokrin, dayaq-hərəkət sistemlərində pozğunluqlarla müşayiət olunur. Artıq çəkidən həm böyüklər, həm də uşaqlar əziyyət çəkir. ANDOP artıq elə bir mərhələyə çatıb ki, belə xəstələrə hərtərəfli qayğı göstərməyə hazırdır.

ANDOP Tibb Mərkəzi funksional tibbin ən yüksək standartlarına əsaslanaraq xəstələrə diaqnoz qoyacaq, müalicə və reabilitasiya edəcək. Burada sağlamlıq problemlərinin tam həllinə yönəlmiş hərtərəfli tibbi xidmət göstəriləcəkdir.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *