Uşaqlarınız qəlyanaltı etmək istədikdə onlara mütləq tam taxıllı məhsullar verin. Tam taxıllı məhsullar nəinki faydalı və doyumludur, həm də dadlıdır!
Tam taxıl bütün qida maddələrini özündə ehtiva edir. İşlənmiş taxıllardan fərqli olaraq, tam taxılda bütün faydalı maddələr olduğu kimi qalır. Belə ki, tam taxıllı məhsuların istehsalında taxılın 3 hissəsindən də istifadə olunur.
Uşaq piylənməsi üzrə mütəxəssis, pediatr, həkim Gülsüm Hüseynova bildirdi ki, tam taxılda kəpək (xarici qabığı), rüşeym və endosperm (unlu nüvə) olur.
– Orqanizmdə maddələr mübadiləsini tənzimləməkdə kəpək çox faydalıdır. Lif yağ yandırmır, artıq çəkinin azalmasına təsir etmir, amma bunun əsl səbəbinə – metabolizm pozğunluğuna müsbət təsir edir. Kəpək bağırsaq mikrobiyotasının yaxşılaşmasına, bədənin, dərinin və saçın sağlamlığını qorumağa kömək edir. Tam taxıllı məhsulların sağlam pəhrizə daxil edilməsi diabet, ürək və bəzi xərçəng xəstəliklərinə tutulma riskinin azalmasına kömək edir. Taxıldakı lif uşağınızın özünü gümrah hiss etməsinə kömək edəcək və beləliklə, sağlam qəlyanaltı edəcək” – deyə, mütəxəssis bildirdi.
Tam taxıl uşağınızın sağlam qidalanması üçün lazım olan lif, zülal və karbohidrat mənbələrindən biridir. Tam taxıllar müxtəlif ölçüdə, formada, rəngdə və ən əsası, fərqli dadda olur. Həmçinin vitamin və minerallarla zəngindir. Uşaqlar enerjinin çoxunu tam taxıllı məhsullardan almalıdır.Amma tam taxıllı məhsullar alarkən diqqətli olmaq lazımdır. Bu zaman məhsulun rəngini əsas götürmək olmaz. Çünki şərbət və başqa əlavələr qatdıqda da məhsul qəhvəyi rəng alır.
Qısacası, tam taxıllı məhsullar – sizin bütün ailə üzvlərinizin balanslı, çeşidli qida rasionunun ayrılmaz bir hissəsidir. Həm də çox ləzzətlidir.