Dünyanın digər ölkələri kimi, Azərbaycan da yeni pandemiya ilə — koronavirusla aktiv şəkildə mübarizə aparır. Bu mübarizə bizim alışdığımız həyat tərzini dəyişdi və təbii ki, nəticəsiz ötüşmədi. Bu gərgin vəziyyət bizim güclü stres keçirməyimizə səbəb oldu. Bu streslə mübarizə aparmağın yolları haqqında danışmaq istəyirik.
ANDOP mütəxəssisi, сərrah, diyetoloq, həkim Nərmin Novruzova bu barədə öz tövsiyələrini bizimlə bölüşdü.
Stres nədir?
Stres orqanizmin gərgin vəziyyətə reaksiyasıdır. Bu zaman beyinin göndərdiyi siqnallar nəticəsində hormonlar bütün orqanizmdə dövr edir. İlkin mərhələlərdə ürək döyüntüsünün artması, qan təzyiqinin yüksəlməsi, tənəffüsün tezləşməsi, əzələlərdə gərginlik — stresin ilk simptomlarıdır. Əslində, stres orqanizmin çətin və ya təhlükəli vəziyyətlərə qarşı olan təbii reaksiyasıdır. Reaksiya beyində başlayır.

Bütün xəstəliklərin müalicəsində ilk dərman sevgidir. Amma bu cümlə tibbi müalicə protokollarında heç vaxt qeyd edilmir. Həmçinin tibbi terminlər lüğətində də “stres” adlı bir xəstəliyə rast gəlinmir. Amma əksər xəstəliklərin yaranması məhz streslə bağlıdır.
“Stres” anlayışının müəllifi, kanadalı alim H.Selye hipofiz-böyrəküstü vəzi sistemini orqanizmin hər hansı fövqəladə təsirlərə qarşı adaptasiyasını təmin edən mexanizm adlandırırdı.
Stresin mərhələləri:
- Həyəcan mərhələsi — stresin təsiri altında adrenokortikotrop hormonu və bunun təsirindən kortikosteroidlərin sekresiyası artır. Bu mərhələ iki fazadan ibarətdir.
- Şok fazası — bu fazada stres hormonları orqanizmə təsir edir.
- Antişok fazası – bu fazada tarazlığın bərpasına yönəlmiş əks proseslər gedir.
Bu mərhələnin necə sonlanması stresin orqanizmə etdiyi təsirin gücündən asılıdır.
- Rezistentlik (müqavimət) mərhələsi: qanda artmış kortikosteroidlər zədələyici təsirlərə qarşı orqanizmin müqavimətini artırır. Bu mərhələdə funksiyaların tamamilə bərpası və sağalma mümkündür.
- Üzülmə mərhələsi — orqanizmin ehtiyat imkanları getdikcə tükənir, patogen amillərin təsiri də davam edərsə, rezistentlik itir və orqanizm zəifləyir.
Stres və immun sistem
Bu mövzunun nə qədər geniş olduğu adından da bəllidir. Çalışacağam ki, immun sistemlə stresin əlaqəsini qısaca da olsa, xatırladım.
Bədənimizdə öyrənmə, düşünmə və yaddasaxlama xüsusiyyətinə malik iki sistem var: beyin və immun sistemi. İmmun sistemi genetik mövcud olur, nəsildən-nəslə ötürülən məlumatları bir mikroba, virusa qarşı istifadə edir. Daha sonra sadəcə mikrobun olduğu bölgəyə toplaşaraq savaşır, məhv edənə qədər mübarizə aparır. Bu təcrübəni immun sistemi yadda saxlayır, hər dəfə təhlükəli vəziyyət yarandıqda bu təcrübədən istifadə edərək cavab verir. Bu funksiya beyin və immun sistemindən başqa, heç bir orqanda yoxdur. Beyin kimi, immun sistemimiz də öyrənmə xüsusiyyətinə malikdir. Əslində, immunologiya elminin əsasında özünütanıma dayanır. Heç kimin immun sistemi öz hüceyrələrinə, orqanlarına zərər vermir. İmmun sisteminin əsas məqsədi zərərli mikrob və viruslara qarşı mübarizə aparmaq və özünü qorumaqdır.
İmmun sistemini gücləndirən bir çox faktorlar var. Bunlardan ən önəmlisi oksigendir. Oksigensiz mühitdə zərərli yağlar hüceyrənin içinə girərək, depolanır. Digər faktor yuxu rejiminin pozulmasıdır. Çünki yatarkən serotonin hormonu ifraz olunur. Bu hormon T-limfositlərinin – immunsəlahiyyətli hüceyrələrimizin bir qrupunun daha da yaxşı işləməsinə səbəb olur.
Orqanizm üçün bütün vitamin və mineralların öz əhəmiyyəti var. Vitamin və mineralların normadan az və ya çox olması fəsadlara gətirib çıxarır. Bu vitaminlərdən ən önəmli olanlardan biri D vitaminidir. Əsas onu vurğulamaq istərdim ki, xüsusilə, bu pandemiya ərəfəsində D vitamini qanda normal miqdarda olmalıdır. Buna diqqət etməyimiz cox önəmlidir. Bir çox araşdırmalar virusla mübarizədə D vitamininin rolunu yüksək qiymətləndiriblər. Tədqiqatın nəticəsinə görə, serumda 25(OH)D-nin konsentrasiyasının 50ng/ml-dən yüksək olması virus xəstəliklərinə yoluxma riskini 27% azaldır. (1)
Stres və immun sistemi
Stres zamanı ifraz olunan hormonlar və beyində siqnal əlaqəsi yaradan bütün maddələr immun sisteminə təsir edir. İmmun sistemi stres vəziyyətindən xəbərdar olur. Ona görə normal vəziyyətdə öhdəsindən gəlməyəcəyimiz bir hadisə ilə stresli ikən qarşılaşdıqda daha dözümlü oluruq. İnsan özü belə, bu vəziyyətə təəccüblənə bilər. Təəssüf ki, bu vəziyyət davam etdikdə, yəni stres faktoru uzunmüddətli olduqda immun sistemi zəifləyir. Həmin vaxt hər hansı bir xəstəliyi keçirtmək üçün əlverişli şərait yaranır. Xüsusilə də, bakteriya və virus mənşəli.
İndi siz düşünün: daim həyəcan, stres vəziyyətində olan bir insanın immun sistemi, həzm sistemi, düşünmə qabiliyyəti hansı vəziyyətdə olar?!
Bunu da xatırladım ki, beyində triptofanın serotoninə çevrilməsi üçün D vitamini çox önəmlidir.
Orqanizm hər şeyin tarazlıq halında olmasını istəyir. Həyəcan bizim üçün önəmlidir, amma qədərində. Suyun da artığı cana zərərdir.
Streslə necə mübarizə aparmaq olar?
Hər bir insanın stres faktoruna verdiyi cavab müxtəlif olduğu kimi, onunla mübarizə üsulları da müxtəlifdir.

- Yuxu rejiminin bərpası. Saat 23:00-dan gec olmayaraq yatmaq.
- Balanslı qidalanmaq. Bu ərəfədə yanlış pəhriz proqramlarının istifadəsi immun sisteminin zəifləməsinə səbəb ola bilər. Ona görə çalışın mütəxəssis tövsiyələrinə əməl edərək, qida vərdişlərinizi doğru yönə istiqamətləndirəsiniz.
- Mütaliə edin. Maraqlı bir kitab, həqiqətən də, bir xəzinədir. Əsl xəzinə də dünyagörüşünün doğru düşüncələrlə qidalandığı zaman əldə edilir.
- Namaz, yoqa, meditasiya — insan ruhunun qidalanması üçün çox önəmlidir. Yaradana dua etmək, daima şükür içində olmaq isə ruhun əsas qidasıdır.
- Doğmalarınızla vaxt keçirin. Bəlkə də, bu karantin rejimi bizlərə sevdiklərimizlə birgə vaxt keçirməyin nə qədər önəmli olduğunu bir daha xatırlatdı.
- Mənəvi sağlamlıqla bərabər, fiziki sağlamlıq da çox önəmlidir. Bunun üçün gigiyenik qaydalara əməl etməyi də unutmamalıyıq.
- Daima nikbin düşünmək lazımdır, bunu vərdiş halına gətirin. Beyninizdə heç bir mənfi düşüncəyə yer verməyin.
Bu virus insanlara çox şeyi öyrətdi: ən önəmlisi, Allahın nə qədər böyük olduğunu və sağlamlığın əvəzedilməz bir xəzinə olduğunu. Əziz oxucu, sonda sənə bir tövsiyəm var. Bu dünyada səndən başqa, ikinci SƏN yoxdur. Ona görə də GÜLÜMSƏMƏYİ ƏSLA UNUTMA!